Reportyor Əvəz Hafizli öldürülüb

Hadisə ilə bağlı reportyorun əmisi oğlu saxlanılıb

Reportyor Əvəz Hafizli (rəsmi soyadı Şıxməmmədovdur) fevralın 22-də günorta saat 16 radələrində bıçaqla qətlə yetirilib. Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 24 yaşlı Əvəz Hafizlinin qətlinə görə həmyaşıdı olan əmisi oğlu Əmrulla Güləliyev saxlanılıb.

Məlumata görə, hadisə zamanı Əmrulla Güləliyev sərxoş vəziyyətdə olub. O, ifadəsində bildirib ki, hadisə əmisi oğlu ilə aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.

“Prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertin iştirakıyla hadisə yerinə və meyitə baxış keçirib. Müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb. Şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”, – məlumatda bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Əvəz Hafizli kimi tanınan reportyor bir sıra internet televiziyaları ilə əməkdaşlıq edirdi. O, son olaraq “Kanal 13”-ün reportyoru kimi fəaliyyət göstərirdi. Əvəz Hafizli LGBT+ fəalı kimi aksiyalar da keçirirdi.

Ana səhifəVideoReportyor Əvəz Hafizli öldürülüb