Gürcüstan

Mənbə: Foto: arxiv

Başlıq: Gürcüstan

“Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir”

İqtisadçı Azərbaycan hökumətinə təklif verdi

“Azərbaycanda bir nəfərin istirahətə xərclədiyi pulla Gürcüstanda 2 nəfər ürəyi istəyən dincələ bilər. Qısası, Gürcüstana gedən 2 turistin məsrəfi Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir”.

İqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, orta hesabla Azərbaycana gələn hər turist bir həftəyə 798, Gürcüstana gedən turist isə 447 dollar xərcləyir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən il Azərbaycana gələn 3 milyon 170 min nəfər əcnəbi turist kimi qeydiyyata düşüb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların xərcləri 4,3 milyard manat (2,53 milyard dollar) təşkil edib.

Qubad İbadoğlu deyir ki, bu da hər turistə 1357 manat və ya 798 dollar məsrəf deməkdir:

“Bu məbləğ qonşu Gürcüstanla müqayisədə 2 dəfədən də çoxdur. Belə ki, 2018-ci ildə Gürcüstana 7,2 milyon turist gəlib ki, onların da cəmi xərcləri 3,22 milyard dollar təşkil edib. Bu, o deməkdir ki, Gürcüstanda 1 turistin məsrəfi orta hesabla 447 dollar təşkil edib. İki ölkə arasında müqayisədən belə çıxır ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir”.

İqtisadçı deyir ki, bu, bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda, Gürcüstan adı ilə bölgəyə gələn, Azərbaycan üçün potensial turist sayılanlar bahalığa görə Azərbaycanı seçmirlər və elə oradan da geri qayıdırlar:

“Halbuki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını belə cəlb edə bilsə, onda bizim bu sektordan gəlirlərimiz də ən azı 2 dəfə arta bilər. Amma əksinə proseslər gedir. Azərbaycanda xidmətlərin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur”.

İqtisadçı hökumətə təklif edir ki, Gürcüstanı ziyarət edən turistlərin heç olmazsa yarısının Azərbaycana cəlb edilməsi barədə düşünülsün:

“Bunun üçün isə ilk növədə xüsusilə də xidmət sektorunda və ictimai iaşədə qiymətlər əlçatan olmalı və keyfiyyət də yüksəldilməlidir”.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Foto: arxiv

Gürcüstana 2019-cu ilin 11 ayı ərzində 8 milyon 690 min 352 nəfər, təkcə noyabrda isə 670 min 122 nəfər turist səfər edib.

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 milyon 404 min 28 nəfər olub.

İllik müqayisədə qonşu ölkəyə yollanan azərbaycanlı ziyarətçilərin sayı 92 min 121 nəfər və ya 7 faiz artıb.

Bu göstərici ilə Azərbaycan Gürcüstana gedən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 1 milyon 406 min 255 nəfərlə Rusiya, üçüncü yerdə isə 1 milyon 230 min 834 nəfərlə Ermənistandır.

Dövlət Turizm Agentliyinin ən son açıqladığı məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz və ya 264 min nəfər artıb. Say 2.7 milyona çatıb (https://apa.az/az/turizm_az/2019-cu-il-azerbaycanda-gelme-turizmi-uzre-rekord-il-olacaq-559872).

Agentlik bildirir ki, bu, 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.

Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycanı ziyarət edən qonaqların 51.9 faizini təşkil edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mvfsgz

Ən çox baxılan