Əvəz Hafizlinin qətli: “Nifrət cinayətidir”

Aktivist: “Sevinc Hüseynova canlı yayım açıb Əvəzi hədəf göstərirdi”

“Öldürülmədən bir müddət öncə intihara cəhd etmişdi. Deyirdi ki, valideynləri onun üçün “kaş intihara cəhd edəndə ölərdi”, – deyə arzulayırmış. Qohumları onun oriyentasiyasına görə utanırmış. Ona tez-tez “sənə görə rayonda başıaşağı gəzirik, insanların üzünə baxa bilmirik”, – deyə şikayətlənirmişlər”.

Gender aktivisti Gülnara Mehdiyeva vətəndaş jurnalistikası ilə məşğul olan 24 yaşlı Əvəz Hafizlinin ölümündən danışır.

Əvəz Hafizli fevralın sonu evində qətlə yetirilib.

Onun əmisi oğlu tərəfindən bıçaqla öldürüldüyü bildirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin ilkin yaydığı məlumatlarda belə deyilir.

Hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.

Dövlət qurumları cinayəti törədən şəxsin sərxoş vəziyyətdə olduğunu, ifadəsində Əvəz Hafizlini şəxsi mübahisə zəminində öldürdüyünü bildirib.

Faktla bağlı cinayət işi açılıb. Əvəz Hafizli Kanal 13-ün əməkdaşı olub.

Vətəndaş cəmiyyəti nümayəndələri rəsmi açıqlamanın mətləbdən uzaqlaşdırmaya xidmət etdiyini düşünürlər.

Hesab edirlər ki, bu, nifrət cinayətidir və şəxsi zəmində baş verdiyini deməklə ört-basdır edilməyə çalışılır.

Gülnara Mehdiyeva: “Qohumlarından biri demişdi: 2 metr ip tapmadı ki, özünü assın, canımız qurtarsın”

Gülnara Mehdiyeva da düşünür ki, baş verən nifrət cinayətidir. Bu, Əvəz Hafizlinin ailəsinin ona yazdığı mesajlardan da bəllidir: “Əvəz həmin mesajlaşmaları dostları ilə paylaşmışdı. Eyni zamanda, danışanda da deyirdi ki, qohumlar onun oriyentasiyasına görə utanırlar. Adicə bir şeyi danışım. Bacısının doğum günündə Əvəz ona hədiyyə yollamışdı. Bacısı həmin hədiyyəni geri göndərmişdi. Əvəzin ailəsi ona çox mənfi yanaşırdı və bu da Əvəzə olduqca pis təsir edirdi”.

Gender aktivisti Gülnara Mehdiyeva

Gender aktivisti bildirir ki, öldürüldükdən sonra dostları cəsədin yuyulması zamanı içəri daxil olublar. Onlar Əvəzin cinsiyyət üzvünün kəsildiyini görüblər.

Gülnara Mehdiyeva deyir ki, bu, olduqca simvolik məna daşıyır və cinayətin hansısa şəxsi mübahisə zəminində deyil, məhz Əvəzin cinsi həyatı, kimliyi ilə bağlı olduğunu göstərir və üstəlik də qohumu tərəfindən törədilib.

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə deyib ki, cəmiyyətdə homoseksuallara münasibət birmənalı deyil.

Onun dediyinə görə, xüsusilə də Sevinc Hüseynovanın nifrət nitqindən sonra Əvəz Hafizliyə qarşı qohumlarının, ailəsinin münasibəti sərtləşib: “Hətta Əvəz bu münasibətə görə intihara da cəhd edib. Qardaşı ona yazmışdı ki, kaş intihar edəndə xilas olmayaydın. Yaxud qohumlarından biri demişdi: “2 metr ip tapmadı ki, özünü assın, canımız qurtarsın”. Guya bütün nəslə utanc imiş“.

Vəkil bildirir ki, Əvəz Hafizli bu proseslər zamanı nə qədər üzüldüyünü dəfələrlə dilə gətirib: “Bunların hamısı məndə sübutlarla var. Qardaşının mesajı, Əvəzin keçirdiyi hisslər. Tez-tez mənə problemlərindən yazırdı. Məncə, bu hadisə dövlət və hüquq mühafizə orqanları üçün bir həyəcan təbili olmalıdır. Sevinc Hüseynova kimi insanlar cəzalandırmalıdır ki, nifrət nitqi yayanlar, insanları cinayətə çəkənlər azalsın”.

Sevinc Hüseynova minlərlə izləyicisi olan blogerdir.

O, LGBTQI vətəndaşlara qarşı tez-tez canlı yayımlar açır və onları aşağılayan fikirlər səsləndirir.

Cəmiyyəti, insanları LGBTQI şəxslərə qarşı təşkilatlanmağa, onlara qarşı şiddətə səsləyir. Həmin şəxs barəsində dəfələrlə aidiyyatı qurumlara müraciətlər də edilib.

Zibeydə Sadıqova: “Nifrət nitqi insanların ölüm fərmanı kimi bir şeydir”

Zibeydə Sadıqovanın sözlərinə görə, Sevinc Hüseynovanın minlərlə izləyicisi var. İki nəfər qarşı çıxanda 10 nəfər də inanıb, LGBTQI vətədaşlara qarşı cəbhə ala bilir: “Üstəlik, nəzərə alınmalıdır ki, Azərbaycan cəmiyyəti konservativdir. Homoseksuallığı qəbul etmir və birmənalı yanaşmır. Nifrət nitqi insanların ölüm fərmanını vermək kimi bir şeydir”.

Vəkil Zibeydə Sadıqova – Mənbə: Əkinçi

Vəkil əlavə edir ki, Azərbaycan kimi cəzasızlıq sistemi mövcud olan ölkələrdə bu işi törətmiş insan da səhvini heç vaxt anlamayacaq: “Həmin cinayətkar ailədə, nəsildə, cəmiyyətdə, həbsxanada bir qəhrəman kimi qəbul ediləcək. Məhkəmə hökm verərkən çalışacaq ki, daha yüngül qərar çıxarsın. Üstəlik, çox güman ki, ailə şikayətçi olmayacaq. Beləliklə, digər insanlar homoseksualları rahatlıqla öldürə bilərlər kimi fikir formalaşacaq. Ağır cəzanın olmaması buna şərait yaradacaq”.

Zibeydə Sadıqova deyir ki, məsələn, daha öncə Əvəz Hafizli intihara cəhd etmişdi. Lakin prokurorluq bu məsələni araşdırmadı: “Əslində Əvəz bununla bir mesaj vermək istəyirdi. Demək istəyirdi ki, həyatı təhlükədədir. Amma bunu heç kim ciddi qarşılamadı. Sonu da ölümlə nəticələndi”.

Source: Rəbiyyə Məmmədovanın “Facebook” səhifəsindən

Aktivist Rəbiyyə Məmmədova da düşünür ki, Əvəz Hafizlinin ölümü sıradan hansısa mübahisə predimenti deyil, nifrət cinayətidir. Günahkar isə cəmiyyətdə LGBTQI şəxslərə qarşı nifrət nitqinin yayılması və onlara qarşı münasibətdir: “Bir neçə ay öncə Sevinc Hüseynova adlı bloger nifrət nitqi yayırdı, bununla bağlı hüquq-mühafizə orqanlarına bir neçə fəal müraciət etmişdi. Həmin bloger canlı yayım açıb danışırdı və bu yayımlarda Əvəzi hədəf kimi göstərirdi. Əvəz bununla bağlı aksiyalar etdi, özünü prokurorluğun dəmir barmaqlıqlarına bağladı. O, “hər şeyimi itirdim” deyirdi, kömək istəyirdi. Ancaq heç kim onun şikayətinə baxmadı“.

Rəbiyyə Məmmədova deyir ki, dəfn mərasimindən öncə Əvəz Hafizlinin cənazəsini görən jurnalistlər onun cinsiyyət orqanının kəsildiyini deyiblər: “Prokurorluq və DİN araşdırmanı ictimaiyyətə açıq aparmır ki, biz həqiqətləri öyrənə bilək. Buna görə də ancaq ehtimallar üzərindən danışa bilirik”.

Meydan TV Əvəz Hafizlinin ölümü ilə bağlı araşdırmanın nə yerdə olması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən (DİN) məlumat ala bilməyib.

İlkin açıqlanan məlumatda isə cinayət işi açıldığı və araşdırma aparıldığı qeyd edilib.

Material hazırlandığı müddətdə Əvəz Hafizlinin ailəsi ilə də danışmaq mümkün olmayıb.

Ana səhifəXəbərlərƏvəz Hafizlinin qətli: “Nifrət cinayətidir”