Fəxri adlara görə verilən aylıq təqaüdün məbləği artırılıb

Foto: marja.az

“Xalq” fəxri adı üçün 200 manat, “Əməkdar” fəxri adı üçün 150 manat müəyyən edilib

Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” sərəncama dəyişiklik edib.

Sərəncama əsasən, 2023-cü il yanvarın 1-dən fəxri adlara görə aylıq təqaüdlərin məbləği “Xalq” fəxri adı üçün 200 manat, “Əməkdar” fəxri adı üçün 150 manat müəyyən edilib.

Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 (yüz əlli) manat olub.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Əməkdar jurnalist Aqil Abbas fəxri adlarla görə verilən təqaüdlərin artırılmasını Meydan TV-yə belə şərh edib:

Aqil Abbas
Aqil Abbas, Foto: “Ədalət” qəzeti

“Allaha şükür, sevinirəm ki, ayda 20 manat artıq alacağam. Dövlətin nəyə gücü çatır, o qədər də artırır. Bu, xoş haldır, sevinmək lazımdır”.

“Əməkdar jurnalistlərə əvvəllər 30 manat verirdilər. Sonra qaldırıb, 60 manat etdilər. İndi 150 manata çatdırıblar. Dövlətin gücü 10-15 faizə çatıb, bu qədər də artım edib. Hər il sosial müavinətlər, təqaüdlər və digərləri 10 faiz artırılırdı. Bu il isə rəqəm 15 faizə çatdırılıb”, – deyə o bildirib.

“Xalq” fəxri adı üçün aylıq təqaüd 180, “Əməkdar” fəxri adı üçün isə 120 manat olub.

Azərbaycanda 263 nəfər “Xalq” fəxri adına görə, 4590 nəfər “Əməkdar” fəxri adına görə təqaüd aldığı bildirilir. 

Ana səhifəMədəniyyətFəxri adlara görə verilən aylıq təqaüdün məbləği artırılıb