Öldürülənin həmyaşıdı şübhəli şəxs qismində saxlanılıb
Gəncədə məktəbli qətlə yetirilib. Hadisə yanvarın 23-də səhər M.P.Vaqif adına 8 saylı orta məktəbdə baş verib. Qətlə yetirilən də həmin məktəbin 11-ci sinif şagirdi Raul Rəhimovdur.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumata görə, 2007-ci il təvəllüdlü məktəbli elə təhsil müəssisəsinin qarşısında bıçaqlanıb. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Gəncə Şəhər Prokurorluğundan Meydan TV-yə bildirilib ki, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb:
“Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları istintaq-əməliyyat tədbirləri aparır”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Meydan TV-yə bildirib ki, Raul Rəhimovu qətlə yetirməkdə şübhəli bilinən həmyaşıdı artıq saxlanılıb:
“2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir”.