Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi milyarder və müxalifət xadimi Qagik Tsarukyana məxsus “Ararat Cement” zavodunun dövlət mülkiyyətinə keçirilməsi, həmçinin Tsarukyana aid digər əmlakların, aktivlərin və pul vəsaitlərinin müsadirə olunması barədə qərar çıxarıb.
OC Media yazır ki, bu addım Tsarukyanın çirkli pulların yuyulması ittihamı ilə həbsindən və sement zavodu da daxil olmaqla bir sıra biznes obyektləri və mülklərində axtarışların aparılmasından bir neçə gün sonra atılıb.
İyulun əvvəlində Baş nazir Nikol Paşinyan bildirmişdi ki, “”Ararat Cement” çox yaxın zamanda dövlət mülkiyyətinə keçəcək və müəyyən edilmiş prosedura uyğun olaraq rəhbər təyin olunacaq”. O zaman o, konkret vaxt cədvəli açıqlamamışdı.
Paşinyan zavodun milliləşdirilməsindən ilk dəfə danışmırdı. İyunun 7-də keçirilən parlament seçkilərindən əvvəl o, fabriki Tsarukyanın biznes imperiyasının “onurğa sütunu” adlandırmış və müəssisənin 2000-ci illərin əvvəllərində özəlləşdirilməsi zamanı qanun pozuntularına yol verildiyini iddia etmişdi.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin cümə axşamı verdiyi qərarla Baş Prokurorluğun üç gün əvvəl təqdim etdiyi və zavodun qanunsuz əldə edildiyi əsas gətirilərək müsadirə olunmasını tələb edən vəsatət təmin edilib.
Məhkəmə, həmçinin Tsarukyana məxsus 75 daşınmaz əmlakın, 42 nəqliyyat vasitəsinin, 38 hüquqi şəxsdəki səhmlərin və 106 milyard drama yaxın – təxminən 289 milyon dollar – vəsaitin müsadirə olunmasına qərar verib.
Tsarukyan barəsində araşdırma iyunun 9-dan, ermənilərin parlament seçkilərində səs verməsindən cəmi iki gün sonra aparılır.
Həmin vaxt “Çiçəklənən Ermənistan” partiyası səslərin yenidən hesablanmasının nəticələrini gözləyirdi. Bu nəticələr partiyanın parlamentə daxil olub-olmayacağını müəyyən etməli idi. Daha sonra Mərkəzi Seçki Komissiyası müxalifət partiyasının qanunverici orqanda yer qazanmaq üçün tələb olunan 4 faizlik seçki baryerini keçə bilmədiyini açıqladı.
Məlumata görə, Tsarukyan barəsində araşdırma başlanmazdan əvvəl Yerevanın Zvartnots hava limanı vasitəsilə ölkəni tərk etməyə cəhd göstərib, lakin buna icazə verilməyib.
Tsarukyan Ermənistan siyasətində ən varlı şəxslərdən biridir. O, biznes fəaliyyətinə 1990-cı illərdə qida emalı sahəsində başlayıb və üç onillik ərzində Ermənistanda spirtli içki və qida istehsalı, kazinolar, otellər, faydalı qazıntıların hasilatı, əczaçılıq və son dövrlərdə bitkoin mayninqi də daxil olmaqla müxtəlif sahələrdə böyük pay sahibi olub.
Ekssentrik maqnat əvvəllər də bir sıra cinayətlərdə ittiham olunub. 2020-ci ildə hakimiyyət orqanları onu 2017-ci il seçkiləri zamanı seçiciləri ələ almaqda ittiham etmişdi. O, həmçinin “Shangri La” kazinosunu lisenziyasız idarə etməklə bağlı araşdırma altında olub. Ermənistan iyunun sonunda “Shangri La” kazinosunun lisenziyasını ləğv edib.
Bundan əlavə, Tsarukyan 1979-cu ildə iki qadını zorlamaqda təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilib. AzadlıqRadiosu-nun məlumatına görə, Tsarukyanın sovet dövrü məhkəməsinin çıxardığı bu hökm üzrə cəza çəkib-çəkmədiyi aydın deyil.
2001-ci ildə, Robert Koçaryanın prezidentliyi dövründə Ermənistanın Kassasiya Məhkəməsi hökmü ləğv edib və Tsarukyana bəraət verib.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.