Ermənistanla Xankəndini birləşdirən yeni yolun Azərbaycan hissəsində tikinti başa çatıb

Laçın, yeni yol. Mənbə: “aayda.gov.az”

Yeni yol Laçın şəhərindən keçmir

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisi yekunlaşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, yolun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib. Həmçinin, yeni yol yatağı və yol əsası inşa edilib.

“Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib”,-deyə agentlik vurğulayıb.

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir.

“Yol III texniki dərəcəyə uyğun inşa edilib. Yolun 10 kilometri Ermənistan ərazisində yerləşir”, – qurumun məlumatında deyilir.

Agentlik qeyd edib ki, yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edir.

Lakin yolun tikintisinin neçəyə başa gəldiyi haqda məlumat verilmir.

Laçın, yeni yol. Mənbə: “aayda.gov.az”

Laçın rayonu 1992-ci ilin mayında Ermənistan ordusu tərəfindən işğal edilmişdi. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə Bəyanat imzalandıqdan sonra geri qaytarılır. Hazırda Ermənistanla Xankəndi arasında əlaqə Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Dəhlizə sülhməramlı missiyası ilə gələn Rusiya hərbçiləri nəzarət edir.

2020-ci ilin dekabrın 1-də xalqa müraciətində İlham Əliyev demişdi ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək:

“Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib: 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”.

Ermənistanda isə Laçın dəhlizinin başqa marşrutla əvəzlənməsi birmənalı qarşılanmayıb, narazılığa səbəb olub. Yeni yolun 10 kilometri Ermənistanın ərazisinə düşsə də, ölkə hələ tikintiyə başlamayıb. Son 30 ildə Laçında məskinlaşan erməni əhalisinə isə avqustun 25-dək şəhəri boşaltmaları tapşırılırb. Onlar Laçını tərk etmək istəmədiklərini bildiriblər, bununla bağlı etiraz aksiyası keçiriblər. Həmin əhalinin hara köçürülməsi haqqında məlumat verilməyib.

Laçın, yeni yol. Mənbə: “aayda.gov.az”

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəBölgəErmənistanla Xankəndini birləşdirən yeni yolun Azərbaycan hissəsində tikinti başa çatıb