Elnur Əliyev vəzifəsindən azad edildi

Mənbə: Bakupost

İlham Əliyev 1 il öncə nazir müavini qoyduğu şəxslə bağlı sərəncam imzalayıb

Elnur Əliyev Azərbaycan mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev 2022-ci il noyabrın 3-də bununla bağlı sərəncam imzalayıb.

Elnur Əliyev 2021-ci il sentyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

2022-ci il noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi bildirilmişdi.

Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin saxlanılıb və istintaqa cəlb edildiyi deyilirdi.

Lakin noyabrın 3-də Mədəniyyət Nazirliyinin mətbuat xidməti Elnur Əliyevin saxlanılmadığını, hazırda işdə olduğunu bəyan etdi.

DTX-nın keçirdiyi əməliyyat zamanı nazirin birinci müavinlə yanaşı, qurumun Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov, Protokol şöbəsinin əməkdaşı Kamil Rzayevin də saxlanılması haqda məlumat var.

DTX tərəfindən saxlanılan Mədəniyyət Nazirliyinin şöbə müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbsqətimkan tədbiri seçildiyi bildirilir.

Şöbə müdirinin Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə və ya israf etmə) ilə ittiham olunduğu bildirilir.

2022-ci il oktyabrın 26-da Hesablama Palatası dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı ciddi maliyyə pozuntularının aşkarlanmasına dair hesabat yayımlayıb.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

Bu, Mədəniyyət Nazirliyində aparılan ilk əməliyyat deyil. Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nın keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərElnur Əliyev vəzifəsindən azad edildi