Mənbə: Ryanair

Ermənilər Avropaya 30 avroya uçacaq

Avropanın ən böyük aşağı büdcəli aviaşirkəti olan “Ryanair” Avropa Birliyi ərazisindən Ermənistana birbaşa uçuşlar edəcək.

Bu barədə məlumat oktyabrın 16-da şirkətin rəsmi saytında yayımlanıb

Məlumatda bildirilir ki, artıq bu barədə razılaşma əldə edilib. İlk uçuşlar Yerevandan Berlin, Roma və Milana təşkil ediləcək. Həmçinin Ermənistanın Gümrü şəhərindən Almaniyanın Memmingen şəhərinə də birbaşa reys açılacaq.

Bu, “Ryanair”in Ermənistanla olan ilk müqaviləsidir. Odur ki, 2020-ci il mayın 20-dək olan bütün uçuşların qiyməti 29.99 (55 manat) avro olacaq.

20-80 avroya Gürcütandan Avropaya

Qonşu Gürcüstan da bir neçə aşağı büdcəli hava yolları şirkətlərinə qucaq açıb. Məsələn, Macarıstanın “WizzAir” şirkəti Gürcüstanın Kutaisi şəhərindən əvvəlcə 5, hazırda isə 10-dan artıq istiqamətdə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tbilisidən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 8-10 manat). Bakıdan Tbilisiyə getməyin qiyməti isə avtobusla 15 manatdır.

Türkiyənin aşağı büdcəli hava yolu şirkətlərindən “Pegasus” və “AtlasJet” Gürcüstanın paytaxtı Tbilisidən Avropanın istənilən böyük şəhərlərinə uçuşlar təşkil edir. Qiyməti isə 70-80 avro civarındadır.

Azərbaycandan Avropaya yeganə ucuz çıxış

Azərbaycandan isə Avropaya ən sərfəli çıxış Macarıstan Hava Yolları Şirkəti “WizzAir”-lə mümkündür. Birinci və beşinci günlər təşkil edilən uçuş təkcə Macarıstanın paytaxtı Budapeştədir. Qiymətlər isə uzaq tarixə 80-160 avro arası dəyişir.

Ancaq bu, “WizzAir”-in Azərbaycana ilk gəlişi deyil. 2013-cü ilin yayında Bakıya açdığı ilk reyslərin qiyməti təxminən 40-60 avro arası dəyişirdi. Ancaq həmin reys 1 il sonra bağlandı. Şirkət açıqlamasında Bakı Hava Limanının tələb etdiyi hava limanı xərcini qarşılya bilmədiyini bildirmişdi. 2016-cı ildə isə yenidən Bakı-Budapeşt uçuşlarına başlayan “WizzAir”-in qiymətləri əvvəlki kimi ucuz olmadı.

“WizzAir”-in ölkəyə ikinci dönüşü zamanı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, macar aviaşirkətinə Budapeştə uçuşları Qəbələdən yerinə yetirmək təklif olunsa da, onlar bunu qəbul etməyiblər. Bakıdan uçmaqda israr ediblər. Son nəticədə AZAL “WizzAir”lə razılaşıb.

Ləğv edilən ucuz reyslər

Bir müddət Türkiyənin aşağıbüdcəli aviaşirkəti “Pegasus” da Qəbələdən uçuşlar təşkil etsə də, sonradan iqtisadi sərfəli olmadığına görə faəliyyətini dayandırdı. Şirkət rəsmisi açıqlamasında belə deyirdi. Ancaq “Pegasus” martdan başlayaraq Bakıdan Ankaraya uçuş həyata keçirəcək. Qiyməti isə aşağıbüdcəli aviaşirkətə baxanda, bahadır. Bir istiqamət təxminən 230 manat. Azərbaycan Hava Yolları (AZAL) ilə martda Ankaraya getmək isə hardasa 170 manata başa gəlir. Yəni aşağı büdcəli aviaşirkətdən xeyli ucuz.

“Pegasus”, “OnurAir”, “AtlasJet” – bunlar Türkiyənin aşağı büdcəli aviaşirkətləridir. Bir ara “OnurAir” Gəncədən İstanbula uçuşlar həyata keçirirdi. Həmin reys də “Pegasus”un Qəbələ-İstanbul reysi kimi bağlandı. Avropanın da aşağı büdcəli aviaşirkətləri var. Məsələn, “RyanAir”, “EasyJet”, “German Wings”, “WizzAir”, “Corendon”, “Vueling” və s. Bunlardan cəmi birinin, “WizzAir”-in Azərbaycana çıxışı var. O da çoxsaylı mübahisələrdən sonra.

“AZAL monopolist mövqe sərgiləyir”

Azərbaycan həmişə ucuz uçuş həyata keçirən hava yolları şirkətləri ilə problemlər yaşayıb. İqtisadçı Natiq Cəfərli daha öncə Meydan TV-yə bildirmişdi ki, Azərbaycanda ucuz aviaşirkətlərin davam gətirə bilməməsinin fəsadlarını vətəndaş çəkir. Bakıdan həyata keçirilən uçuşlarla qonşu ölkələrdəki uçuş qiymətləri arasında kəskin fərq yaranır:

“Gürcüstana çoxlu sayda milli və beynəlxalq şirkət birbaşa uçuşlar həyata keçirir. Nəticədə rəqabət mühiti yaranır. Bundan da vətəndaşlar faydalanır. Ucuz qiymətə dünyanın istənilən nöqtəsinə gedə bilirlər. AZAL hazırki, monopolist mövqeyindən əl çəkməyənə qədər vəziyyət belə də davam edəcək”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/71qhkg

Ən çox baxılan