“Facebook”dakı paylaşımından sonra AXCP üzvü narkotik ittihamıyla həbs olunub

Şahin Hacıyev, Foto: Şahin Hacıyevin şəxsi arxivindən

“Şahin Hacıyevi tanıyan hər kəs onun narkotikdən, ümumiyyətlə, pis vərdişlərdən uzaq biri olduğunu yaxşı bilir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Şahin Hacıyev noyabrın 26-da yaşadığı Gəncə şəhərində polislər tərəfindən saxlanılıb.

Partiyadan Meydan TV-yə verilən məlumatda bildirilir ki, onun saxlanma səbəbi barədə öncə ailə üzvlərinə heç bir məlumat verilməyib. Sonradan məlum olub ki, cəbhəçi fəala qarşı narkotik ittihamı irəli sürülüb.
Lakin partiya Şahin Hacıyevin “Facebook” sosial şəbəkəsində şəxsi hesabında paylaşdığı statuslara görə şərləndiyini bəyan edib:

“Şahin Hacıyevi tanıyan hər kəs onun narkotikdən, ümumiyyətlə, pis vərdişlərdən uzaq biri olduğunu yaxşı bilir. Buna baxmayaraq, siyasi baxışlarına, tənqidi fikirlərinə görə daim təqib və təzyiq altında olub. O, təkcə bu il polis tərəfindən bir neçə dəfə saxlanılıb. İki dəfə şərlənərək, 30 sutka inzibati həbs cəzası verilib. Ondan AXCP əleyhinə bəyanat almağa cəhd göstərilib. Bu dəfə həbsindən iki gün əvvəlki paylaşımına görə artıq daha ağır şəkildə – narkotik ittihamıyla cinayət işi başlayıb, daha uzunmüddətli həbsə göndərmək qərarına gəliblər”.

Şahin Hacıyev şahmat məşqçisidir.

Foto: Şahin Hacıyevin paylaşımından screenshot


Daxili İşlər Nazirliyinin mətbuat xidməti KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə bildirib ki, Şahin Hacıyev Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat qrupu tərəfindən, konkret faktlar əsasında saxlanılıb. Nazirlik rəsmisinin sözlərinə görə, onunla bağlı cinayət işində hər hansı siyasi motiv yoxdur.

Şahin Hacıyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 26-da Şahin Hacıyevlə yanaşı, AXCP Gəncə şöbəsinin daha bir fəalı Bəxtiyar Yusubov da saxlanılıb. Lakin o, bir müddət sonra sərbəst buraxılıb.

“Hətta sərt tənqidçiləri də cinayətlə şərləmək özü cinayət törətməkdir. Müxalifətə, vətəndaşlara qarşı tətbiq edilən repressiyaların da hesabını bütövlükdə Azərbaycan ödəyir. Repressiv siyasətə görə ölkəmiz bütün dünyanın qınağına məruz qalır, hörmətli, nüfuzlu toplantılardan kənarda saxlanılır. Bu hakimiyyətin yaratdığı repressiv mühitdən düşmən Azərbaycana qarşı istifadə edir”, – AXCP sədri Əli Kərimli Şahin Hacıyevin həbsinə münasibət bildirib.

Ana səhifəSiyasət“Facebook”dakı paylaşımından sonra AXCP üzvü narkotik ittihamıyla həbs olunub