Əliyev öncə Moskvaya, daha sonra Berlinə gedəcək

İlham Əliyev. Foto: president.az

Bakı hələ ki səfərlə bağlı rəsmi məlumat yaymayıb

Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya  işgüzar səfər edəcək.

Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi bildirilir.

Bu barədə məlumatı aprelin 19-da Kremlin mətbuat xidməti yayıb.

Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən, aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, – deyə mətbuat xidməti əlavə edib.

Həmçinin qeyd olunub ki, ölkə başçıları Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər.

Bundan əlavə, Azərbaycanın dövlət başçısı İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Kansleri Olaf Şoltsla görüşəcəyi bildirilir.

Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.

O, ölkə başçılarının ikitərəfli əlaqələrlə yanaşı, xarici siyasət, təhlükəsizlik siyasəti, o cümlədən iqtisadi və enerji mövzularını müzakirə edcəklərini deyib.

Rəsmi Bakı İlham Əliyevin qeyd olunan səfərləri haqda məlumat yaymayıb.

Ana səhifəSiyasətƏliyev öncə Moskvaya, daha sonra Berlinə gedəcək