İctimai fəallar və jurnalistlər məhkəmə prosesinə buraxılmayıb
Bir sıra internet televiziyalarıyla əməkdaşlıq edən reportyor Əvəz Şıxməmmədovun (Hafizli) qətli ilə bağlı məhkəmə prosesi başlayıb. Onu qətlə yetirməkdə ittiham olunan əmisi oğlu Əmrulla Güləliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İyunun 20-də hakim Əli Məmmədovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəməyə təqsirləndirilən Əmrulla Güləliyevi gətirməyiblər. Amma vəkili məhkəmədə iştirak edib.
24 yaşlı Əmrulla Güləliyev Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. O, təcridxanadan məhkəməyə onlayn şəkildə qoşulub.
Əvəz Hafizlinin yaxınlarından heç kim məhkəmə prosesinə gəlməyib. Prosesi izləməyə gələn LGBT+ fəalları, feministlər, jurnalistlərin heç biri məhkəmə zalına buraxılmayıb.
Məhkəmə prosesini izləməyə gələnlər arasında Böyük Britaniya səfirliyinin təmsilçiləri də vardı. Onlara isə məhkəmədə iştirak etməyə imkan yaradılıb.
Prosesə buraxılmayan aktivistlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar açıq məhkəmə prosesinin faktiki qapalı keçirilməsinə etiraz ediblər. Fəal Cavid Nəbiyev bildirib ki, bu, qanun pozuntusu olmaqla yanaşı, həm də dövlətin öz vətəndaşlarını saymamasının göstəricisidir:
“Böyük Britaniya səfirliyinin nümayəndələrini buraxırlar, öz vətəndaşlarını yox. Çünki vətəndaşı saymırlar”.
Etirazçılar əllərində LGBT+ bayrağı, “Əvəzin qatili dövlətdir!” yazılmış plakatlar qaldırıblar. Onlar daha sonra həmin plakatları məhkəmə binasının divarına yapışdırıblar.
“Sevinc Hüseynova transların, LGBT fəallarının döyülməsinə, öldürülməsinə çağırış etmişdi. Lakin heç bir dövlət orqanı tədbir görmədi. DTX-dan şəxsən mənə bildirdilər ki, “biz belə çağırışlara reaksiya vermirik, transların qətlinə kiminsə çağırış etməsi bizə maraqlı deyil”. Nəticə olaraq da Əvəz qətlə yetirildi. Əgər vaxtında tədbir görülsəydi, nəticə belə olmazdı”, – feminist fəal Gülnarə Mehdiyeva bildirib.
24 yaşlı Əvəz Hafizlinin qətlilə bağlı məhkəmə prosesi iyulun 4-də davam edəcək.
Hadisə fevralın 22-də günorta saat 16.00 radələrində Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində Əvəz Hafizlinin yaşadığı evin həyətində baş verib. Məlumata görə, hadisə zamanı Əmrulla Güləliyev sərxoş vəziyyətdə olub. O, ifadəsində bildirib ki, hadisə əmisi oğlu ilə aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.
Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.
Bu işdə zərərçəkmişin hüquqi varisi qismində Əvəz Hafizlinin qardaşı tanınıb. İctimaiyyət nümayəndələri mərhum jurnalistin cinsi oriyentasiyasına görə öldürüldüyü, nifrətin qurbanı olduğunu bildirirlər.