“Gürcü demokratiyasının qara günü”

Tbilisi, 7 mart aksiyası. Fotolar: Meydan TV

Gürcüstan Parlamenti, cəmiyyətin bütün təbəqələrini əhatələyən genişmiqyaslı etiraza rəğmən, xarici agentlər haqqında qanunu birinci oxunuşda qəbul edib 

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin lehinə 76, əleyhinə 13 deputat səs verib. Qanun layihəsinin müzakirəsi cümə axşamına planlaşdırılmışdı, lakin müzakirəni gözlənilmədən çərşənbə axşamı günün ikinci yarısına çəkdilər.

Səsvermə etirazla müşayiət olundu. Çərşənbə axşamı axşam saatlarında parlamentin binasına su şırnaqları gətirdilər və xüsusi təyinatlılar dinc mitinqi dağıtmağa başladı. DİN aksiyanın zorakı xarakter aldığını elan etdi və xüsusi vasitələrə əl atdı. Zərərçəkənlərin olduğu deyilir.

Hakim partiyanın sədri İrakli Kobaxidze aksiyanın dağıdılmasını şərh edib. O, etirazları “radikal müxalifətin” təşkil etdiyini bildirib, etirazçıları “faşist” adlandırıb və əlavə edib ki, qəbul olunmuş qanun nə Gürcüstanın xarici siyasi kursuna, nə də gələcəyinə heç bir təhlükə törətmir. 

Gürcüstan prezidenti Salome Zurabişvili gecə efirə çıxaraq, qanun layihəsinə veto qoyacağını bəyan edib. Lakin, ehtimal ki, hakim partiya prezident vetosunun öhdəsindən gələcək.

Qanun haqqında nə bilmək lazımdır?

Qanun layihəsinə əsasən, qeyri-kommersiya gəlirlərinin 20 faizindən çoxunu xaricdən alan bütün media və qeyri-hökumət təşkilatları xarici təsir agenti reyestrində qeydiyyatdan keçməlidir. Bu, bir çox qeyri-hökumət təşkilatını, o cümlədən ölkədə Qərbdən qrant alan şəxsləri zərbə altında qoyur. Bura, məsələn, xaricdə təhsil üçün təqaüd alan tələbələr və ya kənd təsərrüfatı texnikasının maliyyələşdirilməsi ilə bağlı müsabiqədə udan fermerlər aiddir. Yəni, əgər qanun qəbul edilərsə, siyasətdən uzaq adamlar belə özlərini xarici agent adlandırmalı olacaqlar.

Qəbul olunmuş qanuna qarşı əsas arqumentlərdən biri odur ki, Gürcüstanda fəaliyyətdə olan qeyri-hökumət təşkilatlarının büdcəsi onsuz da şəffafdır – Maliyyə Nazirliyinin sərəncamında ölkədə qeydiyyatdan keçmiş istənilən qeyri-hökumət təşkilatının gəlirləri və onların mənbələri barədə tam hesabat var. Qanun opponentləri hesab edir ki, onun qəbulu qeyri-hökumət təşkilatlarının stiqmalaşdırılmasına rəvac verəcək, əvvəlcə onlara xarici agent yarlığı yapışdırılacaq, sonra digər təzyiq mexanizmləri tətbiq ediləcək.

“Bu qanunun qəbul edilməsi bizə çox böyük ziyan vuracaq: bir tərəfdən, vətəndaş cəmiyyətinin stiqmalaşdırılmasına gətirib çıxaracaq, digər tərəfdən, xarici donorlarımızın nüfuzuna zərbə vuracaq ki, bu da müxtəlif layihələrin maliyyələşdirilməsinə təsir edəcək. Hər ikisi insan haqları, təhsil, mədəniyyət, səhiyyə, sosial təminat, kiçik sahibkarlıq və digər sahələrə ağır zərbə vuracaq”, – JAMnews İliya adına dövlət universitetinin rektoru Nino Doborcinidzedən sitat gətirib.

Bu qanun Gürcüstanın Aİ üzvlüyünə namizəd kimi baxılması planına ziddir.
Qanunu niyə “rus qanunu” adlandırırlar?

Müəlliflər təsdiqləyirlər ki, onlar qanun layihəsini hazırlayarkən Amerikanın 1938-ci ildə qəbul olunmuş “Xarici agentlər barədə akt”ını əsas götürüblər. Lakin hüquqşünaslar və hüquq müdafiəçiləri bəyan ediblər ki, qanunun Gürcüstan variantında Amerika versiyasının əsas hissəsi – istisnalar barədə hissə daxil edilməyib. Bundan başqa, İkinci dünya müharibəsinin əvvəlində qəbul olunmuş akt, gürcü variantından fərqli olaraq, qeyri-hökumət təşkilatlarının ovuna yönəlməyib. Qanun layihəsinin müəllifləri məhz qeyri-hökumət sektoruna vurğunu gizləmirlər.

2012-ci ildə xarici agent haqqında öz qanununu qəbul edən Rusiya hakimiyyəti həmçinin Amerikaya əsaslanıb. Rusiya qanunu ilk əvvəl siyasi təşkilatları əhatə edib, lakin tətbiq sahəsi getdikcə genişlənib və Ukrayna ilə müharibə başlayanda praktiki olaraq ölkədə istənilən tənqidi fikri tamamilə boğa bilib.

Hakimiyyət tənqidçiləri əmindir ki, məhz Rusiyanın xarici agentlər barədə qanunu gürcü təşəbbüsünün prototipi olub. Bu əminlik bir çox məqamda hakim partiyanın son il ərzində necə davrandığı ilə bağlıdır. Məsələ burasındadır ki, bir il əvvəl Ukraynada tammiqyaslı müharibə başlayandan sonra Gürcüstan hakimiyyətinin Kremlə rəğbəti aşkar oldu. Müharibənin ilk günlərindəcə gürcü hakimiyyətinin Ukraynaya necə təmkinlə həmrəylik nümayiş etdirməsi gürcüləri təəccübləndirdi, bundan sonra peşmançılıqlar və şübhələr seriyası başladı. 

Cəmiyyət ona necə münasibət bəsləyir?

Nəzərdən keçirilmiş qanun layihəsini “Gürcü arzusu”nun hakimliyi dövründə ən qeyri-populyar adlandırmaq olar. Onun tənqidi hansısa mənada cəmiyyəti səfərbər etdi, müxtəlif baxışlı siyasətçiləri, jurnalistləri, idmançıları, yazıçıları və musiqiçiləri birləşdirdi. Qərb dəyərlərinə meyl Gürcüstanda siyasi ənənə sayılır, hakim orqanların vəzifəsi ölkəni Avropa-Atlantik strukturuna inteqrasiya etdirməkdir və bu, konstitusiyada öz əksini tapıb.

Qarşı tərəf hesab edir ki, Gürcüstanda rus təsirinə qarşı qanunun qəbul edilməsi pis olmazdı: “Bu cür qanunun ərazimizin 20 faizini işğal etmiş şimal düşməninə və ya onun ideologiyasına qarşı qəbul edilməsi məqsədəuyğun olardı”, – Tbilisi Dövlət Universitetinin rektor müavini Nino Okribelaşvili deyib.

Qanun layihəsini Gürcüstanın qərb partnyorları – beynəlxalq təşkilatlar, Amerika senatorları və Avropa deputatları da kəskin tənqid atəşinə tutur. ABŞ səfirliyi qanun layihəsinin birinci oxunuşda qəbul olunduğu günü “gürcü demokratoyasının qara günü” adlandırıb. Aİ-nın Gürcüstanda səfiri Pavel Qerçinski həmçinin xarici agentlər barədə qanunun Avropa dəyərlərinə uyğun olmadığını söyləyib.  

Gürcüstanda fəaliyyət göstərən yüzlərlə qeyri-hökumət təşkilatı (Gürcüstandakı tərəfdaşımız JAMnews da daxil olmaqla) qanun qəbul olunduğu təqdirdə xarici agentlər reyestrində qeydiyyatdan keçməkdən imtina edəcəkləri barədə bəyanata qol çəkiblər.

Ana səhifəUncategorized @az“Gürcü demokratiyasının qara günü”