Goranboyda sursat anbarında partlayış: 5 min nəfər təxliyə olunub

Goranboyda sursat anbarında yanğın və partlayış – Foto Sosial media videosundan screenshot

Sentyabrın 1-dən 2-nə keçən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğın və partlayış baş verib.

Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirliklərinin birgə məlumatına görə, hadisədən sonra yaxın ərazilərdə yaşayan sakinlər təhlükəsiz yerlərə təxliyə edilib. Rəsmi məlumata əsasən, ölən və xəsarət alan olmayıb.

Goranboy Rayon İcra Hakimiyyəti də yaşayış evlərinə ziyan dəyməsi barədə məlumat olmadığını bildirib. Səhər saatlarında yanğının söndürülməsi davam edib və ərazidən vaxtaşırı partlayış səsləri eşidilib. Qurum bildirib ki, əraziyə yaxın Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar. Ümumilikdə, təxliyə olunanların sayı 5 min nəfər təşkil edir. Nizami kəndinin girişində post quraşdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ açıqlanmayıb. Dövlət qurumlarının indiyədək yaydığı məlumatlarda yanğının səbəbi və hadisə ilə bağlı cinayət işinin başlanıb-başlanmaması barədə məlumat verilməyib.

Azərbaycanda buna bənzər böyük hadisələrdən biri 2017-ci il avqustun 27-də Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında baş verib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında əvvəlcə yanğın başlayıb, ardınca güclü partlayışlar olub. Mərmi və qəlpələr ətraf yaşayış məntəqələrinə səpələnib, sakinlər təxliyə ediliblər.

Həmin hadisədə ölən olmayıb, 6 nəfər qəlpə yarası alıb. Onların xəsarətlərinin yüngül olduğu və sonradan xəstəxanadan buraxıldıqları bildirilib. Partlayış nəticəsində ətrafdakı bəzi evlərə də ziyan dəyib.

2017-ci il partlayışından sonra Giləzi və ətraf ərazilərdə partlamamış sursatların aşkarlanması davam edib. 2019-cu ilin martında mərmi partlaması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb; Meydan TV hadisəni yerində araşdıraraq ölənlərdən birinin 24 yaşlı Abdulla Abdullayev olduğunu və mərminin 2017-ci il partlayışından sonra ətrafa səpələnən sursat qalıqlarının toplandığı ərazidə partladığını yazıb. 

2023-cü il aprelin 15-də Xızının Yaşma kəndində tapdıqları mərmi başlığını götürən üç nəfərdən Xankişi Quliyev və 17 yaşlı Rəşad Əbilov həlak olub, Bəxtiyar Hüseynov isə yaralanıb.

2017-ci ildə rəsmi qurumlar yanğının “naməlum səbəbdən” başladığını açıqlayıblar. Hadisənin səbəbini müəyyənləşdirmək üçün dövlət komissiyası yaradılıb, Respublika Hərbi Prokurorluğunda isə partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması və qulluğa səhlənkar yanaşma maddələri ilə cinayət işi başlanıb.

Lakin hadisədən doqquz il keçməsinə baxmayaraq, açıq mənbələrdə həmin istintaqın necə yekunlaşdığı, partlayışın konkret səbəbinin müəyyən edilib-edilmədiyi və hər hansı şəxsin məsuliyyətə cəlb olunub-olunmadığı barədə rəsmi yekun məlumat yoxdur.

Ana səhifəXəbərlərGoranboyda sursat anbarında partlayış: 5 min nəfər təxliyə olunub