Əvəz Zeynallı 9 il,  Elnur Şükürov 4 il azadlıqdan məhrum edildi (yenilənib)

Əvəz Zeynallı. Foto: Meydan TV

Onlar rüşvət almaqda, vəzifəli şəxsin qərarlarına təsir göstərmədə təqsirli biliniblər

“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsi yekunlaşıb.

Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib.

Bu hökmü Əli Məmmədovun sədrlik etdiyi, Səbinə Məmmədzadə və Azad Məcidovdan ibarət hakimlər kollegiyası çıxarıb.

Hökmə əsasən, Əvəz Zeynallı və Elnur Şükürov rüşvət alma, vəzifəli şəxsin qərarlarına təsir göstərmə kimi əməllərdə təqsirli bilinib. Eyni zamanda, “Xural TV” rəhbərinin saxlanmasından sonra onun evində axtarış zamanı götürülmüş 16 min manatın da müsadirə olunmasına qərar verilib.

Hökm oxunmamışdan əvvəl məhkəmədə Əvəz Zeynallı son sözünü deyib. “Xural TV” rəhbəri son sözünə fevralın 23-də başlamışdı. O bildirmişdi ki, həbsinin səbəbi jurnalist fəaliyyətidir, haqqındakı cinayət işi də söz və ifadə azadlığına qarşı olan işdir.

Fevralın 26-da son sözünün davamında deyib ki, tanımadığı, həmçinin onu da tanımayan adamları istintaqa çağırıb, əleyhinə ifadə almağa çalışıblar. Onun sözlərinə görə, cinayət işi şahid qismində dindirilmiş 38 nəfərdən 31-ni tanımayıb:

“Adamı nə mən tanıyıram, nə də o məni tanıyırsa, belə olan halda, mənim əleyhimə necə ifadə verə bilər? Bizə ittiham veriblər ki, vəzifəli şəxslərin qərarlarına təsir göstərmişik”.

Əvəz Zeynallı xatırladıb ki, onlara icra başçılarının qərarlarına qanunsuz təsir göstərmək barədə ittiham verilib. Onun sözlərinə görə, bu ittiham absurddur.

“Baku Steel Company”nin keçmiş rəhbəri, 3 ildən çoxdur həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alması barədə ittihama toxunan Əvəz Zeynallı deyib ki, bu, tamamilə yalandır.

Məhkəmədə hakim Əli Məmmədov bir neçə dəfə Əvəz Zeynallıya xəbərdarlıq edib ki, son sözünü uzatmasın, qısa çıxış eləsin:

“Elə bil, ifadə verirsiniz. Son söz qısa olur”.

Əvəz Zeynallı çıxışının sonunda bəraət istəyib:

“Əgər az da olsa, ədalət varsa, bizə bəraət verilməlidir”.

Təxminən 10 dəqiqəlik müşavirədən sonra hakimlər hökmü elan edib.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-dan, Elnur Şükürov isə 2022-ci il sentyabrın 13-dən həbsdədir. O da təqsirsiz olduğunu və Əvəz Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını deyir.

Həm Əvəz Zeynallı, həm də Elnur Şükürovun vəkilləri hökmdən apelyasiya şikayəti verəcək.

Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Ana səhifəTövsiyəƏvəz Zeynallı 9 il,  Elnur Şükürov 4 il azadlıqdan məhrum edildi (yenilənib)