Emin Millinin villaları, Həbib Müntəzirin şirkətləri

Boğulsun Azad söz!

Source:

Axır ki, rəsmi xəbər gəldi. Əslində bir neçə gün öncə məhkəmədə işləyən bibimoğlu bu sevindirici xəbəri vermişdi mənə. Sevincimdən tir-tir əsirdim, hələ də əsirəm. O vaxtdan sizinlə bu xəbəri bölüşməmək üçün özümü güclə saxlayıram. Hətta bir neçə günlük facebooku da bağladım ki, birdən özümü saxlaya bilməyib, yazaram sizə. Şanlı, canlı, imkanlı (düzdü 2 ildi bir az kasıblayıb, amma hələ də pulu var) hökümətimiz uğuruna uğur qatmağa davam edir.

Əvvəlcə Nardarana, daha sonra Lələ-təpəyə bayrağımızı sancandan sonra, uzunmüddətdi muharibə apardığı Meydan tv üzərində qələbə qazanmağına da az qalıb. Hal-hazırda döyüşlər davam edir və Meydan tv-nin 15-dən artıq əməkdaşına cinayət işi açılıb. Biz hər zaman olduğu kimi, bu mövzuda da dövlətimizin və hökümətimizin yanında olmalı və arzu etməliyik ki, Meydan tvnin Berlindəki ofisi işğal olunacaq və ofisin pəncərəsindən Azərbaycan bayrağı dalğalanacaq.

Bizlər isə bu anları Aztv-dən canlı izləyəcək, qürurdan göz yaşlarımıza sahib çıxa bilməyəcəyik. Qürurdan gözləri yaşarmayanları qanlarını yoxlatdırmağa dəvət etməliyik! Bu sətrləri yazdıqca tüklərim biz-biz olur. Bilirəm, xəbəriniz var, amma Meydan tv-nin təqsirli bilindiyi maddələri bir daha yazmaq istəyirəm.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2.(qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda) maddələri. Möhtəşəm!

Hələ bu harasıdır? Azərbaycanın müstəqil mediası da Meydan tv haqqında gerçəkləri yazmalıdı. Çünki qanunsuz külli miqdarda gəlir əldə edən, vergi ödəməkdən yayınan, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, seçki və ya referendum nəticələrini saxtalaşdıran insan daha nələr etməz? Məsələn: Emin Milli Meydan Tv-də 2 dəfədən artıq prezidentliyə namizədliyini vermək üçün referendum keçirtdi, belə bir bənd əlavə elədi ki, əgər Meydan Tv-yə qarşı hər hansı təzyiq olarsa, o zaman heç seçkilərə də ehtiyac yoxdu, Emin Milli prezident kimi qalır.

Meydan tv-də redaktorlar, muxbirlər 120 avro maaş alır. Əgər kimsə buna etiraz etsə, Həbib Müntəzir (Emin Millinin güc strukturu) dərhal həmin adamın yazısında özü səhvlər edir, adamı şərləyib işdən çıxardırlar. Həmin adam yenidən işə qayıtmaq üçün Emin Milliyə əfv ərizəsi yazmalıdır.Meydan tv-də işləyib, sonra pensiyaya çıxanlar isə 85 avro pensiya alır. Bu yaxınlarda Meydan tv-yə gələn grantların sayı azalıb, ona görə Emin Milli borc almaq üçün getmədiyi ölkə, qapısını döymədiyi media, yalvarmadığı yer qalmayıb.

Əvvəlcə Əl-Cəzirə kanalının prezidenti ilə görüşdü, sonra isə Nyu-York Tayms qəzetinin baş redaktoru ilə görüşmək üçün aylarla yalvardı, hətta arada Meydan tv-də hakimiyyəti tərifləyən yazılar da yazdı. Qoy desinlər ki, bunlar müstəqil, tərəfsiz mediadır. Emin Millinin ofşorlarından, hər ölkədə bir villasının olmasından, Həbib Müntəzirin şirkətlərindən danışmağa ehtiyac yoxdur yəqin ki. Azərbaycan müstəqil mediası bunları da araşdırmalıdır.

Bu Meydan Tv özünə tərəfsiz və peşəkar media deyir. Bu məni daha çox qıcıqlandırır. Üç günlük muharibə dövründə şəhid olan 87 əsgərimizin adını açıqlaması əsl vətən xainliyi idi. Müdafiə Nazirliyi 31 deyirsə, deməli 31-dir. Niyə bütün şəhidlərin adını deyib, düşməni sevindirirsiz axı? Niyə xalqı hər şeydən məlumatlı edirsiz? Niyə bizi yazığ eliyirsiz?! Bəlkə Müdafiə Nazirliyi daha az şəhid göstərib, şəhid ailələrinə 11 min manat ödəməyib, dövlət büdcəmizə xeyir vermək istəyirdilər?

Bu çətin günlərdə, neft pullarının azaldığı bir vaxtda ölkəmizin büdcəsinə niyə ziyan vurursuz axı? Meydan tv təkcə bununla kifayətlənmədi, müharibə dövründə xarici qüvvələr tərəfindən araşdırılan Panama Papersi də tirajladı. Nə var, nə var, prezidentimiz və onun ailəsinin Panamada şirkətləri var. Axı, bunun yeri deyildi. Ölkəmiz müharibə şəraitində idi, prezidentimiz 2 milyardcıq pul silib deyə, bunu tirajlamağın vaxtı deyildi axı.

Mən Meydan tv-yə qarşı yürüdülən bu hücumu tamamilə dəstəkləyirəm. Meydan tv tamamilə düşmənlərdən təmizlənməlidir. Boğulsun Azad söz! Ura!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəEmin Millinin villaları, Həbib Müntəzirin şirkətləri