Göyçay sakini: “İş üçün gedirəm, deyirlər, qapını çöldən bağla”

Qadir İsmayılov. Foto: Meydan TV

İşsiz Qadir İsmayılov ac uşaqlarının üzünə baxa bilmədiyini deyir

“Hamıya məlumdur ki, kasıb təbəqəyə heç bir dövlət yardımı yoxdur. Əvvəllər müxtəlif şərtlərlə kasıba verdikləri ünvanlı sosial yardım da çoxdan kəsilib. Hamıya ucdantutma imtina cavabı gəlir. Heç bu imtinaları kasıbçün əsaslandıran da yoxdur. Belə bir vaxtda Göyçayın Məşğulluq Mərkəzi süründürməçiliklə məşğul olur. Uzun müddətdir ki, iş üçün müraciət etmişəm, gah deyirlər, get sabah gəl, gah da deyirlər, bura iş yeri istehsal edən zavod deyil, bir az danışanda da deyirlər, qapını çöldən bağla, get, hara istəyirsən, şikayət elə”.

Qadir İsmayılov Göyçay rayonunun 1-ci Ərəbcəbirli kənd sakinidir. Meydan TV-yə danışır ki, 2020-ci ildə rayonun Məşğulluq Mərkəzinə müraciət edib. Bu müraciəti əsasında “DOST” İş Mərkəzinin xətti ilə Göyçay Mənzil İstismar İdarəsində iki aylıq işlə təmin olunub. Müddət başa çatdıqdan sonra iş üçün təkrar müraciət edib. Həm də xahiş edib ki, iş müqaviləsi uzumüddətli olsun.

“O gün-bu gün, get-gəldəyəm”

Şikayətçinin deməsinə görə, ona bildirilib ki, işlər yalnız iki aylıq müddətədir. Ancaq bir az gözləsə, uzunmüddətli iş yerlərinə vakansiyalar olacaq. Bu zaman özləri ona xəbər edəcəklər:

“Öyrəndim ki, iki aylıq işlər ləğv edilib, işaxtaranlarla uzunmüddətli iş müqaviləsi bağlanır. Ancaq məni axtaran yoxdur. Halbuki, özləri də ailə vəziyyətimi, ehtiyac içində yaşadığımızı bilirdilər. Ərizələr yazmağa başladım. Nəhayət, Göyçay Məşğulluq Mərkəzindən zəng oldu, oraya dəvət edildim. Məşğulluq Mərkəzinin Nizami adlı əməkdaşı şəxsiyyət vəsiqəmin surətini götürüb hansısa qeydlər apardı, sonra da növbəti gün yaxınlaşmağımı tapşırdı”.

Qadir İsmayılov deyir, o gün – bu gün, düşüb qalıb rayonun Məşğulluq Mərkəzinin qapısında. Əvvəllər işçilər tərəfindən gördüyü yumşaq davranış da yoxa çıxıb:

“Əvvəllər heç olmasa yalandan da olsa adama ümid verib yola salırdılar. İndi deyir, qapını çöldən bağla. Get, hara istəyirsən şikayət elə. Nə vaxt getsəm, işçilər oturub, çay içir, kompüterdə, telefonda oyun oynamaqla məşğuldular. Gələn vətəndaşla kobud davranırlar. Heç başlarını qaldırıb adamın üzünə də baxmaq istəmirlər”.

“Özümü aciz hiss edirəm”

Qadir İsmayılov 3 ildir ki, ailə həyatı qurub. İki azyaşlı övladı var. Öz evi olmadığı üçün valideynləriylə birlikdə yaşayır. Qardaşı müharibə  veteranıdır. Onun da evi və işi olmadığına görə ailə qura bilmir, onlarla eyni evdə yaşayır:

“Günəmuzd iş tapanda çörəyimiz olur, onu da indi tapmaq olmur. Ailə böyük, ehtiyaclar tükənməzdir. Uşaqlarımın, valideynlərimin ərzaq, dərman, geyim tələbatlarını ödəyə bilmirəm. Özümü böyük bir ailənin qarşısında aciz hiss edirəm. Hər dəfə uşaqlarımla göz-gözə gələndə utanıram. Kommunal borclar aybaay üst-üstə yığılır. Qaza görə 1000 manat borcumuz var, karta pul yükləyən kimi borca çıxılır deyə, məcburam ki, dağa-daşa düşüb, çır-çırpı toplayım, evi isidim. Nəyi necə edim bilmirəm. Yenə də son ümidimi dövlətə bağlayıram, mənə bir iş versin,  salım başımı aşağı, balalarımı böyüdüm”.

“Hava və su qədər işə ehtiyacım var” deyən Qadir İsmayılovun istədiyi odur ki, rayonun Mənzil İstismar, Sanitar-Təmizlik, Abadlaşdırma və Təmir İdarələri kimi kommunal idarələrdən birində işlə təmin olunsun.
Göyçay rayon Məşğulluq Mərkəzindən Meydan TV-yə bildirilib ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən rayonda insanların işlə təmin olunması, özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb edilməsi yüksək səviyyədə həyata keçirilib. Yüzlərlə işsiz göyçaylı sosial layihələrə cəlb edilib. Məşğulluq Mərkəzi vətəndaşın qurum qarşısında konkret iş yeriylə bağlı tələb qoymasını düzgün hesab etmir:

“Vətəndaş müraciət etsin, müraciəti araşdırılsın, ola bilsin ki, DOST iş Mərkəzinin xəttiylə ictimai işlə təmin olunsun, ola bilsin ki, Öünəməşğulluq Proqramına cəlb edilsin”.

Ana səhifəBölgəGöyçay sakini: “İş üçün gedirəm, deyirlər, qapını çöldən bağla”