2026-cı ilin yanvarın 1-dən hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinə tətbiq olunan vergi güzəştlərinin uzadılmaması ölkənin avtomobil bazarına kəskin təsir edib. Cari ilin ilk 7 ayında hibrid və elektromobillərin idxalı iki dəfəyə yaxın azalıb. Bir tərəfdən minik avtomobilləri bazarında ümumi daralma müşahidə edilirsə, digər tərəfdən xaricdən yeni alınan avtobusların dəyəri kəskin bahalaşıb.
Hibrid və elektrik mühərrikli avtomobillərin idxalında “çöküş”
2019-cu ildən etibarən “yaşıl” enerjiyə keçid məqsədilə hökumət bir sıra təşviqyönümlü güzəştlər tətbiq etməyə başlamışdı. 2022-2024-cü illərdə tətbiq edilən güzəştlərə görə, elektromobillər, eləcə də istehsal tarixi 3 ildən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad olunmuşdu. Habelə 2024-cü ildə elektromobillərin ölkəyə gətirilməsi zamanı onlar gömrük rüsumundan da azad edilmişdi.
Lakin bu güzəştlərin müddəti 2026-cı il yanvarın 1-dən uzadılmadı. Güzəştlərin son ilində – 2025-ci ildə sahibkarlar fürsətdən istifadə edərək bazardakı tələbatdan daha yüksək sayda bu kateqoriyadan olan avtomobillər idxal etdilər. Nəticədə 2025-ci ildə rekord idxalla bazar xeyli “doydu” və 2026-cı ildə güzəştlərin ləğvi bazarda dərhal kəskin azalma tendensiyası yaratdı.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, cari ilin yanvar-iyul aylarında ölkəyə 36,2 min ədədə yaxın bütün növ minik avtomobili gətirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,7 faiz azalma deməkdir. Dəyər ifadəsində isə idxal həcmi 1 milyard 60,46 milyon dollardan 660,2 milyon dollara düşüb.
Xüsusilə, azalma daha çox ekoloji avtomobillərdə müşahidə olunur. Əgər ənənəvi yanacaqla işləyən minik avtomobillərinin idxalında azalma cəmi 14,3 faiz təşkil edibsə, hibrid və elektromobillərdə bu eniş 58 faizə yaxınlaşıb.
Müqayisə üçün, qeyri-plug-in hibrid avtomobillərinin, yəni elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olmayan, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən avtomobillərin idxalı 63 faiz azalıb. Ötən ilin ilk 7 ayında bu kateqoriya üzrə 10 min 390 ədəd hibrid avtomobil idxal edilmişdisə, cari ilin müvafiq dövründə bu göstərici 3 min 837 ədəd təşkil edib.
Plug-in hibrid, yəni həm elektrik enerjisi, həm də yanacaqla işləyən avtomobillərin idxalında isə 55,6 faiz azalma qeydə alınıb. Bu növ hibrid avtomobillərin ölkəyə idxalı 19,5 min ədəddən 8,7 min ədədə qədər azalıb.
Ölkəyə idxal olunan elektromobillərin sayı isə 49,5 faiz azalıb. Belə ki, bu ilin ilk 7 ayında 596 ədəd elektrik mühərrikli avtomobil gətirilib.
Bir avtobusun qiyməti 80 faiz bahalaşıb
Minik avtomobilləri bazarında kəskin azalma fonunda ictimai nəqliyyat vasitələrində fərqli tendensiya yaşanır. 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə gətirilən avtobusların sayında 40,3 faiz artım qeydə alınıb. Belə ki, ötən ilin 7 ayında 305 ədəd avtobus ölkəyə gətirilibsə, bu il 428 ədəd avtobus idxal edilib.
Lakin əsas diqqətçəkən məqam dəyərinin kəskin bahalaşmasıdır. 2026-cı ilin 7 ayında idxal olunan avtobuslara 63,71 milyon dollar xərclənib. Beləliklə, ölkəyə gətirilən bir avtobusun orta statistik dəyəri təqribən 150 min dollar təşkil edib. Halbuki 2025-ci ilin müvafiq dövründə bir avtobusun orta idxal dəyəri 82-83 min dollar civarında idi. Bu da gətirilən ictimai nəqliyyat vasitələrinin orta dəyərinin təxminən 80 faiz bahalaşdığını göstərir.