Gürcülər bizə «göysatan» kimi baxırsa, öz günahımızdır

Elvin Buntürk: «Bığlı-saqqallı kişilər orta məktəblərin qabağında dayanıb, arvad seçirlər…»

Source:


Elvin Buntürk Azərbaycan əsilli Gürcüstan vətəndaşlarının ən fəal nümayəndələrindən biridir.


Dostları, Gürcüstanlı mütərəqqi gənclər onu maarifpərvər, yenilikçi insan kimi tanıyır. Azərbaycan əsilli gürcüstanlıların arasında yetişməkdə olan yeni, yaradıcı, müasir gəncliyin fəallığında, özlərini ifadəsində Elvin Buntürkün müstəsna xidmətləri var. O, gənclərlə ziyalılar arasında görüşlər təşkil edir, kitaba, təhsilə yönləndirir, icmasının qüsurlu tərəflirini tənqid edir və azərbaycan əsilli Gürcüstan vətəndaşlarının özlərini gələcəkdə ləyaqətlə ifadə etməsi üçün bacardığını əsirgəmir. Tiflisdə olduğum günlərdə Elvinlə görüşüb, burdakı icmamız barədə xeyli danışdıq.



– Elvin, mən sizdən burdakı azərbaycan icmasının fəal nümayəndəsi kimi müsahibə alacam. Amma əvvəlcə özünüz, kim olmağınız, hansı işlərlə məşğul olmanız barədə bir qədər danışsanız, daha yaxşı olar.

– Fəaliyyətimi iki yerə ayırmışam. Yaşamağım, planlarımı həyat keçirməyim üçün pul qazanmalıyam. Buna görə də öz biznesim var. Qalan vaxt və resurslarımı isə Gürcüstanda icmamızın gənclərinin maariflənməsinə sərf edirəm. Əsas işlərimdən biri, onlarla söhbətlər aparmaq, mütərəqqi fikirli ziyalılarla görüşdürmək, onların yetişməsində faydalı olacaq kitabları gətirib, oxutmaq, tələbələrə, yenilikçi gənclərə hədiyyə edib, onları yetişdirməyə çalışmaqdır.



– Səhv etmirəmsə, Gürcüstanın 300 minə yaxın azərbaycan əsilli vətəndaşı var. İcmamız vətəndaşı olduğu Gürcüstanın ictimai-siyasi-mədəni həyatında hansı rolu oynayır, özlərini necə ifadə edirlər?

– Bir neçə variant var. Ya  torpaq əkib-becərir, heyvandarlıqla məşğul olurlar. Ya Marneuli, Tiflis və s. bazarlarında alver edir, əsasən göy-göyərti satırlar. Ya da seçkilərdə saxtakarlıcı təşkil edir, irrasional hakimiyyəti dəstəkləyən seçicilər kimi özlərini ifadə edirlər. Gürcüstan həyatının başqa sahələrində bizim icmadan demək olar ki, heç kim yoxdur. Hə, bir də, xəstəxanalarda özümüzü xəstə kimi ifadə edə bilərik. Ölkə əhalisinin təxminən 7 faizinin azərbaycan əsilli olmağına baxmayaraq, bizim əhatə elədiyimiz, özümüzü ifadə edə bildiyimiz sahələr ancaq yuxarıda qeyd etdiklərimdir.



– Elvin, siz əslən azərbaycanlısınız. Gürcüstan vətəndaşısınız. Özünüzü daha çox kim hesab edirsiz: azərbaycanlı, yoxsa gürcüstanlı?

– Mən özümü gürcüstanlı hesab edirəm. Mən Gürcüstan vətəndaşıyam. Bu ölkəni təmsil edirəm. Düşünürəm ki, bu, çox ciddi məsələdir. Biz etnik mənsubiyyətimizi arxa plana atmalıyıq. Vətəndaşı olduğumuz ölkənin həyatı ilə yaşamalıyıq. Bizim icmanın ən böyük çatışmazlıqlarından biri də budur: onlar vətəndaşı olduqları ölkənin yox, Azərbaycanın həyatı ilə yaşayırlar. Gözləri Bakıdadır. Azərbaycandakı hadisələrlə, seçkilərlə daha çox maraqlanırlar, nəinki vətəndaşı olduqları ölkədəki proseslərlə. Biz bir növ Gürcüstanın həyatından təcrid olunmuşuq. Amma bu, təkcə icmamızın günahı deyil. Gürcüstan hökumətinin, məmurlarının da bunda günahı çoxdur. Onlar da bizi özlərindən biri kimi görmürlər. Bizə Gürcüstan vətəndaşı kimi yox, azərbaycanlı kimi baxırlar. İdarələrdə, küçədə, bir sözlə, hər yerdə bunu bizə hiss etdirirlər. Vətəndaşlar, etnik gürcülər tərəfindən də eyni münasibəti görürük. Onlarla da danışanda, hətta biz etnik mənsubiyyətimizi arxa plana atıb, «gürcüstanlıyam» deyəndə, vurğulayırlar ki, «siz Gürcüstan vətəndaşısınız, amma azərbaycanlısınız». Təbii ki, Gürcüstanda etnik diskriminasiyanın qəti əleyhinə olan xeyli sayda ziyalılar, QHT-lər var. Problemlərimizi az-çox onlar müzakirə edir, yazır, tədbirlər keçirir və kömək etməyə çalışırlar.



– Ümumiyyətlə, Gürcüstan hökumətinin etnik azərbaycanlı icması ilə bağlı siyasəti necədir? Razı qaldığınız və narahatlıq doğuran tərəfləri hansılardır? Saakaşvili dövrü ilə yeni dövrdə olan münasibətdə fərqlər varmı? Varsa, hansılardır?

– Gürcüstan hökumətinin etnik azərbaycanlılarla bağlı siyasəti təxminən bu ruhdadır: dəymə mənə, dəyməyim sənə. Ya da belə demək olar: «Mənə dəyməyən ilan min il yaşasın». Hökumət düşünür ki, burdakı etnik azərbaycanlıların heç bir siyasi, iqtisadi tələbləri yoxdursa, burdakı vəziyyət vətəndaşlıq prinsiplərinə cavab verməyəndə belə, onlar öz hallarından mənundularsa, nə işimiz var? Niyə onlarla bağlı nəyisə dəyişək ki? Təəccüblü deyil, hökumət düşünür ki, dəyişiklik tələbini icma özü eləməlidir. Bu durum bizi çox narahat edir, çünki Gürcüstanın ümumi səviyyəsi qalxdıqca bizimkilərlə gürcülər arasında uçurum artacaq, gürcülər Avropaya inteqrasiya edən vətndaşlar olacaqlar, biz isə Bakıya, İrana-turana, allah bilir, hara inteqrasiya eləməyə çalışan Gürcüstan vətəndaşları olaraq, qalacağıq. Saakaşvili dövründə hakimiyyət etnik azərbaycanlılar arasından kriminalı, özbaşınalığı qaldırdı. Xalq onun üçün yaradılmış güvənli ortamdan istifadə edib, bazarda, torpaqda çalışıb, maddi vəziyyətini düzəltdi. Amma əsas problemlər həll edilmədi. Eyni məktəblərdə dərs deyən eyni, homosovetikus müəllislər, direktorlar qaldı. Bu da ona gətirib çıxardı ki, köhnə təfəkkürlü bu adamların ucbatından Saakaşvilinin islahatları bizdən yan keçdi. Bizim üçün onun islahatlarından xeyirlisi təkcə bizim icmaya və erməni icmasına imtiyazlar tanıyaraq, yüzlərlə abituriyentimizin Tiflisdəki universitetlərə qəbul olunmasına şərait yaratmağı oldu. Yeni hökumət isə heç nəyi dəyişmədi, heç nə əlavə eləmədi. Bizim bölgədə, bizim icmada vəziyyət eynidi. Düşünürəm ki, özümüz dəyişməsək, hansı hökumət olur-olsun, heç nəyi dəyişməyəcək. Bunun üçün də bizimkilərin, xüsusilə də gənclərin gürcü dilinə ən yüksək səviyyədə vaqif olması, gürcü dilində səlist danışması, daha sonra ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa başlaması vacibdir. Bunsuz, heç nə dəyişməyəcək.



– Gürcülərin buradakı azərbaycanlıları sadəcə «göysatan», «alverçi», «maldar» kimi tanımaları doğrudurmu? Doğrudursa, bu, kimin günahıdır, azərbaycanlı icmasını yad kimi görən gürcülərin, yoxsa maariflənmək istəməyən, özünü ancaq alverdə ifadə edə bilən icma nümayəndələrinin?

– Gürcülər həmişə azsaylı millət olub. Buna görə də, onlarda güclü özünüqoruma instinkti var. Bir çoxları düşünür ki, onların var olması üçün atılan addımlar hətta başqalarının haqlarını əzsə belə, yaxşıdır. Bu, öz yerində. Amma biz unutmamalıyıq ki, bizim indiki halda səviyyəmiz doğrudan da göysatan, alverçi, maldardan o tərəfə keçmir. Jürnalistikada yoxuq, musiqidə yoxuq, kinoda, teartda, ədəbiyyatda, bir sözlə ictimai-mədəni heç bir yerdə yox dərəcəsindəyik. Belə olanda, gürcülər niyə bizə göysatan kimi baxmasın? Əlbəttə, xırda istisnalar ola bilər. Məsələn, bizim bölgədə əksər məktəb direktorları azərbaycan əsilli vətəndaşlardı. Amma onların nəyə xeyri var? Onların direktorluq elədikləri orta məktəblərdə qızlar yuxarı siniflərə çatmadan bığlı-saqqallı kişilərə ərə verilirlər. Bu direktorlar, müəllimələr bir dəfə buna etiraz etmir, lazımi orqanlar qarşısında məsələ qaldırmırlar. Əksinə, bizim məktəblərdəki müəllimələr qızlara dərs öyrətmək əvəzinə, ərə getməyi təlqin edirlər. Özlərini müəllimə kimi yox, yengə kimi aparırlar. Bir gürcü müəllimə gəlib bizim məktəblərdə gürcü dilindən dərs deyir. On ildən çoxdur, bu məktəbdə işləyir, and içir ki, hələ bir dəfə də olsun, bir azərbaycanlı valideyn gəlib, uşağının təhsili, qiymətləri ilə maraqlanmayıb. Bizim elmə, təhsilə, oxumağa münasibətimizi görən gürcü niyə bizə hörmət etməli, göysatan kimi görməməlidi ki?



– Çıxış yolu nədədir?

– İlkin çıxış yolu, dili öyrənməkdən keçir. Biz vətəndaşı olduğumuz ölkənin dilini öyrənməsək, özü də orta səviyyəli danışıq deyil, mükəmməl səviyyədə öyrənməsək, heç yana çıxmayacaq, haqlarımızı qoruya bilməyəcək, özümüzə qarşı hörmət tələb edə bilməyəcəyik. Əlbəttə, «sən Gürcüstan vətəndaşısan, amma azərbaycanlısan» deyərək, məni dışlayan gürcünü, əslən azərbaycanlı olduğuma görə haqlarımı tapdayan gürcü məmuru mən millətçilikdə, milli ayrı-seçkilikdə ittiham edə, onunla mübahisə edə, haqlarımı tələb edə bilərəm. Amma mən bu mübahisəni, tələbi mükəmməl gürcü dilində etməliyəm. Yoxsa, heç bir xeyri olmayacaq.



–  Yuxarıda məktəbli qızların ərə verilməsindən danışdınız. Doğrudanmı vəziyyət bu yerdədir? Əgər belə hallar varsa, Gürcüstanın aidiyyatı olan orqanları buna necə göz yumurlar? Axı burda qanunla azyaşlını ərə vermək cinayətdir və belə nikahlar qeydə alınmamalıdır.

– Bu, əsl faciədir. Bizim bölgənin faciəsi, dəhşətidir. Neçə orta məktəb var ki, yuxarı siniflərdə bir qız tapmaq olar, ya yox. Valideynləri tez qızı kimə gəldi ərə verirlər. Əlbəttə, müəyyən müddət bu nikah rəsmiləşmir, qızın nikaha yaşı çatanda yanında iki-üç uşaq olur. Gürcü polisi çox vaxt buna göz yumur, çünki həm bizimkilər bunu milli mentalitet kimi qələmə verirlər və polisi bu ənənəyə hörmət etməyə çağırırlar, həm də rüşvətlə işi ört-basdır edirlər. Sonra isə faciələr başlayır. Cinsi həyata, doğmağa hazır olmayan nə qədər qızlar travma alır, xəstəlik tapır, hətta həlak olurlar. Bizim bölgədə işləyən ginekoloqları danışdırsanız, əsl dəhşətlə üz-üzə qalarsınız. Görün vəziyyət nə qədər faciəvidir ki, parlamentəki əslən azərbaycanlı nümayəndələrimiz qızların erkən əərə verilməsini dəstəkləyir. Bizim deputatlar hətta 13 yaşlı qızların elçiliyinə də gedirlər. Deyirlər ki, adətimizdir, tez evlənənlə tez ayrılan peşman olmaz. Ziyalısı belə düşünürsə, sadə adamlardan nə gözləyək? Bizim bölgənin oğlanlarının çoxu gedir Rusiyada bazarlarında alver edir, on il, on beş ildən sonra da otuz yaşlarına çatanda qayıdırlar. Qayıdan kimi də, gedib dururlar orta məktəblərin qabağında, 13-14-15 yaşlı qızlara baxıb, özlərinə arvad seçirlər. Valideynləri də fikirləşir, bu qız onsuz da nə vaxtsa ərə gedəcək, qoy indidən getsin, evdə çörək yeyənin biri azalsın. Həm də əri olsun, xəta-bəlasını bizdən uzaq eləsin. Belə kimə ərə gəldi verilən qızlar da çox vaxt yaşlanandan sonra da,  başlayırlar bazarlarda göy satmağa. Elələri var ki, deyir, ərim də var, böyük oğlum da var, amma tarlanın göyərtisini bazarda satmağa utanırlar. Ər, oğul özünə sığışdırmar, amma arvadlarını, analarını səhərin altısında bazara göyərti satmağa göndərməkdən utanmırlar. Bu da, bizim milli mentalitetin nəticələri.



– Gürcüstanda yaşayan ermənilərlə bizimkilərin münasibətləri necədir. İki xalq arasında başladılmış düşmənçilik burada da hiss olunurmu?

– Ciddi mənada heç bir problem yoxdur. İllərdir, eyni bazarda alver edən, qonşu kəndlərdə yaşayan etnik erməni və azərbaycanlılar kifayət qədər dostluq şəraitində yaşayırdılar. Amma son illərdə bizimkilərdən bəzi adamlar, qurumlar Bakıdan maliyyələşdiyinə görə burda da anti-erməni təbliğatı aparırlar. Bu da təsirsiz ötüşmür. Ayıq-sayıq baxanda sadə xalqlar arasında problem yoxdur, amma erməni və azərbaycanlı QHT adamları səviyyəsində qarşılıqlı rəqabət, etibarsızlıq hökm sürməkdədir.

Ana səhifəMənim FikrimcəGürcülər bizə «göysatan» kimi baxırsa, öz günahımızdır