Əli Mirəliyev

Mənbə: axar.az

Başlıq: Əli Mirəliyev

Əli Mirəliyev: Yuxarıda oturan alverçilər Əməkdar və Xalq artisti adını pulla satıblar

"Hanı bizim fəxri adımız? Yoxdur"

Müğənni Əli Mirəliyev Meydan TV-nin suallarını cavablandırıb.

Telekanllarda bayağı musiqilərdən şikayətlənən ifaçı ilə musiqi təhsili, qalmaqallar, fəxri adlar və digər sual yaradan məqamlara toxunduq.

- Əli müəllim, son illər həm təbii ölüm, həm də pandemiya bir çox sənətkarların vəfatına səbəb oldu. Azərbaycan cəmiyyətində onların yerini doldurmağa potensial görürsünüzmü?

- Görmürəm. İndi sənətdə özbaşınalıq edirlər. Çünki yerlər boşdur. Tofiq Quliyev, Səid Rüstəmov, Elza İbrahimova, Oqtay Kazımov yoxdur. Əlibaba müəllim (Məmmədov-red) səsini çıxarıb danışmır. Arif Babayev, Canəli Əkbərov da susur. Təəssüf ki, bu biabırçılığa reaksiya vermirlər. Efirlərə baxın, nə oyunlardan çıxırlar. Görün, hansı musiqiləri təmsil edirlər. “Lider”i bağladılar, “Space”də kadr dəyişikliyi etdilər ki, bayağı musiqilər olmasın. Hanı nəticəsi? Bunlar sanki Üzeyir Hacıbəyova deyirlər ki, sən kimsən? Biz yeni Üzeyir bəy gətirmişik. O da Mehdizadədir.

- Hesab edirsiniz ki, adlarını sadaladığınız sənətkarlar da sizin kimi danışsalar, nəticəsi olacaq?

- Əlbəttə, olacaq. Alim Qasımovun oxuduğu hansı muğamıdır? Farsca oxuyur, dərvişlik edir. Bizdə heç bir sənətkar – Xan əmi (Şuşinski-red), Arif Babayev, Əlibaba Məmmədov, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd belə oxumayıb. O vaxtlar Əlibaba Məmmədovla, Habil Əliyev Alim Qasımovala dava edirdilər ki, sən Azərbaycan musiqisi ilə nə oyun çıxarırsan? Bəli, Alim 1992-ci ilə qədər normal oxuyub. Hətta o, oxuyanda, mən ağlamışam. İndi elə bil ki, yasdasan, bu da dərvişlik edir, azan verir. Azanla muğamı qarışdırıb. Mənsum İbrahomov bir dəfə olsun, “indeyski”, “kitayski” boğazlar edib? Ya da ondan sonra gələnlər - Teyyub Aslanov, Babək Niftəliyev, Kamilə Nəbiyeva. Bunlar Azərbaycan musiqisi oxuyurlar. İndi respublikanın da başı Qarabağ məsələsinə qarışıb. Mədəniyyət Nazirliyi də Qarabağ söhbətinə üz tutub. Azərbaycan xalqı da Şuşada, orada-burada Alim Qasımovu təmsil edir. Görün, indi biz nə gündəyik. Bəli, dərviş, fars musiqisindən sonra üzeyir mehdizadələr gəldi, aləm bir-birinə qarışdı. Gəl, indi bundan baş çıxar.

- Bəlkə, ötən 30-40 il sənətlə şou-biznesin yerini səhv salıb, yaxud ikinci birincini sıradan çıxarıb?

- Bilirsiniz, problem nədədir? İyirmi ildir deyirəm ki, Azərbaycan televiziyası və radiosunda bədii şura olmalıdır. Çıxış yolu budur ki, salamat qalan sənətkarları bədii şuraya toplasınlar - Aygün Səmədzadə, Oqtay Rəcəbov, Baba Vəziroğlu olsun. Mən də professional müğənni kimi onların içində yer alım. Çünki Səid Rüstəmov, Tofiq Quliyev, Cavangir Cahangirov, Fikrət Əmirov musiqisindən xəbərdaram. Azərbaycan musiqisi tək beş-on nəfərin əlində deyil. Azərbaycan musiqisinin sahibi də Mədəniyyət Nazirliyi deyil, xalqdır. Xalq da bilir ki, Əli düz danışır. Əməkdar, Xalq artisti adlarını pul verib alıblar. Sonra da deyirlər ki, dövlət bizi tanıyır. Dövlətin heç sizin varlığınızdan xəbəri yoxdur. Mədəniyyət Nazirliyi konsertə kimi yazır, onu da gətirib, oxudurlar. İndi dövlət yazıq nə bilsin ki, sən düz oxuyursan, ya əyri. Onu musiqiçi Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Faiq Sücəddinov, Eldar Mansurov, Cavanşir Quliyev bilir. Biz bilirik, mən, Zaur Rzayev bilir.

- Professional ifaçı olduğunuzu dediniz. Sual yaranır: yaradıcılığınızda hansı yeniliklər var? Xeyli fasilədən sonra sənətə qayıdandan, ifanızda yeni mahnılar eşitmədik. Efirlərdə yalnız köhnə mahnılarınızı oxuyursunuz.

- 2010-cu ildən bu yana on beşə yaxın yeni mahnı oxumuşam.

- Bu mahnılar harada səslənir?

- Heç harada. Siz onları eşitməyəcəksiniz. Çünki onları efirə vermirlər.

- Səbəb nədir?

- Ona görə vermirlər ki, mahnılarımı səsləndirsələr, digərlərini efirə buraxmayacaqlar. Deyəcəklər ki, Əli Mirəliyevi çağırın, gör, nə gözəl oxuyur. Bu yaxınlarda “Gecələr bulaq başı” mahnısını təkrar oxumuşam. Görün, bu mahnını indiki müğənnilər necə oxuyur. Necə biabırçılıq, necə boğazlar edirlər. Bəxtiyar Vahabzadə sözlərə, Elza İbrahimova da musiqiyə “duzunu-istiotunu” qatıb. İndikilər isə elə oxuyurlar ki, mahnı ya “şor”, ya da “şit” alınır. Demirəm ki, gözəl müğənniyəm. Amma professional müğənniyəm. 1972-ci ildən “Dan ulduzu” ansamblının, Səid Rüstəmov adına orkestrin, Mahnı Rəqs Ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti olmuşam. Gülağa Məmmədov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, İslam Rzayev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Rəşid Behbudov, Xan əmi, Müslüm Maqomayev kimi sənətkarlarla çıxış etmişəm.

- Siz 70-80-ci illərdə musiqi meydanında oldunuz, 90-cı illərdə görünmədiniz. Yenidən qayıdandan sonra qalmaqalsız keçinmirsiniz. Bu, xarakterinizdən irəli gəlir, yoxsa sənət və şou-biznes arasında hələ seçim edə bilməmisiniz?

- Siz bu sualı Namiq Qaraçuxurluya verə bilərsiniz. Mən sənətkaram. Sənət yolunda addım-addım irəliləmişəm. Qırxa yaxın xarici ölkədə olmuşam. Beş xarici pasportum var, hamısı dolub, təzəsini açıblar. Elə bilirsiz ki, mən rəhmətlik Səməd Səmədov kimi yerə göydən düşmüşəm? Onlar toylarla, mən isə musiqi ilə addımlamışam. Hüseynağa Hadıyev, Akif İslamzadə də musiqi ilə adımlayıb. Üçümüz də Gülağa Məmmədov və Şövkət Ələkbərovadan sonra Azərbaycan musiqisinə qulluq etmişik. Hanı bizim fəxri adımız? Yoxdur. Olmayacaq da. Çünki yuxarıda oturan alverçilər, fəxri adları pulla satanlar bizi Azərbaycan musiqisində görmürlər. “Şərəf” ordenini şərəfsiz adamlara verirlər. Əksəriyyəti şərəfsizdir, biz onları tanıyırıq. Əlbəttə ki, içində yaxşıları da var. Bundan sonra əlli-yüz il də keçsə, Akif İslamzadə kimi müğənni gəlməyəcək. Heç məndən də olmayacaq. Adımı qalmaqallı qoyublar. Daha demirlər ki, Əli Mirəliyev musiqimizin təmizliyi uğrunda danışır. Bu adam musiqimizin keşikçisidir, təəssübkeşidir. Belə demirlər, çünki bunlara sərf etmir. Verilişə dəvət edirlər, qəsdən mövzu atırlar ki, ara qızışsın. Məndə də uşaqlıqdan bir balaca aqressiya var. Düz sözümü qışqıra-qışqıra deyirəm. Kənardan da elə görünür ki, qalmaqal salmaq istəyirəm. Mənə Jirinovski deyirlər. Jirinovski yox, Əli Mirəliyevəm, azərbaycanlıyam. İçimdə bir üsyan var. Azərbaycan musiqisinə pis günə qoyanlara üsyan edirəm. Məni efirə oxumağa yox, qalmaqala çağırırlar. Axırda da köhnə mahnılarımı oxumaqla kifayətlənirəm. Sonra da adımı qalmaqalçı qoyurlar.

- Azərbaycanda pandemiyaya görə il yarım toylar olmadı. Bu mənada Mirəliyev necə dolanır?

- Hələ pandemiyadan qabaq toylara getmirdim, imtina etmişəm. Səbəb bayağı mahnıların səslənməsi, həmçinin toy zallarının həddən artıq böyük olmasıdır. Restoran sahibləri pul qazanmaq üçün böyük zallar tikiblər, tavan çox hündür olduğu üçün akustika yoxdur. Səs bir-birinə qarışır. Musiqiçilərin hərəsinin qarşısında bir mikrofon, müğənnidə də mikrafon. Elə bilirsən ki, “kolxoz bazarı”na gəlmisən. Bizim vaxtımızda, banket və toy zalları 90-100 nəfərlik olurdu, ağız deyəni, qulaq eşidirdi. Artıq altı-yeddi ildir ki, “ARB” TV-də işləyirəm. Telekanaldan aldığım maaş və pensiyamla dolanram.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qvrwb2

Ən çox baxılan