“Ən mühüm səbəb 100-150 milyard neft gəlirini həzm-rəbedən keçirməkdir”(VİDEO)


“Azərbaycanda istibdad o qədər sərt şəkildədir ki, daha bir sərt istibdadın qurulmasına imkan yoxdur”


Azərbaycan siyasi gündəmin müzakirəsində həm də baş nazirin birinci müavini Yaqub Eyyubovun rusiyalı həmkarı Roqozinlə görüşündə səsləndirdiyi fikirlərdir. Cənab  Eyyubov Rusiyanı heç bir təzyiqlə sındırmağın, əyməyin mümkünsüz olduğunu bildirib və səbəb kimi şimal ölkənin böyük əraziyə, tarixə, iqtisadi imkanlara malik olduğunu göstərib. Onun fikirlərinin əsas məğzi Avropa Birliyi və ABŞ-nin Rusiyayla sanksiyalarla danışmaqda səhv etməsidir. Politoloq Zərdüşt Əlizadəylə söhbətimizdə həm bu, həm də hakimiyyətin apardığı daxili siyasətin bəzi aspektlərinə toxunduq.



Zərdüşt bəy, baş nazirinin birinci müavini Yaqub Eyyubovun rusiyalı həmkarı Roqozinlə görüşündə səsləndirdiyi fikirlərlə tanışsınız. Yaqub Eyyubovun açıqlaması yalnız Rusiyaya, yoxsa Qərbə də bir mesajdır?

–         Əvvəla, siyasətşünas kimi deyə bilərəm ki, Rusiyadan daha böyük dövlətlər sınıb. SSRİ Rusiyadan böyük idi, o zaman Rusiyadan başqa 14 respublika da vardı, amma dağıldı. Ona görə dağılmadı ki, SSRİ-yə atom bombası atdılar. SSRİ-nin daxili siyasi quruluşu, xalqla hökumət arasında münasibətlər ölkəni çökdürdü. Bu baxımdan Rusiyanın böyük ölması, əhalinin çox olması inandırıcı dəlil deyil ki, cənab Yaqub Eyyubovu görkəmli siyasətşünas sayaq. Digər tərəfdən, mən onun çıxışını oxuyanda belə qənaətə gəlirəm ki, o, bu fikirləri özündən deməyib. Yəni bu ona “yuxarıdan” verilmiş tapşırıqdır.



“Yuxarıdan” deyəndə, prezdent, yoxsa Ramiz Mehdiyev səviyyəsində tapşırığı nəzərdə tutursunuz?

–         Ramiz Mehdiyev baş nazirin birinci müavinin rəhbəri deyil, onun rəhbəri prezidentdir. Daha doğrusu, Artur Rəsizadədir, amma baş nazirin uzunmüddətli məzuniyyətdə olduğunu nəzərə aldıqda, Yaqub Eyyubovun başçısının prezident olduğunu deyə bilərik. Yaqub Eyyubov İlham Əliyevin apardığı siyasəti duyur, bilir və anlayır ki, məlum açıqlamasıyla prezidentin siyasətini dəstəkləyir. Prezidentin siyasətinin nə üçün Rusiyanı dəstəkləməsinə gəlincə, bunlar eyni tipli hakimiyyətlərdir. İnhisarçı, korrupsiyaya uğramış, avtoritar, demokratiyadan çəkinən, xalqı əsarətdə saxlayan quruluşlardır.



Yəni Putinin Rusiyada apardığı daxili siyasətini Azərbaycan hakimiyyəti daxildə təkrarlayır?

–         Xeyr, daha doğrusu, Heydər Əliyevin Azərbaycan xalqının başına gətirdiyi bütün oyunları Putin Rusiyada edib. Generalın cığırdaşı podpolkovnikdir, əksinə deyil. Qaldı cənab Eyyubovun sözlərinin həqiqətə uyğunluğuna, Ukrayna olaylarına görə Qərbin Rusiyaya qarşı iqtisadi tədbirlərinin səmərəsinin olmadığını görürürük.



Və Yaqub Eyyubov da Rusiyayla sanksiyalar dilində danışmağın mümkünsüzlüyünü vurğulayıb…

–         Olar, amma səmərə verəcəkmi? Heç kəs Qərbə sanksiya diliylə danışmağa qadağa qoya bilməz. Amma əks tərəfin bunu qəbul edib-etməməsi başqa məsələdir. Məsələn, 1963-ci ildən Kubayla sanksiya diliylə danışırlar, Fidel Kastro isə gülür, heç bir təsiri yoxdur. Bəli, Kuba xalqının kasıb yaşadığını deyə bilərlər, düzdür, kasıbdırlar. Ancaq Fidel Kastroya sadiqdirlər. Cənab Eyyubovun açıqlamasının Azərbaycana nə gətirir sualına gəlincə, Ukrayna-Rusiya arasında olan ən mühüm nöqtələrindən biri Krımın ilhaq edilməsindən sonra bunun BMT TŞ-na çıxarılması idi. Həmin məsələdə Azərbaycan prinsipial şəkildə beynəlxalq hüquqa hörmət edərək Krımın Rusiya tərəfindən ilhaqının əleyhinə səs verdi. Bu, Qərblə həmrəylik və Azərbaycanın milli maraqlarına cavab verən bir mövqe idi. Əsas məsələ budur, yəni Bakı Krımın ilhaqına yox deyib. Amma bugün Ukrayna-Rusiya arasında, Avropa Birliyiylə assosiasiya sazişinin imzalanmasıyla bağlı hansısa çəkişmə xalqlar arasındakı yox, mafiya qrupları arasındakı çəkişmədir. Söhbət Rusiya və Ukraynanı idarə edən mafioz qrupların iqtisadi mənafeləri uğrunda çarpışmasıdır. Hər iki xalqa bu çarpışmadan heç nə gəlmir. Azərbaycan da məhz hakim zümrənin siyasi maraqlarına uyğun olaraq bu məsələdə Rusiyanın yanındadır.



Niyə Rusiyanın? Axı siz həmişə ölkəyə rəhbərlik edənlərin var-dövlətlərinin Qərbdə olduğunu deyirsiniz…

–         Bəli, Qərbdədir. Amma həmin var-dövlət hələlik Qərbin qanunlarının və iqtisadi maraqlarının kölgəsindədir. Ikinci, sual verirəm, nə üçün bir çox cəbhəçilər hakimiyyətin tərəfinə keçdilər. Ona görə ki, pul, mənfəət, mənafe və təhlükəsizlik var. Azərbaycan hakimiyyəti də Qərbin Rusiyayla Ukrayna naminə çəkişməsində daha güclü olan tərəfin yanında dayanıb.



Hakimiyyət bununla nə qazanacaq, Qarabağımı? Axı Qərbin Rusiyaya qarşı sanksiyaları həm də Krımı işğalına görə deyilmi? Necə ki, Qarabağı da Rusiya işğal edib…

–         Malı-mala qatmayaq. Hakimiyyətimiz çox praqmatikdir, vəziyyəti düz təhlil edib nəticə çıxarır, strateji yox, taktiki baxımdan. Hakimiyyətdəkilər çox gözəl bilirlər ki, Qərb prinsipial deyil, yəni onlar yeri gələndə beynəlxalq hüququ pozurlar da, amma bunu president hesab etmirlər. Nümunə Kosovanın müstəqilliyinin tanınması. Hərçənd ki, Kosovayla Krım arasında heç bir fərq yoxdur. Krım əhalisinin əksəriyyəti rusdur və onlar Rusiyaya birləşmək istəyirlər. Heç kəs onları zorlamadı və Kosovadan fərqli olaraq referendum keçirdilər.



Ancaq referendumun keçirilməsində FTB-nin rolu danılmazdır…

–         Bütün seçkilər hakimiyyət qurumlarının təsiri olmadan keçmir. Məgər, Azərbaycanda seçkini hakimiyyət özü təşkil edib keçirmir.



Siz Skandinaviya ölkələrini də bu sıraya daxil edirsiniz?

–         Onlarda vəziyyət başqadır.



Çünki bütün seçkilərdən danışdınız…

–         Skandinaviya dünyada istisnadır, hətta Almaniya, Fransa, İtaliyada xalq səs verərkən müəyyən siyasi texnologiyaların təsirinə məruz qalır.



Amma FTB-nin keçirdiyi siyasi texnologiya tamam başqa şeydir…

–         Mən əminəm ki, Ukraynada dərəbəylik, mafioz qrupların səviyyəsiz davası, xüsusən telekanallarda gecə-gündüz millətçilərin çıxışları fonunda Krımın rus əhalisinin müstəqillik qərarının demokratik qəbulu məndə şübhə doğurmur.



Qayıdaq Azərbaycan hakimiyyətinə, rəsmi Bakı nə istəyir, bununla Qarabağı geri qaytaracaq?

–         Sizin sualınız ya siyasi sadəlöhvlüyünüzdən, ya qəlbinizin təmizliyindən xəbər verir. Çünki ortalığa Qarabağ məsələsini çəkirsiniz.



Ona görə ki, hökumətin təbliğat maşını belə deyir…

–         Sənin təbliğat maşınının qurbanı olmağa haqqın yoxdur. Onlar Qarabağ desələr də, gündəlik, strateji məsələlərdə Qarabağ məsələsi yoxdur. Bu müzakirələrdə hakimiyyətin davamlılığı, hakimiyyətdə qalmaq, cəzasız olaraq Azərbaycanın sərvətlərini müəyyən şəxsi ciblərə yönəltmək qayğısı birinci yerdə dayanır. Ona görə Rusiya hakimiyyətinin Azərbaycan hakimiyyətini dəstəkləməsi çox vacib şərtdir.



Bəs daxildə vergidən yayınma, xuliqanlıq, narkotika ittihamları aparılan həbslər hansı səbəblərdən doğur?

–         Mən indiki həbsləri görəndə, Azərbaycan hakimiyyətinin ideoloqu, dahi siyasətşünas Südabə Həsənovanı xatırlayıram. O, ədliyyə naziri olanda demişdi ki, demokratiyanı beşiyində boğmaq lazımdır ki, böyüməsin. İndiki hakimiyyət də demokratiyanı beşiyində boğur ki, böyüməsin. Ona görə müstəqil fikir söyləyən, cəsarəti çatan, əli qələm tutan bütün adamları şərləyib həbs edirlər.



Bu, 2015-ci il parlament seçkilərinə hazırılıqdırmı?

–         Azərbaycanda parlament seçkisi yox, təyinat mərasimi keçirilir. Prezident sarayında siyahı hazırlanıb müzakirə olunandan sonra cənab Əliyevə məruzə edilir. Yəni namizədlər bir-bir müzakirə edilir, onların zaminləri bir-bir ayağa qalxıb “filankəs yoldaş prezident xatrinə Azərbaycanın istənilən marağından keçməyə hazırdır” deyə vəd verir.



O cümlədən, Elşad Abdullayevin dedikləri də rol oynayırmı?

–         Elşad Abdullayevdən əvvəl də hamı seçkilərin necə keçirildiyini bilirdi. Elşad Abdullayev də həmin ora toplaşmışlardan biri olmaq istəyirdi, məqsədi imtiyaz imkanlarını genişləndirmək idi, amma alınmadı.



O zaman indiki həbslər 2015 Bakı Olimpiya oyunlarına hazırlıq deyilmi? Çünki “Eurovision” mahnı yarışmasında aparılan insan haqları kampaniyası Azərbaycana diqqətin yenidən təkrarlanmasını istəmir.

–         Bəli, digər səbəblərlə yanaşı buda bir səbəb ola bilər. Səbəblərdən ən mühümi budur ki, masanın üstündə olan 100-150 milyard neft gəlirini mütləq həzm-rəbeədən keçirmək lazımdır.



Neftin hasilatı və qiyməti düşür axı…

–         Neftin hasilatı düşür, bu başqa məsələ, qiyməti isə nisbətən düşüb. Sən Qubad İbadoğludan soruş, o, belə şeyləri yaxşı bilir.



Ancaq neft mütəxəssisi İlham Şaban müəyyən qədər qiymətdə enmə olacağını deyib…

–         Fərz edək ki, 1 barel 108 dollar idi, indi 105 dollar olub, 3 dollar 1 bareldə itir.



Büdcəmiz 100 dollarla proqnozlaşdırılıb və neftin də qiyməti 96 dollardır…

–         Amma hələ kef üçün imkan var…



Son həbslər sırasında Ermənistanla sülh danışıqlarının tərəfdarları olan şəxslər də həbs edildi, mən Leyla Yunusun, Arif Yunusun, Rauf Mirqədirovu nəzərdə tuturam. Siz də sülh layihəsində olmusunuz, prokurorluğa ifadə verməyə çağrılmamısınız və ümumiyyətlə, hakimiyyətin məqsədi nədir bu cür həbslərdə?

–         Yox, məni çağırmayıblar. Suala gəldikdə, sülh danışıqlarının bu məsələyə heç bir aidiyyatı yoxdur. Bu, şəxsən Leyla Yunusun apardığı siyasətin nəticəsidir, o, açıq-aşkar hakimiyyətlə çarpışırdı, evini sökmüşdülər, pulunu verməmişdilər, çox istəyirdi, ancaq az verirdilər. Hakimiyyətin “Qış bulvarı”nı sökdüyü zaman yol verdiyi qanunsuzluqların hamısı Avropa Parlamentinə, ABŞ Konqresinə, Böyük Britaniyanın nümayəndələr palatasına çıxdı.



Leyla Yunus kəskin tənqid etmək səhvə yol verirdi?

–         Yox, mən elə demirəm. Sadəcə, tənqidin kəskinliyi çox yüksək dərəcədəydi və bu, hakimiyyətin xoşuna gəlmirdi. Həm də tənqid şəxsi idi, buda onun hövsləsini tükəndirdi və Leyla Yunus həbs olundu.



Bəs Leyla Yunusun tənqidi haqlıydımı?

–         Təbii. Adamın evini sökürlər və deyirlər ki, sənə filan qədər pul ödəniləcək, o isə qanunu əsas götürür, amma hakimiyyət istədiyini edir, evi sökür. Həbsdən sonra ittihamlar çox olur, xuliqanlıq, polisin papağını tullaması, vətənə xəyanət və s. Kim ki, hakimiyyətlə münaqişəyə girirsə, bunları göz önünə gətirib hazır olmalıdır. Məsələn, mən İntiqam Əliyevin həbsini izləyirəm, o, özünü çox soyuqqanlı, sakit aparır.



Ümumiyyətlə, indiki gedişat Azərbaycanda demokratik, normal şərait qurulmasını istəyənlərə nə vəd edir?

–         Əvvəla, Azərbaycanda normal demokratik cəmiyyət qurmaq istəyənlərin sayı çox azdır, utandırıcı dərəcədə azdır.



Bütün avtoritar rejimlərdə belə olur…

–         O cür deyil. Hər hansı dövlətin özünün inkişaf səviyyəsi var. Portuqaliyada Salazar diktaturası vardı, ordu qiyam edəndən sonra xeyli demokratik qüvvələr üzə çıxdı. Bizdə ortalığa kim çıxdı, orta əsr feodal təfəkkürlü adamlar. İspaniyada Franko diktaturası yıxılandan sonra qapılar açıldı, üzə xeyli demokratik insanlar çıxdı.



Amma Piriney yarımadasında olan ölkələr Avropada ən geridə qalmış ölkələr sayılır, inkvizasiya da ordan gəlmirmi…?

–         Bəli, nisbətən geri qalmış sayılır, amma bunlar demokratik qitənin ölkələri idi. Biz hansı qitənin ölkəsiyik?



1918-20-ci illər ADR quranların varisləriyik…

–         Gəl, onu da əsatirləşdirməyək. 1918-20-ci illərdəki ADR-nin qurulması Azərbaycan xalqının xidməti deyildi, ümumbəşəri proses gedirdi, Rusiya imperiyası dağılırdı. İmperiyanın tərkibində olan xalqlar nə qurmalıydılar, respublika, yoxsa istibdad?



Ancaq önə ziyalılar çıxdı…

–         Çıxdılar başqa, amma bunu birbaşa bizim xidmətimiz kimi göstərmək lazım deyil. Nə üçün biz müstəqil olduq? Unutma ki, Müsavat federalist partiyası idi, bu təşkilat federal Rusiya istəyirdi. Birinci, Türkiyənin tələbiylə gürcülər Zaqafqaziya Federasiyasından çıxdılar, ondan sonra bu qurumun mənası itdi. Beləliklə, ermənilər və azərbaycanlılar gürcülərin ardıyca məcbur olub müstəqilliklərini elan etdilər.



Sabah Azərbaycanda da vəziyyət dəyişsə, İspaniya və Portuqaliyada olan axın olacaqmı?

–         Azərbaycanda istibdad o qədər sərt şəkildədir ki, daha bir sərt istibdadın qurulmasına imkan yoxdur. Yəni “qaradan o tərəfə rəng yoxdur”.

Ana səhifəVideo“Ən mühüm səbəb 100-150 milyard neft gəlirini həzm-rəbedən keçirməkdir”(VİDEO)