Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu dörd epizod üzrə rüşvət almaqda təqsirli bilib.
İttihama görə, Liluaşvili 2022-ci ilin oktyabrında o dövrdə İqtisadiyyat və Davamlı İnkişaf nazirinin birinci müavini olan Romeo Mikautadze vasitəsilə türk investoru Çağatay Ülkerdən külək elektrik stansiyalarının tikintisi layihəsinin lobbiləşdirilməsi müqabilində 1 milyon dollar alıb.
Digər ittiham epizodu 2022-ci ilin fevralına aiddir. İstintaqın versiyasına görə, Liluaşvili “Express-Service 2008” şirkətinin təsisçisi Giorgi Xajaliyaya qazlaşdırma tenderlərində kömək göstərilməsi müqabilində, yenə Romeo Mikautadze vasitəsilə 1,5 milyon lari alıb.
Keçmiş DTX rəhbəri, həmçinin 2021-2023-cü illərdə saxta “çağrı mərkəzlərini” himayə etməkdə və bu fəaliyyətdən qohumu Sandro Liluaşvilinin köməyi ilə 1 milyon 365 min dollar əldə etməkdə ittiham olunub.
İttihamın daha bir epizodu Tbilisi Şəhər Meriyasının Uşaq Bağçaları və Körpələr Evlərinin İdarə Edilməsi Agentliyinin keçmiş direktoru Kaxa Qvantseladze ilə bağlıdır. İstintaq Liluaşvilinin uşaq bağçalarının satınalmalarından külli miqdarda rüşvət alınmasına himayədarlıq etdiyini iddia edib.
Beş ildən artıq Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik etmiş Qriqol Liluaşvili 23 dekabr 2025-ci ildə həbs olunub. Əgər hökm 23 sentyabra qədər elan edilməsəydi, onun barəsində tətbiq edilən maksimum doqquz aylıq həbs müddəti başa çatacaqdı və məhkəmə həbs qətimkan tədbirinə yenidən baxmalı olacaqdı.
Liluaşvilinin vəkili Lana Tsertsvadze məhkəmənin qərarını ədalətsiz və əsassız adlandırıb və hökmdən qanunla müəyyən edilmiş müddətdə apelyasiya şikayəti veriləcəyini bildirib.
“Ümid edirəm ki, cənab Qriqol Liluaşvili 13 il həbsdə qalmayacaq və apelyasiya məhkəməsi ədalətin simasını qoruyacaq”, – Tsertsvadze jurnalistlərə deyib.
Vəkil apelyasiya instansiyasını yalnız qanuna və iş üzrə sübutlara əsaslanmağa çağırıb. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi bu öhdəliyi yerinə yetirməyib.
“Mən məhkəməyə yalnız bir müraciət edirəm: qanun çərçivəsində hərəkət etsin və yeganə missiyasını – yalnız sübutlara əsaslanaraq qərar qəbul etmək vəzifəsini yerinə yetirsin”, – Tsertsvadze bildirib.
Müdafiə tərəfinin mövqeyinə görə, iş materiallarında Liluaşvilinin təqsirini təsdiqləyən kifayət qədər sübut yoxdur. Vəkil bildirib ki, həm müdafiə tərəfi, həm də Liluaşvilinin özü bəraət hökmü gözləyirdi.
Gürcüstanda son illərdə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyində baş verən tez-tez dəyişikliklər də diqqət çəkib.
DTX rəhbəri Gela Geladze bu vəzifədə beş aydan az çalışdıqdan sonra sosial şəbəkə hesabında paylaşım edərək istefa verdiyini açıqlayıb. Geladze 2025-ci ilin avqustundan etibarən vəzifədən gedən üçüncü DTX rəhbəri olub. Onun yerinə müavini Tamaz Boraşvili təyin edilib.
Geladze bu vəzifəyə 2025-ci ilin sentyabrından 2026-cı ilin aprelinədək DTX-yə rəhbərlik etmiş Mamuka Mdinaradzenin yerinə təyin olunmuşdu. Mdinaradzenin sələfi Anri Oxanaşvili də 2025-ci ilin avqustunda, vəzifədə beş aydan bir qədər az işlədikdən sonra istefa vermişdi.
Keçmiş baş nazir İrakli Qaribaşvili və DTX-nin keçmiş rəhbəri Qriqol Liluaşvili də daxil olmaqla, son dövrdə bir sıra keçmiş yüksək vəzifəli şəxslərə qarşı cinayət işlərinin açılması və onların həbsi Gürcüstanda hakimiyyət daxilində mümkün qarşıdurmalarla bağlı müzakirələri gücləndirib.
Qaribaşvili və Liluaşvili korrupsiya ilə bağlı ittihamlar üzrə məsuliyyətə cəlb olunublar.