Elmar Məmmədyarov: Şərq Tərəfdaşlığında Azərbaycan fərdi yanaşmaya üstünlük verir

O, Bakı ilə Brüssel arasında danışıqlarda insan haqları və demokratiya məsələlərinin çoxdan anlaşıldığını bildirib

Source:


Erkin Qədirli: “Avropa İttifaqının insan haqları və demokratiya ilə bağlı xüsusi standartı yoxdur”

Avropa İttifaqının Qonşuluq Siyasətinə yenidən baxması və “bir ölçü hamı üçündür” yanaşmasından imtina etməsi Azərbaycan tərəfindən dəstəklənib.

Bunu Stokholmda noyabrın 5-də “Şərq Tərəfdaşlığı Proqramı”nın 10 illiyinə həsr edilən konfransda çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bunu xoş bir addım kimi qiymətləndirib:

“Avropa İttifaqı ölkələrin ehtiyac və istəklərinə əsaslanmalıdır. Bu ölkələrin öz seçimləri olmalıdır, Aİ-nin seçimi yox. İndi Azərbaycan, Avropa İttifaqı ilə özünəməxsus və fərqlənən gündəliyi həyata keçirmək üçün Brüsseldən çoxsaylı fərqləndirmə yollarını gözləyir. Şərq Tərəfdaşlığının gələcək prosesini biz belə görürük”, – Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Azərbaycan Şərq Tərəfdaşlığının bu günədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir:

“Şərq Tərəfdaşlığının növbəti onilliyi nə gətirə bilər; onun aləti və ya mexanizmi Azərbaycan üçün nə qədər cəlbedici olacaq; strukturlaşdırılmış bir dialoqun əvvəlki dialoq növündən fərqi necə olacaq; daha çox öhdəlik və ya real, maddi imkanlar olacaq. Şərq Tərəfdaşlığının genişləndirilməsi və ya onun institusional bazasının yaradılması barədə bəzi düşüncələr daxil olmaqla müxtəlif fikirlər eşidirik. Azərbaycan fərdi yanaşmaya üstünlük verir. Biz praqmatik və realist olmalıyıq”.

Nazir Elmar Məmmədyarovun dediklərini Meydan TV üçün şərh edən ReAL Partiyasının üzvü Erkin Qədirli hakimiyyətin Avropa İttifaqı ilə münasibətində bu tezisi illərdir səsləndirdiyini xatırladıb. O qeyd edib ki, hər şey Dağlıq Qarabağ məsələsinə yanaşmadan başlamışdı. Onun sözlərinə görə, bu tezis Ukraynada Maydan hadisələrindən əvvəl səslənirdi.

“Gürcüstanda Mixael Saakaşvili hakimiyyətdəydi. O zaman Avropa İttifaqı Azərbaycandan aydın mövqe istəyirdi. Söhbət Moldova, Gürcüstan və Ukrayna ilə bağlı mövqedən gedir. Brüssel Moldovanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi və Dnestryanını da bu ölkənin tərkib hissəsi qəbul edirdi. Eyni zamanda, Ukrayna və Gürcüstanla da eyni mövqeyi sərgiləyir və bildirirlər ki, Abxaziya, Osetiya, Krım bu ölkələrin tərkib hissəsidir. Azərbaycana gələndə, ərazi bütövlüyümüzü tanıyırlar, amma Qarabağ daxil olmaqla demirlər. Səbəb kimi Ermənistanı göstərib sülh danışıqlarını pozmaq istəmədiklərini deyirlər”, – ReAL rəsmisi deyib.

Erkin Qədirli
Erkin Qədirli

Erkin Qədirli qeyd edib ki, o, Avropa İttifaqının nümayəndələri ilə görüşlərdə Azərbaycanla mövqelərinin aydın olmadığını söyləyib. Onun fikrincə, Azərbaycan həm bu münasibəti, həm də Ukraynanın anlaşmanı imzaladıqdan sonra Rusiyanın hansı sərt addımlar atdığını görəndən sonra belə mövqe sərgiləyir.

“Rusiya oxşar münasibəti Gürcüstana da göstərmişdi. Azərbaycanın Qarabağ və ətraf rayonları işğaldadır, Rusiya şimal bölgəmizdə də oyun çıxara bilər. Nazir Elmar Məmmədyarov “hər ölkəyə spesifik yanaşmaq lazımdır” deyəndə, elə münaqişələri nəzərə alıb. Gizlətmədən deyir ki, vaxtında bizim mövqeyimizi qəbul etmədiniz, indi həmin fikrə gəlib çıxırsınız. Bakı bu riskləri nəzərə almalarını istəyir, Brüssel də hamıyla bağladığı müqaviləni ortaya qoyur. Azərbaycan isə Gürcüstanın və Ukraynanın belə müqaviləni imzaladıqdan sonra Moskvadan hansı təzyiqlərlə üzləşdiyini əsas gətirir. İstənilən halda mən gümanlarla danışıram, amma nazir Məmmədyarovun söylədiklərinə təəccüblənmirəm. Çünki neçə illərdir bu fikri səsləndirirlər”.

Erkin Qədirli rəsmi Bakının Moskva ilə daha ehtiyatlı və Avropadan daha incik mövqedən çıxış etmələsini çox yaxşı anladığını bildirdi:

“Düzdür, Brüsselin arada insan hüquqları, demokratiya məsələlərinin qurban verməsi adamı üzür, amma geosiyasət baxımdan bunlar xırda hesab olunur”.

Erkin Qədirli Elmar Məmmədyarovun “Avropa İttifaqı ilə münasibətdə qarşı tərəf yox, ölkə özü diktə etməlidir” fikrini haqlı sayır:

“Avropalılar da gizlətmədən deyir ki, sizin istəmədiyiniz halda nə imzalayaq, məcbur deyil. Yəni tərəflərdən biri nəsə istəməsə, məcburiyyət kimi öhdəlik qoyula bilməz. Azərbaycanın gözləntiləri və tələbləri Avropa İttifaqını qane etməsə, ikinci buna getməyəcək, eyni şeyi tərsinə də oxuya bilərsiniz”.

O, Bakı ilə Brüssel arasında danışıqlarda insan haqları və demokratiya məsələlərinin çoxdan anlaşıldığını bildirib:

“Aprel ayında biz ReAL-çıları, mənimlə Natiq Cəfərlini ittiham edirdilər ki, gedib Brüsseldə hökuməti tərifləyiblər, satqınlıq və.s. Sonra müqavilənin insan haqları və demokratiya hissəsinin çoxdan razılaşdırıldığı məlum oldu. Əsas razılaşdırılmayan məqamlar ticarət, yükdaşımalar, hava yükdaşımaları və başqalarıdır. Məsələ ondadır ki, Avropa İttifaqının demokratiya və insan haqları ilə bağlı xüsusi standartı yoxdur. Avropa Şurası və onun konvensiyası var, ondan da güclü təminat yoxdur. Azərbaycan Avropa Şurasına üzv olana qədər bu təsisatların durumu daha yaxşı idi. Demək istəyirəm ki, insan haqları, demokratiya Avropa İttifaqının əsas mövzusu deyil. Onların əsas gündəmi ticarət, təhlükəsizlik, iqtisadiyyatdır, bu paketin içində insan haqları da var”.

Amma bütün bunlarla bərabər Erkin Qədirli hesab edir ki, neftin qiymətinin enməsi, gəlirlərin azalmasının indiki vəziyyətində rəsmi Bakı standartların eyni olmasında daha maraqlıdır.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığına altı ölkə – Azərbaycan, Ermənistan, Gürcüstan, UkraynaA, Moldova və Belarus daxildirlər. Bunlar arasında Avropa İttifaqı ilə tərəfdaşlıq anlaşması imzalamayan yeganə ölkədir. Tərəflər arasında danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb.

Ana səhifəSiyasətElmar Məmmədyarov: Şərq Tərəfdaşlığında Azərbaycan fərdi yanaşmaya üstünlük verir