Ermənistanda saxlanılan Azərbaycan hərbçisi həbs edilib

Əsgər Nəsimi Rasim oğlu Musayev – Foto: Ailə arxivindən

Ermənistanda saxlanılan Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Bununla bağlı məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.

Ermənistan Baş Prokurorluğu bundan əvvəl Azərbaycan vətəndaşı barəsində bir neçə maddə ilə cinayət təqibinə başladığını açıqlamışdı. İttihamlar dövlət sərhədini qanunsuz keçmə, hərbi təyinatlı məhsulların və odlu silahın qaçaqmalçılığı, silah və sursatın qanunsuz dövriyyəsi, mənzil toxunulmazlığının pozulması və ağır bədən xəsarəti yetirilməsi ilə bağlıdır.

Nəsimi Musayevin Ermənistanda saxlanılması barədə məlumat oktyabrın 1-də Azərbaycan Baş Prokurorluğu tərəfindən də təsdiqlənmişdi. Qurumun açıqlamasına görə, Laçın istiqamətində hərbi xidmət keçən Musayev sentyabrın 26-da xidmət yerində olmayıb və həmin gündən onun axtarışına başlanılıb. Hərbi Prokurorluğun araşdırması zamanı onun hərbi hissəni özbaşına tərk etməsinə dair “əsaslı şübhələrin” müəyyən edildiyi bildirilmişdi.


Azərbaycan Baş Prokurorluğunun məlumatında qeyd olunurdu ki, aparılan tədbirlər nəticəsində Musayevin Ermənistan ərazisində olduğu və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı müəyyənləşdirilib. Hadisənin bütün hallarının aydınlaşdırılması məqsədilə Ermənistanın aidiyyəti qurumları ilə təmasların davam etdirildiyi açıqlanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin versiyasına görə, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan tərəfinə hərbi qulluqçulardan birinin naməlum şəraitdə xidmət yerini tərk etməsi barədə məlumat verib və onun Ermənistan sərhədini keçmiş ola biləcəyi istisna edilməyib.

Ermənistan tərəfi həmçinin oktyabrın 1-də Sünik vilayətinin Şaki yaşayış məntəqəsində yerli sakinin güllə yarası alması ilə bağlı Musayevi şübhəli şəxs kimi təqdim edib. Azərbaycan Baş Prokurorluğunun açıqlamasında isə həmin yaralanma epizodu barədə məlumat və ya Ermənistan tərəfinin bu iddiasına münasibət yer almayıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Ermənistanda saxlanılan Azərbaycan hərbçisi həbs edilib