Ən yeni tariximizdən: Bizi kimlər hara aparırdı və aparır?

Əbdürrəhman Vəzirovun hakimiyyətə gəlməsindən 30 il ötür

Source:
Əbdürrəhman Vəzirov
Əbdürrəhman Vəzirov


Əbdürrəhman Vəzirovun hakimiyyətə gəlməsindən 30 il ötür

Əminəm ki, məşum məğlubiyyətlərimizin kökündə xalqın öz tarixi barədə naqis və yanlış təsəvvürü yatır. Xalqımızı satmış, aldatmış və yağmalayan hakim zümrənin həqiqi tarix barədə əsərləri qadağan etməyə və gizlətməyə can atması təəccüblü görünməməlidir. Xalqın cəhaləti onların hədsiz varlanmasının əsas şərtidir və onlar bu şərti təmin etmək üçün istənilən sayda ələbaxan tarixçi, yazar, barışmaz və konstruktiv müxalifətçi bəsləməyə hazırdırlar. Təki onlar xalqa saxta tarix horrasını yedizdirsinlər. Bu horranın əsas tərkib hissəsi olmamış keçmişimizin şanlı səhifələri, olmayacaq gələcəyimizin parlaq üfüqləri, kəmsavad və qorxaq liderlərin qondarma qəhrəmanlıqları barədə hap-gop əsatirlərdir. Ən qəribəsi isə budur ki, xalq nəinki uzaq keçmişini, hətta öz ömrü boyu gördüyü və yaşadığı tarixin də mahiyyətini düzgün dərk edə bilmir. Bilmir və ən sadə seçim qarşısında belə çaşaraq səhvə yol verir.

Meydan TV bir ay bundan əvvəl mənim Meydan hərəkatı barəsində böyük yazımı dərc edəndən sonra cəmiyyətdən cəmi bir (!) əks-səda gəldi. Mühacir Vahid Qazı uzaq diyardan yazıb hələ də tərk etdiyi vətənin keçmişi ilə maraqlandığını göstərdi. Vahid bəy Meydan hərəkatı barədə yazımı sabiq DTK sədri Vaqif Hüseynovun ikicildlik xatirələri və sabiq AKP MK-nin Birinci katibi Əbdürrəhman Vəzirovun bircildlik “Parterin ön sıralarında” kitabı ilə bir səfə qoyaraq bu üç yazıda oxşarlıq tapdığını və bu oxşarlığın geniş çay kimi axan rəsmi və müxalif baxışlardan fərqli olduğunu qeyd etdi.

Düzgün müşahidə və qənaətdir. Hadisələrin mahiyyətinə baxışda bu üç yazıda böyük oxşarlıq var. Lakin fərqlər də böyükdür, zira müəlliflərin üz tutduqları oxucular və niyyətləri də fərqlidir.

Bu barədə gələcəkdə danışmaq daha düzgün olardı. Hələliksə mən bizi son 30 ildə idarə etmiş liderlərimiz barədə xatirə və fikirlərimi oxucularla bölüşmək istərdim.

ƏBDÜRRƏHMAN XƏLİL OĞLU VƏZİROV

Təbii ki, müttəfiq respublikaların hakim partiyalarının rəhbərlərini Moskva təyin edirdi, lakin təyinat yerli Mərkəzi Komitədə “seçki” adlanan mərasim vasitəsilə rəsmiləşdirilirdi. Vəzirov 1988-ci ilin may ayında Azərbaycanın rəhbərliyinə SSRİ-nin Pakistan İslam Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsindən gətirilirdi. Bundan əvvəl, o, Kəlküttədə konsul və Nepalda səfir işləmişdi. Diplomatik işə isə AKP MK-dan, partiya işindən keçmişdi. Ondan əvvəl Gəncə şəhər Partiya Komitəsinin birinci katibi işləmişdi. Partiya işinə komsomoldan gətirilmişdi: Moskvada, Mixail Qorbaçovla eyni vaxtda, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində çalışmışdı. Yenə söz-söhbət gəzirdi ki, AKP MK-da işlədiyi vaxt ovda bədbəxt hadisə baş vermişdi, Əbdürrəhman müəllim bilmədən atdığı güllə ilə dostunu vurmuşdu və buna görə Heydər Əliyev onu həbs etdirmək istəmişdi. Moskvadakı dostları onu XİN-ə keçirib Əliyevin qəzəbindən xilas etmişdilər.

Vəzirov Birinci katib təyin olunduqdan sonra kompartiyanın şanlı ənənələrinə uyğun olaraq, sələfi Kamran Bağırovu deyil, Azərbaycanın həqiqi sahibi Heydər Əliyevi ifşa etməyə başladı.

Birinci katib seçildiyi MK plenumundan dərhal sonra Vəzirov zamanın inqilabi ruhuna uyğun olaraq “ümumşəhər mitinqi” çağırdı. Yeni rəhbərin kim olduğunu və rəhbərliyə nə ilə gəldiyini öyrənmək üçün mayın 21-də mən də meydana yollandım.

Məncə, o, Lenin meydanında çox uğursuz bir çıxış etdi, nəinki Azərbaycandakı, hətta SSRİ-dəki siyasi hadisələrin mahiyyətini düzgün dərk etmədiyini göstərdi. Onun nitq qabiliyyəti çox bərbad idi, ana dilində düzgün və səlis danışa bilmirdi. İnsanlar ona əvvəlcə çox müsbət yanaşır, ondan nə isə yaxşı bir iş, heç olmasa düzgün bir söz gözləyirdi. O isə kütləyə mərkəzin körüklədiyi münaqişə fonunda artıq bayağılaşan beynəlmiləlçilik barədə yuvarlaq ibarələri yağdıra-yağdıra qəlblərdəki ümid çırağını söndürür, insanlarda özünə qarşı ikrah oyadırdı. Çıxışında “əliyevşinanın qurbanına çevrilmiş” bir mühəndis dostundan söhbət açanda meydan uğuldamağa başladı. Natiq dinləyicilərin ovqatını tutmayıb çıxışını əvvəlki minvalla davam etdi, pamidorun qiymətinə gəlib çatanda meydan onu fitə basdı.

Vəzirov elə ilk çıxışında göstərdi ki, kütlə ilə onun istədiyi və qəbul etdiyi dildə danışa bilmir. Həmin gündən, o, kütlənin rəhbər vəzifə tutanlara avans olaraq verdiyi etimadı itirə-itirə öz qısa ömürlü “padşahlığı”na başladı.

Mitinqdən sonra bəzi adamlar kütləni Ermənikəndə yönəldib orada talan törətməyə cəhd göstərdi. Sonradan mənə nəql etdilər ki, qızışmış kütləni sakitləşdirib ram etmiş mənə tanış olan adamlar arasında Bəxtiyar Vahabzadə və Nəriman Qasımzadə də olmuşdu. Beləliklə, Vəzirovun təşkil etdiyi ilk mitinqdən sonra da, əvvəlki mitinqlərdən sonra olduğu kimi, Bakıda erməni talanı təşkil etmək cəhdi alınmadı.

Kimsə, hansısa mütəşəkkil qüvvə böyük inadla Bakıda talan törədib xalqımıza növbəti qara ləkəni vurmaq, düşmənlərimizə növbəti hədiyyə vermək, onu bizə qarşı silahlandırmaq cəhdlərini elə-hey təkrar edirdi. Bundan başqa, ölkədə artan xətlə gedən münaqişə və talan dalğası SSRİ-ni bir dövlət kimi aşındırıb dağıdırdı və sosializmin qlobal düşmənlərinə xeyir idi. Zaman göstərdi ki, bu qara qüvvə həm məkrli, həm tədbirli, həm də amansız idi. Və istədiyinə çatana qədər inadından dönmədi.

Gün kimi aydın idi ki, Qorbaçov öz komsomol həmkarına Heydər Əliyevin həbsinə şərait yaratmaq tapşırığı verib. Əliyevin işlərinin üstünü açmaq üçün Azərbaycana SSRİ DİN və Baş Prokurorluğunun çoxsaylı müstəntiq qrupları ezam olunmuşdu. Onlar Azərbaycanın bir neçə rayonunda irimiqyaslı cinayət işlərini aramağa başladılar. Həbs təhlükəsi cinayət törətmiş yüzlərlə və minlərlə partiya-təsərrüfat nomenklatura xadiminin başının üstünü aldı.

Təhlükə bu zümrəni əks-tədbir görməyə sövq etdi. Respublikada “kim-kimi” savaşı başladı. Bu savaş aşkar getmirdi, üzdə yalnız Vəzirov var idi. Əski hakim zümrə isə aşkar döyüşdən yayınır, üzdə Moskvanın təyin etdiyi Birinci katibə itaət edir, gizlində isə əlaltılarının əlilə kütləni onun əleyhinə qaldırırdı. Bunun üçün münbit zəmini Qarabağ müşkülü yaradırdı.

Nomenklatura zümrəsi həm təşkilati baxımdan, həm də psixoloji cəhətdən səfərbər idi. Bu zümrənin necə əlbir hərəkət etdiyini təsəvvürünüzə gətirmək istəyirsinizsə, sənədli filmlərdə təyyarədən dənizdə üzən çoxsaylı balıq sürüləri çəkilmiş filmləri yadınıza salın. Budur, bir neçə yüz min balıq bir istiqamətdə üzür. Sonra hamısı ani olaraq sola dönüb üzür. Yenə sanki əmr alıbmışlar kimi, mütəşəkkil halda sağa dönüb üzür. Bu, bioloji instinkt səviyyəsində verilən siqnalların təsiridir. Nomenklatura zümrəsi də öz maddi marağını instinkt səviyyəsində beləcə gözəl anlayır və hətta təşkilati çərçivə olmadan belə siyənək sürüsü kimi əlbir və mütəşəkkil hərəkət edir.

Yeni Birinci katib Qorbaçovun tapşırığını icra etmək üçün mütləq “əliyevçi” hakim zümrə ilə ölüm-dürüm savaşına girməli, sadə xalqa və təmiz ziyalılara söykənməliydi. Vəzirov isə bunun tam əksini etdi: həmin nomenklaturaya və onun MK-nə söykəndi. Əski hakim zümrə onun bu səhvindən yüzdə yüz istifadə etdi.

Həmin illərdə Respublika prokuroru olmuş İlyas İsmayılovun müəllifə dediklərindən:

“Özbəkistanda “pambıq işi”nin nəticəsi olaraq sabiq Birinci katib Rəşidovu və Baş nazir Səlimovu vurmaq üçün Moskvadan göndərilmiş Qdlyan-İvanov prokuror cütlüyü 5 min rəhbər vəzifə sahibini həbs və mühakimə etdi. Belə bir tale Azərbaycanı da gözləyirdi. Minlərlə ailə başçısı tutulub damlanacaqdı, xanimanlar dağılacaqdı. Mən buna heç cür yol verə bilməzdim.

Şəmkirdə işləyən SSRİ DİN-in istintaq qrupu artıq konkret nəticələr əldə etmişdi. Mən müəyyən adamlara müvafiq tapşırıqlar verdim. Həmin qrupun əməkdaşlarını qonaq apardılar və içizdirdilər. Keflənib bayılmış milis müstəntiqləri ayılıb özlərini təcridxanada gördülər. Hay-küy, hədələr xeyir vermədi. Qarşılarına rayonun məşhurə bir qadınının şikayət ərizəsi əsasında rayon prokurorunun onların həbsi barədə sanksiyasını qoydular. Sən demə, Moskva müstəntiqləri içkili vəziyyətdə olarkən bu xanımın ismətinə kollektiv təcavüz ediblərmiş. Müvafiq şahidlər lazımi ifadələr artıq veriblərmiş.

Mənə SSRİ DİN-dən zəng edib ötkəm tərzdə müstəntiqləri azad etməyimi tələb etdilər. Dedim ki, sovet qanunlarını poza bilmərəm. Bir azdan SSRİ Baş Prokurorluğundan zəng vurdular ki, “İlyas Abbasoviç, oçen prosim razreşit vopros.”(İlyas Abbasoviç, xahiş edirik məsələni yoluna qoyasınız). Dedim ki, rayonda abırlı və həyalı bir qadın kimi tanınan bu xanıma təcavüz etmiş müstəntiqləri buraxsam, rayon əhli ayağa qalxar, rayonu dağıdar, dövlətin əsasları sarsılar. Xeyli yalvar-yaxar və xahiş-minnətdən sonra razılaşdım ki, işin istintaqını Rusiya prokurorluğuna ötürüm, müstəntiqləri də oraya qandallı yatab edim. Beləliklə, bu qrup işini sona çatdırmadan respublikanı tərk etməli oldu”.

Digər müstəntiq qruplarının işini bir azdan AXC pozub dağıdacaqdı. Oxucum, hadisələri izlə və onların məntiqini anlamağa çalış. Hər halda bu məntiqi mən belə dərk etmişəm.

Devrilməyinə çox az müddət qalmış Vəzirov özü televiziya ilə çıxışında etiraf etdi ki, “mənim vəzifədən kənarlaşdırılmağım üçün sexoviklərin neçə milyon ayırdıqlarını gözəl bilirdim”.

Vəzirovun “əliyevşinaya” qarşı qaldırdığı mübarizə bayrağının altına bir neçə təmiz və vicdanlı ziyalı ilə yanaşı, xeyli fürsətçi vəzifə aşiqi də toplaşdı. Məhz onlar vicdanlı və savadlı naxçıvanlı və ermənistanlı mütəxəssislərə qarşı qərəzli hücumlara və təzyiqə başlayanda Vəzirovun girişdiyi siyasi mübarizə cəmiyyətin saflaşmasına deyil, intriqa aşiqlərinin öz çirkli məqsədlərinə çatmasına xidmət edən və uğursuzluğa məhkum növbəti siyasi kampaniya kimi qavranmağa başladı.

Respublika mətbuatı Heydər Əliyev dövründə “sosialist qanunçuluğunun kobud pozulması” hallarından məqalələr çap etməyə başladı.

DQMV-də baş alıb gedən “sosialist qanunçuluğunun kobud pozulması” ilə müqayisədə aktuallığını itirmiş keçmiş cinayətlərin şövqlə araşdırılması camaatı qıcıqlandırır və Vəzirova qarşı ikrah doğururdu. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə şərlənib haqsız tutulanlar barədə dərc edilən məqalələrdə əsl həqiqət olsa da, “bəs hakimlər kimdir?” sualı səslənəndə erməni irridentistlərinin havadarlarının simaları ön plana keçirdi və bu məntiqsizlik aşkarlanan şəksiz həqiqəti kəsərdən salırdı.

Kampaniya Moskva mətbuatında da gedirdi. Mərkəzi qəzetlərdə işləyən azərbaycanlı jurnalistlər böyük əks-səda doğurmuş bir neçə məqalə çap etdirdilər. “Sosialistiçeskaya industriya” qəzetində Cavanşir Məlikovun tutarlı dəlillərlə zəngin məqaləsi uzun müddət müzakirə olundu. Lakin yalnız azsaylı ziyalılar nahaq tutulmuş milis zabiti Nahid Əliyevin, biologiya elmləri doktoru Nadir Mehdiyevin və “Teatralnı insitut”un sabiq rektoru Rahib Əliyevin sındırılmış taleləri ilə maraqlandı.

Geniş kütləni isə “ermənilərə cavab” maraqlandırırdı. Bu cavabı isə “əliyevşina” ilə mübarizəyə qurşanmış yeni rəhbərlik heç cür verə bilmirdi. Milli münaqişə cəmiyyətin və dövlətin saflaşması uğrunda mübarizəni arxa səfə itələyib əhəmiyyətsiz edirdi.

Şəxsən mənim Vəzirovla ilk görüşüm onun Moskvada guya onun qələbəsi ilə nəticələnmiş və Ümumittifaq televiziya ilə göstərilmiş SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Qarabağ məsələsinə həsr edilmiş müzakirəsindən sonra, 1988-ci lin iyun ayının sonlarında baş verdi.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin iqamətgahının beşinci mərtəbəsində yerləşən müşavirə otağında biz, üç nəfər Bakı Alimlər Klubunun (BAK) fəalı – Tofiq Qasımov, Leyla Yunusova və mən – üstəgəl Moskvada, Sov.İKP-nın konfransında “ermənilərə cavab”ın müəllifi Eldar Namazov və qardaşım Araz Əlizadə Vəzirovu gözləyirdik.

Otağa cəld addımlarla bəstəboy bir adam daxil oldu. Onu görcək ağlıma ilk gələn fikir – “necə də erməniyə bənzəyir” oldu. Əslən qarabağlı Vəzirovun zahirən erməniyə bənzəməsində heç bir təəccüblü məqam yox idi: əsrlərboyu birgə yaşayıb qovuşmuş xalqlarda qarışıq nikahlardan törəyən və oxşayan insanlar əsla nadir hadisə deyildi. İkinci ağlıma gələn fikir – “necə də sadədir” oldu. Əynində nazik açıq rəngli parçadan şalvar və “quayabera” adlandırılan, şalvarın üstündən geyilən iri cibli köynək var idi. Heç bir qalstuk, tünd kostyum yox idi!

Mənim Cənubi Yəməndə işlədiyim illərdə inqilabçı ərəb məmurları beləcə sadə geyinərdi. Elə indi fikir verdim ki, Bakı Partiya Komitəsinin birinci katibi Fuad Musayev də qalstuk bağlamamışdı, hərçənd ki, pencək geyinmişdi. Bu kiçik əlamətdən mən belə qənaətə gəldim ki, təzə rəhbər başdan ayağa düymələnən və boynunda daim qalstuk gəzdirən partiya işçilərinin sıralarına müəyyən sərbəstlik gətirmişdir.

Əlimizi sıxıb görüşəndən sonra Vəzirov dedi ki, onun yalnız 40 dəqiqəsi var və müxtəsər danışsaq, hamını dinləməyə onun vaxtı çatar. Əyləşdik və yaşca hamımızdan böyük olan Tofiq Qasımov sözə başladı.

Tofiq müəllim Əbdürrəhman Xəliloviçə bildirdi ki, azərbaycanlı alimlər bir sıra nəzəri elm sahələrində diqqətə layiq nəticələr əldə ediblər, onların tətbiqi baş tutarsa, sənayemiz dünya bazarına rəqabətə davamlı və elmtutumlu məhsulla çıxıb respublikanın büdcəsinə xeyli gəlir gətirə bilər. Vəzirovun sifəti elə bil açıq kitab idi, əhvalını və hisslərini dərhal büruzə verurdi. O, Tofiq müəllimin sözünü kəsib Akademiyanın rəhbərliyinə qarşı kəskin tənqidi fikirlər səsləndirdi. Sözünü də belə bitirdi: “Mərkəzi Komitə bu yaxınlarda Akademiyanın rəhbərliyi ilə bağlı qərar çıxaracaq”.

Tofiq müəllim pərt oldu, o, əsla Akademiyanın rəhbərliyinə qarşı deyildi, sadəcə qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxsə səmərəli təklif vermək istəyirdi.

Söz növbəsi keçdi Leyla Yunusovaya. Leyla xanım Vəzirovun diqqətini vacib məsələyə cəlb etmək istədi: Azərbaycan xalqı öz tarixini lazımınca bilmir, tarix kitabları qəlizdir, xalqın tələbatına cavab vermir. Geniş oxucu kütləsinin anlaya biləcəyi sadə dillə yazılmış tarixi əsərlərin böyük tirajla çapına ehtiyac var. Hər əsrə dair bir dəyərli və maraqlı kitab yaza biləcək alimlərimiz də var.

Burada Vəzirov yenə cuşə gəldi, Akademiyanın rəhbərliyinin yarıtmaz fəaliyyəti barəsində yaxınlarda qərar çıxacağını dedi. Lakin birdən əsəbi çıxışını kəsib Eldar Namazova tərəf döndü və gözlənilməz mülayimliklə ona dedi: “Hə, indi də siz…”

Eldar öz həlim səsi ilə aramla danışmağa başladı: “Yenidənqurma dövründə alimlərin əksəriyyəti etiraf edir ki, Sov.İKP-nin indiyə qədər yürütdüyü siyasət əhalinin maraq və istəklərini, dövlətimizin inkişaf tələblərini tam şəkildə nəzərə almır…”

Bura qədər Vəzirov Eldarı çox sakit və təmkinlə dinləyirdi, zira Qorbaçovun hər gün on dəfə təkrar etdiyi “yeni təfəkkür” sözləri köhnə təfəkkürün mövcudluğunu və aradan qaldırılması zərurətini nəzərdə tuturdu. Eldar davam etdi: “Geniş sosioloji tədqiqatlar vasitəsilə əhalinin gerçək istəkləri və ehtiyacları aşkarlanmalı, cəmiyyətin yeni inkişaf istiqamətləri müəyyənləşməlidir”. Bu yerdə Vəzirovun səbri tükəndi, o, yenidən coşdu, Eldarın sözünü kəsib sübut etməyə çalışdı ki, sosioloji sorğuların nəticələri ilə istənilən siyasi möhtəkir istədiyi fikri əsaslandıra bilər, onun özü cavanlığında az qala sosiologiyadan dissertasiya müdafiə edəcəkdi… Sonra isə mənə tərəf dönüb dedi: “İndi isə siz…”

Mən ondan başladım ki, onun diqqətinə çatdırmaq istədiyim üç məsələ var. Vəzirovun sifəti mənə açıq dedi ki, “tez ol, vaxtım yoxdur, müxtəsər danış!” Neynək, müxtəsər də danışmaq olar. Dedim ki, “ partiya 2000-ci ildə daxili milli məhsulun üçdə birinin kooperativlər və fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar tərəfindən istehsal olunacağını məqsəd kimi qarşımıza qoyur. Lakin icraiyyə komitələri kooperativlərin və fərdi istehsalçılarin qeydiyyatına mane olur. Bürokratiyanın yeniliyə müqavimətini qırmaq üçün şəxsən Birinci katibin rəhbərliyi ilə bir qurum yaradılıb bu yeni təşəbbüsə həyan olmaq lazımdır. Cəmi iki-üç süründürməçi məmuru cəzalandırmaq kifayətdir ki, qalanları düzgün nəticə çıxarsın”.

Vəzirov sözümü kəsib dedi: “Mərkəzi Komitə bu məsələ ilə məşğul olacaq”.

Keçdim ikinci mətləbə. Dedim ki, SSRİ xalq təsərrüfatının idarəçiliyinin səmərəsi ildən ilə aşağı düşür. Alimlər bunun səbəbini də göstərirlər. Bir mərkəzdən belə böyük və mürəkkəb sistemi idarə etmək mümkün deyil. İslahat gərəkdir, respublika təsərrüfat hesabına keçmək lazımdır.

Vəzirov özündən çıxdı və eston separatçılarından əxz edilmiş fikirlərin Azərbaycan KP MK-da müzakirə olunmasına yol verməyəcəyi barədə alovlu bir nitq söylədi. Sonra yenə lapdan sakitləşdi və dostcasına dedi: “Üçüncü…”

Burada mənim hövsələm daraldı və mən səsimi bir qədər qaldırdım: “Əbdürrəhman Xəlıloviç, mən 20 ildir ki, Sov.İKP-nin üzvüyəm və görürəm ki, partiya günü-gündən hörmətdən düşür . Partiya xalqla əlaqəsini itirir, partiya gələcəyə baxmır, onun zəka cəsarəti yoxdur. Mən sıravi kommunist kimi sizə, Azərbaycan Kommunist Partiyasının başçısına təklif edirəm ki, növbədənkənar qurultay keçirək. Sov.İKP MK-nın qurultay nümayəndələrinin təyinatı haqqında təlimatlarını tullayın kənara! Gəlin, kommunistlər arasında ədalətli və demokratik seçki keçirək! Gəlin, müşküllərimizi açıq və vicdanla müzakirə edək! Gəlin, partiyaya yeni nəfəs, yeni ruh verək!”

Vəzirov təəccüblə soruşdu:

– Bəs Mərkəzi Komitə? Bəs onun aparatı? Onların taleyi necə olacaq?

– Mən məgər onların güllələnməsini təklif edirəm? Hər birinin cibində ali təhsil diplomu var, qoy gedib ixtisasları üzrə işləsinlər.

Vəzirov sakit səslə:

– Mərkəzi Komitə hadisələrin nəbzini tutur, onları izləyir və düzgün qərar çıxarmaq iqtidarındadır.

Burada söhbətə Araz qarışdı:

– Bu Mərkəzi Komitə Əliyevin istehsalının məhsuludur. Elə-hey MK, MK deyirsiniz. Mən isə sizə deyirəm ki, əgər siz onu dağıdıb yerinə təzəsini yaratmasanız, bu MK sizi yeyəcək. Sabotaj və sizin gözdən salınma əməliyyatı artıq başlamışdır, sizin isə bundan hətta xəbəriniz yoxdur.

Bu sözlər Vəzirova yaman toxundu. O, ehtirasla Arazı inandırmağa başladı ki, MK onun tərəfindədir, xalq ona hörmət bəsləyir və MK-nın siyasi xətti düzgündür.

Araz onun sözünü kəsdi:

-Əliyev sizin gözünüzü elə qorxudub ki, dünyaya bu qorxu pəncərəsindən boylanırsınız.

Vəzirov Arazın sözünü kəsdi. Araz Vəzirovun sözünü kəsdi. Beləcə onlar iki saat mübahisə etdilər. Hər ikisi tərləmişdi, köynəkləri bədənlərinə yapışmışdı. BAK üzvləri ayrılmış 40 dəqiqədən artıq danışmamışdı, lakin lal-dinməz oturub iki höcət həvəskarının qızğın mübahisəsini dinləməli olduq. Çox güman ki, Arazın açıq səsləndirdiyi fikir Vəzirovu da daxilən narahat edirdi, odur ki, qızğın mübahisədə bu fikirdən daha çox öz dəruni şübhələrinə qalib gəlmək, onları dağıtmaq istəyirdi.

Kimsə barmaqlarının ucunda ehmallıca Vəzirova yaxınlaşdı və qulağına nəsə pıçıldadı. Vəzirov sanki ayıldı, ayağa qalxıb dedi: “Nə isə. Uşaqlar, bu qədər bəsdir. Zaman özü göstərəcək ki, mən nə qədər haqlı idim, siz isə nə qədər yanılırdınız”.

Biz aşağı endik. Nəhəng, əzəmətli, mərmər örtüklü binanın qarşısında dayanıb bir-birimizə baxdıq. Əhvalımız xeyli pərişan idi. Tofiq Qasımov dedi: “Vəssalam. Artıq sözə ehtiyac yoxdur. Gedim evimə, yarımçiq qalmış təmirimi davam etdirim”. Eldar Namazov köksünü ötürüb dedi: “Mən məyusam. Bu adam hansı dövrana düşdüyünü anlamır. Azərbaycanın taleyindən nigaranam. Bu adam xalqı müdafiə edə bilməyəcək”. Leyla əsəbi güldü: “Bu adam durğunluq dövrünün adamı deyil. Bu adam ondan da əvvəlki zəmanənin məhsuludur. O, 50-ci illərdən qırılıb qopub və gəlib bizim günə düşüb”. Burada mən dilləndim:”Siz haqlısınız. Ona heç bir ümid bəsləmək olmaz. Qalır bircə çarə, Azərbaycanda Xalq Cəbhəsi yaratmaq lazımdır”. Tofiq güldü və dedi: “Boşla, Zərdüşt. Bizim xalq hara, Xalq Cəbhəsi hara…”

Araz Bakı Sovetinə, öz iş yerinə yollandı. Eldar öz işinin dalıyca getdi, biz üç nəfərsə, virtual BAK-nun üzvləri –Tofiq müəllim, Leyla xanım və mən – “Nağıl” tortu alıb Leylagilə çay içməyə, öz fəaliyyət istiqamətlərimizi müzakirə etməyə yollandıq.

Azərbaycanda hadisələr Vəzirovun deyil, onunla görüşə gəlmiş sıravi vətəndaşların təxmin etdiyi məcrada getdi. Lakin bu vətəndaşlar da bəzi məsələlərdə yanıldılar, xüsusilə yenidənqurmanın qələbəsinə və xalq hakimiyyətinin qurulmasına bəslənən ümidlər tezliklə puça çıxdı, zira tarixin gedişinə çox qüdrətli başqa amillər təsir etməyə başladı. Bir azdan yenidənqurma və onun sosializm quruluşunu xilas etməli islahatçı idealları unuduldu, hadisələrin səthinə ölkəni dağıtmağa və ümumxalq mülkiyyətini yağmalamağa köklənmiş yırtıcı millətçilik məfkurəsi qalxdı, naqis “inkişaf etmiş sosializm”in bətnində yetişmiş tüfeyli məmur burjuaziyası ona yabançı olan qeyri-mafioz və bacarıqsız Birinci katibi qanlı “20 Yanvar” təxribatı vasitəsilə çeynəyib tüpürdü. Vəzirov Azərbaycandan qaçıb getdi.

Vəzirov nə deyirdi və xalq nəyə görə onu qəbul etmirdi? Əvvəla, Vəzirov “aliyevşina”nın siyasi bir təzahür kimi xalq üçün böyük təhlükə olduğunu deyirdi. Haqsız idimi? Müxalifət indi nəyin acısını çəkir və nəyə qarşı, guya ki, mübarizə aparır?

Vəzirov deyirdi: “Hələ ki, Qarabağ bizdədir, ermənilərlə danışığa getməliyik”. Azərbaycan hakimiyyəti indi, Qarabağı itirəndən sonra, 25 ildir nə ilə məşğuldur? Vəzirov deyirdi ki, ingilis dilini və kompüteri öyrənin. Camaat onu lağa qoyub adına “bambılı” deyirdi. İndi ingilis dilini və kompüteri bilməyəni heç bir sərfəli işə götürmürlər.

Vəzirov deyirdi: “Qoz ağacı əkin, nəvələriniz bəhrəsini yesin”.

Pismi deyirdi? Kimin dədəsinə söyürdü?

Vəzirov deyirdi: “Zibili polietilen torbalara yığıb tullayın”. İndi kim zibili o vaxtlar etdiyimiz kimi, vedrəyə yığıb tullayır?

Vəzirov deyirdi: “Müxalifət hakimiyyət üçün hələ yetişməyib, tələsməyin, sizin də vaxtınız gələcək”. Nə oldu? “Tələsən təndirə düşər”.

Vəzirov vəzifəyə təzə təyin olunanda sadə xalqla görüşməyi sevirdi. Bir dəfə camaatın sıx olan yerində birdən dönüb yanındakı partokratdan soruşur: “Çem vonyayet?” (Bu, nə qoxudur?) Partokrat gözünə döndüyüm də deyir ki, “Narodom vonyayet, tovariş Vezirov”. (Xalqın qoxusudur, yoldaş Vəzirov) Vəzirov da təəccüblə soruşur ki, “A poçemu oni vonyayut?” (Bəs onlar niyə qoxuyurlar?) Partokrat da deyir ki, “Oni ne moyutsya, tovariş Vezirov, u nix net bani i duşevıx” (Onlar çimmirlər, yoldaş Vəzirov, onların hamamı və duşları yoxdur). Onda da Vəzirov xalqı nə dərəcə təhqir edəcəyinin fərqinə varmadan bolşevik coşqunluğu ilə xalqa müraciət edib demişdi: “Yoldaş Azərbaycan xalqı, hamam tikin!”

Bax, bu təhqiri xalqımız heç cür qəbul edə bilmədi və onu qovdu. Qovdu və yenə də qoxuyur. Avtobus, metro və sinif otaqlarında milli rayihəni kim duymur?

Vəzirov vəzifəyə gələndən sonra AKP MK-nın Birinci katibinin iqamətgahını serebral iflicdən əziyyət çəkən uşaqlar üçün müalicə ocağına çevirdi. Sümükləri əyilmiş əlilliyi olan uşaqlar burada müalicə alır, hovuzda üzür, ömürlərində görmədikləri rahatlığı hiss edirdilər. Təbii ki, “ömrünün qalan hissəsini xalqa həsr etmək” üçün hakimiyyətə qayıtmış ulu öndər xəstə uşaqları oradan çıxardı və Azərbaycanın rəhbəri üçün tikilmiş iqamətgaha köçdü.

Həmin vaxt AKP MK-nın işlər müdiri işləmiş tələbə yoldaşım Tamerlan Nağıyev mənə nəql etdi ki, Vəzirovu işdən çıxarıb təyyarə ilə Moskvaya aparanda ona nə iynə vurmuşdularsa, ikiqat şişmişdi və özündə deyildi. Təbii halına bir neçə gündən sonra qayıtdı.

Lakin Vəzirov heç də tamamilə dürüst və sadə insan deyildi. Onu hadisələrin və talenin günahsız qurbanı saymaq da düzgün olmazdı. Onun hərəkətlərində hansısa ümumi gizli bir nəqşənin ünsürlərini sezmək mümkün idi. Məsələn, Bakı Şəhər Partiya Komitəsinin katibi Fuad Musayev deyirdi: “Mən bu təxribatçı Nemət Pənahovu tutdururdum, Vəzirov əmr verib onu azad etdirirdi”.

Bu, nə idi? Nemətin Heydər Əliyevin köməkçisi olmuş, həmin vaxtsa Nərimanov Rayon Partiya Komitəsinin katibi işləyən Rəfael Allahverdiyev tərəfindən kimin xeyrinə idarə edildiyini məgər Vəzirov bilmirdi?

Deyək ki, Vəzirov respublika rəhbərliyini xərçəng metastazları kimi çulğalamış korrupsiyanın və yerliçiliyin miqyasından xəbərsiz idi və kor-korana Moskvanın siyasi müdrikliyinə inanırdı. Lakin onda talan və qırğın ərəfəsində söylədiyi “AKP və AXC bir yumruq kimi birləşir” əbləhmi, məkrlimi ifadəsi nə demək idi? Kim şəhər və rayon partiya komitələrinə göstəriş verə bilərdi ki, AXC-nin yerli təşkilatlarını bu hakimiyyət binalarını tutmağa sövq etsin? Axı gün kimi aydın idi ki, əgər AXC-nin yerli təşkilatları lənkəranlı Ələkrəm Hümmətovun nünunəsini təkrarlayıb AKP-nın yerli təşkilatlarının binalarına, hətta qonaq sifətilə, girib orada otursaydılar, mərkəzi hakimiyyətin əlinə “dövlət çevrilişi” ittihamı üçün təkzibedilməz sübut verərdilər.

Deyilənə görə, Əbdürrəhman Vəzirov illər keçəndən və ehtiraslar soyuyandan sonra bir dəfə Bakıya gəlib Şəhidlər Xiyabanını ziyarət etmiş, orada uyuyan biçarə qurbanların məzarlarının üstünə gül qoymuşdu.

İllərboyu azərbaycanlı jurnalistlər Vəzirovdan müsahibə götürməyə cəhd etsələr də, o, həmişə eyni cavab vermişdir: «Уходя – уходи» (“Getmisənsə – get”), yəni mən bu dövlət və xalqdan birdəfəlik üzülüşmüşəm.

Lakin hər necə də olsa, Əbdürrəhman Xəliloviç tarix qarşısında özünə bəraət qazandırmaq naminə xatirələrini “Parterin ön sıralarında” adlı kitabda nəşr etmişdir. Özü də dərk etmədən, necə də sərrast ad seçmişdir! Parterdə, hətta ön sıralarda kimlər əyləşir? Tamaşaçılar. Tarixin dramasını isə oynayan aktyorlar harada olurlar? Səhnədə!

Vəzirov səmimi yazır ki, onun yeri parterin ön sıralarında olub, səhnədə yox. Səhnədə olmaq üçün Allah ona nə zəka, nə bəsirət, nə də qabiliyyət verib.

Lakin tarixin kinayəsi Azərbaycanın siyasi səhnəsində özünü birinci məqama ona layiq olmayan birisini yerləşdirməklə büruzə vermişdi. Məhz buna görə Vəzirov xalqımızın yaşadığı faciənin həm birinci qurbanlarından, həm də birinci baiskarlarından sayılmalıdır.

Ana səhifəMənim FikrimcəƏn yeni tariximizdən: Bizi kimlər hara aparırdı və aparır?