Ermənistanda “Döyüş qardaşlığı” birliyinin üzvləri saxlanılıb

Foto “Döyüş qardaşlığı” birliyinin “Facebook” səhifəsindən

DİN onları qanunsuz silah-sursat saxlamaqda ittiham edir

Ermənistanda “Döyüş qardaşlığı”  birliyinin üzvlərinin saxlanıldığı bildirilir.

Məlumata görə, onlar qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinirlər.

Bu barədə “Azadlıq” radiosunun erməni bürosu (“Azatutyun”) “Döyüş qardaşlığı”nın “Facebook” səhifəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları həbsə bəraət qazandırmaq üçün qanunsuz silah-sursat daşıma ittihamı irəli sürüblər.

Polisdən “Azatutyun”a bildirilib ki, qanunsuz silah gəzdirmək və saxlamaqda şübhəli bilinən 24 nəfər saxlanılaraq Daxili İşlər Nazirliyinin ərazi bölmələrinə təhvil verilib.

“Döyüş qardaşlığı” həmçinin bəzi üzvlərlə, o cümlədən, qrupun rəhbəri Hrant Ter-Abrahamyanla əlaqənin kəsildiyini iddia edir.

“Azatutyun” da Ter-Abrahamyanla əlaqə saxlaya bilməyib.

 Silahlı dəstənin Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxaraq müqavimət hərəkatı yaratmağa cəhd etdiyi bildirilirdi.

Martın 9-da Azərbaycanın Ermənistandan işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi açıqlanıb.

Bu barədə yerli mediaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib:

“Hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır”.

Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır”, – deyə məlumatda qeyd olunur.

Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə Yerevanın Bakıya güzəştə getməsindən danışıb.

O bildirib ki, sovet dövründən qalma sərhəd kəndləri-eksklavlar məsələsində Bakıya güzəştə getməsə, o zaman gələn həftənin sonunda müharibə başlaya bilər:

“İndi biz buradan gedə bilərik, gedək və Azərbaycana deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq”.

“Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”, – deyən Paşinyan əlavə edib.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəDünyaErmənistanda “Döyüş qardaşlığı” birliyinin üzvləri saxlanılıb