Fuad Ağayev: 25 il əvvəl qarşıya qoyulan məqsədlər gerçəkləşmədi

Fuad Ağayev foto Meydan TV
Fuad Ağayev foto Meydan TV


”Konstitusiya Aktının 17-ci maddəsində göstərilən məqsədlərə nə dərəcə nail olunub, göz önündədir”



18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Qanunu qəbul olunub. Bununla da Azərbaycan SSRİ-dən ayrılaraq öz müstəqilliyini elan edib. Həmin tarixin 25 ili tamam olur. Meydan TV 25 il əvvəl Milli Məclisdə Müstəqillik Aktı Konstitusiya sənədini hazırlayanlardan biri, hüquqşünas Fuad Ağayevlə həmin dövrə ekskurs edərək bir sıra suallara cavab almağa çalışdı.


– Fuad bəy, 25 il əvvəl Müstəqillik Aktı Konstitusiya sənədinin qəbulu üçün qanunvericilk baxımından zəmin var idimi?

– 1991-ci il avqustun 30-da Ali Sovet Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etmişdi, lakin həmin sənəd adından da göründüyü kimi, deklorativ səciyyəli idi və hamının icra etməli olduğu məcburi hüquqi normalar nəzərdə tutmurdu. Nəzərə alsaq ki, SSRİ o zaman hələ tam süquta uğramamışdı, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və bundan irəli gələn məsələlərin Konstitusiya Aktında, yəni ən yüksək hüquqi qüvvəyə malik bir aktda əksini tapması dağılmaqda olan İttifaqın daxilində dövlətimizin siyasi və hüquqi mövqeyini xeyli dərəcədə möhkəmlətməli idi.


– Sənədin hazırlanmasında kimlərin xidməti olub sualı həmişə mübahisələrə, hətta qarşılıqlı ittihamlara çevrilib. Bu barədə nə deyə bilərsiniz?

– Mən deməzdim ki, bununla bağlı hansısa ciddi mübahisələr olub. 25 il bundan əvvəl qəbul olunmuş Akt üçün əsas götürülmüş layihələrin müəllifləri, işçi qrupun üzvləri və bu sənədə səs vermiş deputatların əksəriyyəti, Allaha şükür ki, sağ və salamatdırlar. Üstəlik, arxiv materialları, o cümlədən həmin günlərin qəzet və videomaterialları var.

O zaman Ali Sovetə təqdim olunmuş layihənin müəllifi hazırda Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsində olan Şahin Əliyev idi. Şübhə etmirəm ki, həmin layihənin hazırlanmasına o zaman dövlət başçısı olan Ayaz Mütəllibov razılıq vermişdi. Layihənin mətni deputatlara paylandıqdan sonra Etibar Məmmədov onun bir nüsxəsini mənə verdi. Mətnlə tanış olandan sonra bu fikrə gəldim ki, rəsmi sənəd zamanın tələblərinə heç də tam uyğun deyil. Yəni dövlət müstəqilliyinin bərpası nadir bir hadisə idi və Azərbaycan beynəlxalq hüququn yeni bir subyektinə çevrilirdi.

Hökumət layihəsində Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi və SSRİ-nin yaradılması haqqında müqavilənin etibarsız sayılması ilə bağlı maddə idi ki, burada bizim mövqeyimiz üst-üstə düşürdü. Ancaq həmin sənəd lazımi qədər nəzərə almamışdı ki, beynəlxalq hüquqa əsasən müstəqillik əldə edən (yaxud bərpa edən) dövlətlər üçün əsas məsələlər hüquqi varisliklə bağlı idi. Söhbət ondan gedir ki, ərazisi SSRİ-nin tərkibində olmuş Azərbaycanın digər “müttəfiq respublika”lar ilə, yaxud taleyi o vaxt bəlli olmayan “metropoliya” ilə münasibətlərində mülkiyyət, müqavilələr, arxivlər və s. irəli gələn məsələlərin nizamlanması layihədə, ümumiyyətlə, göstərilməmişdi. Başqa çatışmazlıqlar da var idi. Müstəqilliklə bağlı unikal sənədə belə yanaşma həm hüquqi, həm də siyasi baxımdan düzgün deyildi. Ona görə də Etibar Məmmədovla qərarlaşdıq, elə alternativ layihə hazırlayaq ki, müstəqilliyini yenicə bərpa edən Azərbaycan üçün daha əlverişli və beynəlxalq hüquq normalarına uyğun olsun. Layihəmiz əvvəl Ali Sovetə rəsmən təqdim olundu, sonra “Millət” qəzetinin sıfırıncı sayında dərc edildi.

Ancaq oktyabrın 17-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Ali Sovetdə müzakirəyə çıxarılanda məlum oldu ki, bizim layihə nədənsə nəzərə alınmayıb. Həmin vaxt deputat İnqilab Nadirov məsələ qaldırdı ki, alternativ layihə var və o, çox mühüm məsələləri əks etdirir, yaxşı olar ki, hər iki layihədən Aktın yekun mətninin hazırlanmasında istifadə edilsin. Bundan sonra Ali Sovet qərara gəldi ki, İşçi Qrup bu iki layihə əsasında vahid sənəd hazırlayıb sabahısı gün deputatlara təqdim etsin. Həmin axşam işçi qrupunun rəhbəri, deputatlar Hacıbaba Əzimov, Tofiq Qasımov, Şahin Əliyev, Murtuz Ələsgərov, Niyazi Səfərov, mən və indi xatırlamadığım daha bir neçə nəfərin iştirakı ilə müzakirələr apardıq. Nəticədə 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.


– Müstəqillik Aktının qəbulundan sonra o dövrdə hansı qanunvericilik aktlarına, normativlərə ehtiyac vardı ki, sonradan məlum çətinliklər yaranmasın?

– Bu məsələ olduqca vacib idi. Əgər qəbul olunsa idi ki, Azərbaycan ərazisində yalnız dövlətimizin qanunları tətbiq olunacaq, bu, xaosa, görünməmiş özbaşınalıqlara gətirib çıxarardı. Belə ki, həmin dövrdəki qanunvericilik aktlarının əksəriyyəti SSRİ səviyyəsində qəbul edilmişdi, onların hüquqi qüvvəsini itirməsi qısa müddətdə qarşısıalınmaz fəsadlar törədə bilərdi. Lakin Aktın 4-cü maddəsi ilə bu problem aradan qaldırıldı. Çünki SSRİ-nin mülkiyyət, sahibkarlıqla bağlı qanunları əsla Azərbaycanın müstəqilliyinə zidd olan qanunlar deyildi. Həmin müddəada göstərilmişdi ki, Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək SSRİ qanunları Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxlayır; həmin qanunların siyahısını Azərbaycan Respublikasının parlamenti müəyyən edir.



Azərbaycan müstəqilliyə nə qədər, yaxud hansı dərəcədə hazır idi, söhbət siyasi-hüquqi baxımdan gedir?

– İstər siyasi, istər hüquqi baxımdan Azərbaycan müstəqilliyə yetərincə hazır idi, lakin bir sıra əsas etibarilə subyektiv olan səbəblər o zamankı xoş arzuların əksəriyyətinin gerçəkləşməsinə əngəl oldu ki, bu da tamamilə başqa mövzudur.


– Ötən 25 ildə Azərbaycan qanunvericiliyi bir sıra beynəlxalq təşkilatlara üzv olan, öhdəliklər götürən müstəqil dövlətin qanunvericiliyinə cavab verirmi?

– Ümumən götürdükdə, hazırki Azərbaycan qanunvericiliyinin keyfiyyəti ciddi şübhələr doğurur. Bu barədə saatlarla danışmaq olar. Doğrudur, “Normativ hüquqi aktlar haqqında” kifayət qədər mükəmməl Konstitusiya Qanunu var. Həmin qanun layihələrin hazırlanması prosesində məcburi hüquqi, linqvistik, sui-istifadəyə məruz qalma və s. ekspertizaların keçirilməsini nəzərdə tutur. Lakin əfsuslar olsun ki, buna çox vaxt əməl olunmur. Nəticədə son illərin qanunvericilik aktlarının əhəmiyyətli hissəsi nə qanunvericilik texnikasına uyğundur, nə də Azərbaycan dilinə.


– Baş nazirin müavini, hakim partiyanın icraçı katibi Əli Əhmədov ötən həftənin sonu bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycanda müstəqillik o qədər də düzgün olmayan postulat üzərində qurulmuşdu. “Ac olaq, müstəqil olaq!” şüarı üzərində müstəqil dövlət qurulacağı bəyan edilirdi. Necə düşünürsünüz, haqlıdırmı?

– Mən heç vaxt iqtidarda olan siyasi partiyada olmamışam və vəzifə də tutmamışam. Ancaq xatırlamıram ki, nə YAP-çılar, nə də onlardan əvvəl iqtidarda olan siyasi qüvvə “Ac olaq, müstəqil olaq” şüarı üzərində dövlət qurulacağını bəyan etmişdilər. Yəni cənab Əhmədovun dediyi mənbəyi məlum olmayan postulat olduğundan xüsusi şərhə ehtiyac duymuram.


– Fuad bəy, ötən 25 ildə siyasi-hüquqi sahədə müsbət baxımdan nə dəyişib, Azərbaycan müstəqilliyi YAP-çıların dediyi kimi möhkəmlənibmi?

– 25 il dörddə bir əsr, bir insan ömrü üçün kifayət qədər uzun müddətdir. Müstəqilliyini yenicə bərpa etmiş dövlət üçün də kifayət qədər böyük müddətdir. Nəzərə alsaq ki, bu zaman ərzində Azərbaycan dövlətində iqtidarda olan şəxslərin xüsusi qabiliyyətinə görə yox, Azərbaycanın təbii ehtiyatlarının bolluğuna görə yetərincə vəsait ölkəyə daxil olub, bunun müqabilində dövlət müstəqilliyi 25 il əvvəlki dövrlə, 1991-ci ilin 18 oktyabrıyla müqayisədə xeyli dərəcədə möhkəmlənməliydi. Lakin o zaman qarşıya qoyulan məqsədlərin gerçəkləşməsi mümkün olsa da, buna nail olunmadı. Məsələn, Konstitusiya Aktının 17-ci maddəsində göstərilən məqsədlərə nə dərəcə nail olunub, göz önündədir. Bu, artıq hüquqdan çox siyasi məsələdir. Həmin maddədə deyilir: 1. Azərbaycan xalqının birliyini qorumalı, ayrıca şəxsin, ailənin, ictimai birliklərin və digər kollektivlərin mənafeyinə uyğun surətdə qanundan irəli gələn hüquqları və azadlıqları müəyyən edərək və bunlara hörmət göstərilməsini təmin edərək hüquq qaydası yaratmalıdır. 2. Sosial fəallığın bütün növlərinə rəvac verməli və onları əlaqələndirməli, bütün vətəndaşların mənafelərinin qanuna əsasən uzlaşmasını təmin etməli, hər bir şəxsin azad inkişafı üçün bərabər şərait yaratmalıdır. 3. Dövlət və ya ictimai mənzil fondunun evlərində abad yaşayış sahəsi almaqda və ondan daimi istifadə etməkdə, fərdi mənzil tikintisində Azərbaycan Respublikası vətəndaşlarına kömək göstərməlidir. 4. Güzəranı daha ağır olan əhali qruplarının vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsi qayğısına qalmalı, onların insana layiq həyat səviyyəsini, binəsiblərin sosial müdafiəsini təmin etməyə çalışmalıdır. 5. Azərbaycan Respublikası vətəndaşlarının həyatına, sağlamlığına, şəxsi azadlığına və təhlükəsizliyinə edilən qəsdlərdən onların müdafiəsini təmin etməlidir. 6. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumalı, sağlam ekoloji mühitin mühafizəsinə kömək göstərməli, dövlətin əzəli və təbii özəyi olan ailəni, habelə anaları və uşaqları himayə etməlidir. Mənə elə gəlir ki, hər şey aydındır, bundan artıq nəsə demək sözdən başqa bir şey deyil.

Ana səhifəVideoFuad Ağayev: 25 il əvvəl qarşıya qoyulan məqsədlər gerçəkləşmədi