Ailəsi məsələ ilə əlaqədar təcridxananın rəhbərliyinə müraciət edib, lakin nəticəsiz qalıb
Həbsdə olan hüquq müdafiəçisi Bəşir Süleymanlının saxlanma şəraitindən narazı olduğu bildirilir.
Ailəsinin məlumatına görə, Bəşir Süleymanlı Bakı İstintaq Təcridxanasında dördnəfərlik kamerada saxlanılır.
Bugünlərdə isə həmin kameraya daha bir nəfər də gətirilib.
“Bununla kamerada saxlanılanların sayı beş nəfər olub. Bu isə orada saxlanan şəxslərin yatması, sıxlıq və digər məsələlər ilə bağlı problemlər yaradıb”, – ailəsindən bildirilib.
Ailəsi məsələ ilə əlaqədar təcridxananın rəhbərliyinə müraciət edib, lakin nəticəsiz qalıb.
Təcridxana rəhbərliyi və Penitensiar Xidmətdən şikayətə münasibət bildirilməyib.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı 2025-ci il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Binəqədi rayon Məhkəməsinin qərarı ilə istintaq müddətində onlar haqqında 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış və sonra bağlanmış cinayət işi yenidən qüvvəyə minib.
Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
QHT-lərlə bağlı cinayət işi üzrə 50-yə yaxın şəxsin istintaqa cəlb olunduğu bildirilir. Onlardan bir neçəsi həbs olunub, polis nəzarətinə və axtarışa verilib.
Bəşir Süleymanlı 2014-cü ilin mayında Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə ) və 213.1-ci (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ) maddələri ilə ittiham olunaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
2015-ci ilin martında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən azadlığa buraxılmışdı.