Ermənistan hökuməti noyabrın 23-də ölkənin yeni Konstitusiya layihəsini dərc edib.
Sənəddən Azərbaycanın sülh sazişinin imzalanması üçün əsas şərtlərindən biri saydığı, Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb. Müxalifət isə bu dəyişikliyin Bakının tələbi ilə edildiyini iddia edir.
Layihə hökumətin yeni Konstitusiya ilə bağlı yaratdığı xüsusi internet səhifəsində yayımlanıb. Sənəddə parlamentin nəzarət imkanlarının genişləndirilməsi, hökumət üzvlərinə etimadsızlıq göstərilməsi mexanizminin dəyişdirilməsi, siyasi partiyaların maliyyə şəffaflığının artırılması və hakimlərin fəaliyyətinin yenidən qiymətləndirilməsi kimi müddəalar yer alır.
Əsas dəyişikliklərdən biri Konstitusiyanın preambulasına aiddir. Hazırkı Konstitusiyanın giriş hissəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad var. Həmin bəyannamədə isə 1989-cu ildə Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərara istinad edilir.
Azərbaycan bu müddəanı Ermənistanın ərazi iddialarının göstəricisi kimi qiymətləndirir və sülh sazişinin imzalanması üçün onun aradan qaldırılmasını tələb edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov daha əvvəl bildirib ki, Bakı üçün əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. O, dərc olunan layihədə belə istinadların olmadığını deyərək bunu müsbət qiymətləndirib. Bayramov bildirib ki, Konstitusiyaya dəyişiklik ediləcəyi təqdirdə, artıq paraflanmış sülh sazişinin imzalanması qarşısında əlavə maneə qalmayacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanı ölkədə “Dördüncü Respublika”nın qurulması istiqamətində addım kimi təqdim edir. O bildirib ki, yeni sənəd dövlətlə vətəndaşlar arasında münasibətləri yenidən müəyyənləşdirməli, sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etməlidir. Paşinyan layihənin xarici təzyiq nəticəsində hazırlandığı barədə iddiaları rədd edib.
Müxalifət layihəyə qarşıdır
Ermənistan müxalifəti yeni Konstitusiya layihəsini tənqid edir. Parlamentdəki “Ermənistan” fraksiyasının katibi Artur Xaçatryan Paşinyanın referendumla bağlı təklifini rədd etdiklərini bildirib. O, baş nazirin müxalifətlə danışıqlar aparmaq cəhdlərini mənasız adlandırıb.
“Güclü Ermənistan” fraksiyasının katibi Tiqran Abramyan isə layihəni qeyri-demokratik ölkələrə xas sənəd kimi qiymətləndirib. O, Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasının Azərbaycanın tələbi ilə edildiyini iddia edib.
Abramyan həmçinin Konstitusiyada “erməni xalqı” ifadəsinin “Ermənistan Respublikası xalqı” ilə əvəzlənməsinə qarşı çıxıb. Onun sözlərinə görə, ölkənin əsas qanunu xarici dövlətin tələbi ilə dəyişdirilməməlidir.
Bundan əvvəl 12 müxalif qrup Paşinyanın Konstitusiya təşəbbüsünə qarşı kampaniyaya başlayıb. Onlar layihəni “Əliyevin Konstitusiyası” adlandıraraq, dəyişikliklərin Azərbaycanın tələblərinə uyğun hazırlandığını iddia edirlər. Paşinyan isə bu ittihamları qəbul etmir.
Yeni Konstitusiya layihəsinin referendumla təsdiqlənməsi üçün parlamentdə üçdə iki səs çoxluğu tələb olunur. Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının bu həddə çatması üçün daha altı deputatın dəstəyinə ehtiyacı var.
Paşinyan referendumda layihə rədd edilərsə istefa verəcəyini, qəbul olunarsa növbəti parlament seçkilərində baş nazirliyə namizəd olmayacağını bildirib.