Fuad Əhmədlinin həbs müddəti bitib

Fuad Əhmədli yaradıcılıq baxımından cəzaçəkmə müəssisəsinin o qədər də pis yer olmadığını bildirib

Source: Specify Source


“Məhkumların cəzasının çəkilməmiş hissəsindən azad edilməsi rüşvətlə olur”

AXCP fəalı Fuad Əhmədlinin avqustun 18-də həbs müddəti bitib və o azadlığa çıxıb. Fuad Əhmədli 4 il azadlıqdan məhrum

edilmişdi

.

Meydan TV-yə danışan Fuad Əhmədli hələ azadlıq duyğusunun dadını çıxartdığını deyib:

“Xüsusilə həbsdə olan dostlara bu günün duyğusunu arzulayıram. Söz verirəm ki, mübarizəmiz son siyasi məhbusun azadlığa çıxmasına qədər davam edəcək”.

O, media nümayəndələrinə təşəkkür edib:

“Həbsxana rəhbərliyinin bizə özəl münasibəti medianın fəaliyyəti sayəsində olub”.

Səhhətindən ciddi narahatlığı olmasa da, Fuad Əhmədli ciddi müayinədən keçəcəyini bildirib:

“Dörd ildən çox qapalı şəraitdə olmaq görmə çətinlikləri yaradıb, müəyyən qədər çəkiylə bağlı problemlər var. Zaman-zaman problemləri aradan qaldıracam”

O, həbsdə birbaşa işgəncə hallarına məruz qalmadığını bildirib:

“Ancaq bizimlə yaxın olan məhkumlara qarşı münasibət pis olurdu. Məsələn, məhkumun cəza müddəti azalanda, o, məhkəməyə müraciət edirdi. Aydın məsələdir ki, azadlığa çıxmaq üçün rüşvət rol oynayırdı. Amma bizimlə həmsöhbət olan məhkumların cəza müddəti azalanda və onlar məhkəməyə müraciət edəndə, müəssisə rəisi onları qəbul edib yarızarafat, yarıgerçək deyirdi ki, müxalifətçilərlə bir yerdə oturanda, evə getməyinin zamanı olacağını bilmirdin?! Yəni bizimlə yaxın olan məhkumlar məhrumiyyətlərə məruz qalırdılar. Güman ki, bu qayda yuxarılarda hazırlanır. Çünki Cəzaçəkmə Müəssisəsi cəzaların icrasına cavabdehlik daşıyır”.

Fuad Əhmədli həbsində məqsədin AXCP və sədr Əli Kərimlinin hədəfə alınması olduğunu deyib:

“Mən və Faiq Əmirlini seçdilər, amma nail ola bilmədilər. Biz yaxşı bilirik ki, hansı xalqın və toplumun rifahı uğrunda mübarizə aparırıq. O zaman mənim həbsim digərlərini xilas etdi. Ancaq sonrakı dövrlər repressiya maşınının heç kimdən uzaqda olmadığını göstərdi. Orxan Baxışlı, Saleh Rüstəmli və son həbslər dediklərimi təsdiqləyir”.

Fuad Əhmədli yaradıcılıq baxımından cəzaçəkmə müəssisəsinin o qədər də pis yer olmadığını bildirib:

“Azadlıqda əsasən köşələr yazırdımsa, müəssisədə sırf elmi fəaliyyətlə məşğul olmağa çalışırdım. Səhhətimdəki sıxıntılar bu işi tam etməyə imkan vermədi, bir kitabı dilimizə çevirə bildim: Devid Şvarstın “Böyük düşünmənin sehri” əsəri. Gələcəkdə planlaşdırdığım işi davam etdirəcəm”.

Fuad Əhmədlinin sözlərinə görə, 4 il əvvəl həbs olunanda, itirdiyini düşünürdüsə, indi bunların qazanca çevrildiyini hesab edir:

“Çünki 4 il əvvəl məni bir şirkətdə, 200 nəfərlik kollektiv tanıyırdısa, indi bizi Azərbaycan xalqı tanıyır. Həbsdə olduğumuz müddətdə siyasi məhbus sayı indiki qədər deyildi, indi artıb. Başqa tərəfdən həyatımdan 4 ilin silindiyini düşünürdümsə, sonradan fərqli yanaşdım. Bu illər mənim üçün akademiya, məktəb, örnək oldu. İnsanları tanımaq, yaxşı dostu seçmək, ailəylə vaxt keçirmək, pula, vaxta qənaət etməyi öyrəndim. Ümumilikdə 4 il gənclik dövrümün məhsuldar hissəsi oldu. Əfqan Muxtarlı, Asif Yusifli, Məmməd İbrahimlə bir masanı bölüşmək, Faiq Əmirliylə bir ilə yaxın məhkəmələrdə olmaq xoş təəssürat idi. Buna görə İlham Əliyevə təşəkkür etmək fikrində deyiləm. Mən heç bir şey itirmədim, mübarizəmizdə yeni mərhələ açıldı”.

O, həbsxanada COVİD-19 infeksiyasından qorunmağın mümkünsüz olduğunu deyib:

“Risk çox böyük idi, çünki çarpayılar arasında ara məsafəsi yox idi, havalandırma praktiki olaraq özünü qorumağa kömək etmirdi. Amma yoluxma faktına rast gəlmədim. Biz telekanallarda Penitensiar Xidmətin “bugünə qədər 265 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edildi” bəyanatlarına gülürdük. Çünki qonşu ölkələrdə minlərlə insan azad edilirdi. Bilirsiniz, 65 yaşından yuxarı olanların cəzasının çəkilməmiş hissəsindən azad edilməsi də rüşvətlə olurdu. Minimal qiymət 50-100, maksimal 300-400 manat idi. Prezidentin sərəncamını vətəndaşa pulla satmaq qanunsuzdur. Əgər COVİD-19 infeksiyasıyla mübarizə tədbirləri idisə, deməli, məhkumun lazım olan vəsaiti yoxdursa, o qalırdı”.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Hüquq mühafizə orqanlarının məlumatına görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Bildirilib ki, onun mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib. F.Əhmədli ittihamları qəbul etməyib və saxta adlandırıb.

Ana səhifəSiyasətFuad Əhmədlinin həbs müddəti bitib