Gürcüstan prezidenti 232 nəfəri əfv edib: Aralarında etirazçılar da var

İllüstrasiya: Meydan TV

Gürcüstan prezidenti Mixeil Kavelaşvili Müqəddəs Georgi Günü (Giorgoba) münasibətilə 232 nəfəri əfv edib. Əfv olunanlardan 216-sı həbsdən azad edilib, 16 nəfərin isə həbslə bağlı olmayan cəzaları ləğv edilib.

Əfv olunanlar arasında 2024-cü ilin noyabr-dekabr aylarında Avropayönlü etiraz aksiyaları zamanı həbs edilən Giorgi Mindadze, Anri Kvaratsxeliya, Nikoloz Cavaxişvili, Davit Lomidze və Temur Zasoxasvili də var.

Onlar müxtəlif vaxtlarda polis əməkdaşlarına hücum və qrup zorakılığında iştirak ittihamları ilə saxlanılıb. Məhkəmələr nümayişçiləri 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər.

Əfv olunanlar arasında 2024-cü ilin mayında “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı keçirilən etiraz aksiyaları zamanı həbs edilən Giorgi Okmelaşvili də var.

“Limon” reklam şirkətinin direktoru və təsisçisi olan Okmelaşvili polis əməkdaşına hücum etməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ittihamı qəbul etmirdi.

Okmelaşvili 2024-cü il mayın 15-də həbs edilib. Məhkəmə 2025-ci ilin fevralında onun barəsində hökm çıxarıb, apellyasiya məhkəməsi isə qərarı qüvvədə saxlayıb. 2025-ci ilin noyabrında Ali Məhkəmə müdafiə tərəfinin kassasiya şikayətini qəbul etməyib.

Gürcüstan prezidentinin administrasiyası əfv qərarının humanizm və dövlət maraqları prinsiplərinə əsaslandığını bildirib.

Ana səhifə ▸ Xəbərlər ▸ Gürcüstan prezidenti 232 nəfəri əfv edib: Aralarında etirazçılar da var