Konstitusiyaya dəyişiklik etmək üçün parlamentdə yetərli sayda səsə malik olmamasına baxmayaraq, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməyəcəyini təsdiqləyib. Bu, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üçün irəli sürülən ilkin şərtlərdən biridir. Müxalifət hakim Vətəndaş Müqaviləsi Partiyasını Ermənistanın təsis sənədini Bakının tələbi ilə yenidən yazmaqda ittiham edib.
OC Media yazır ki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir. Bəyannamə isə öz növbəsində Sovet Ermənistanının Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının Ermənistanla Dağlıq Qarabağın “birləşdirilməsi” barədə qəbul etdiyi birgə qərara “əsaslanırdı”. Azərbaycan dəfələrlə həmin müddəanın çıxarılması üçün konstitusiyanın dəyişdirilməsini tələb edib və bunun baş verməyəcəyi təqdirdə sülh müqaviləsinin imzalana bilməyəcəyini bildirib.
“Vətəndaş Müqaviləsi” konstitusiya referendumunun keçirilməsi prosesinə başlamaq üçün lazım olan sayda deputat mandatına malik deyil.
Çərşənbə günü keçirilən iclas zamanı “Vətəndaş Müqaviləsi”nin deputatı Arusyak Julhakyan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılacağını təsdiqləyib.
O, Paşinyanın 2025-ci ildə yaratdığı şuranın bu məsələni artıq müzakirə edib-etmədiyini və ya bununla bağlı səsvermə keçirib-keçirmədiyini açıqlamayıb. Şuranın digər üzvləri isə konstitusiya layihəsinin mətnini hələ görmədiklərini deyərək məsələ barədə danışmaqdan imtina ediblər. Hökumət tam mətnin ilin sonunadək dərc edilməsinin hələ də planlaşdırıldığını bildirib.
“Ermənistan Alyansı”ndan olan müxalif deputat Kristine Vardanyan təşəbbüsü tənqid edərək bildirib ki, bütün bu proses Əliyevin istəyinə uyğun konstitusiya hazırlamaq məqsədi daşıyır.
“Paşinyan əvvəlki bütün hökumətləri konstitusiyanı özlərinə uyğunlaşdırmaqda ittiham edirdi. İndi isə özü konstitusiyanı Əliyevin zövqünə uyğunlaşdırmağa başlayıb və sizi də buna şərik etmək istəyir”, – Vardanyan “Vətəndaş Müqaviləsi”nin deputatlarına müraciət edərək deyib.
“Ermənistan Alyansı” fraksiyasının rəhbəri Anna Qriqoryan bir daha vurğulayıb ki, “Vətəndaş Müqaviləsi”nin bu təşəbbüsü həyata keçirmək üçün yetərli mandatı yoxdur. Partiyanın cəmi 64 deputat mandatı var, halbuki yeni konstitusiya mətninin referenduma çıxarılması üçün tələb olunan üçdə iki səs çoxluğu 70 mandatdır. Qriqoryan həmçinin bildirib ki, iyunda keçirilən seçkilərdə seçicilər konstitusiyanın dəyişdirilməsinə mandat verməyiblər.
“Güclü Ermənistan” fraksiyasının lideri Narek Karapetyan isə daha sərt danışaraq, Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını ölkənin doğum haqqında şəhadətnaməsinin yandırılması ilə müqayisə edib.
Tənqidlərə və kifayət qədər mandatın olmaması ilə bağlı iradlara cavab olaraq, “Vətəndaş Müqaviləsi”nin deputatı Eduard Ağacanyan partiyanın addımını müdafiə edib. O bildirib ki, partiyanın “Qarabağ hərəkatına” son qoymaqla bağlı açıq mövqeyi və bunun ardınca seçkilərdə qələbə qazanması seçicilərin bu dəyişikliyi dəstəklədiyini göstərir.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.