Filmin çəkilişində güllələnən operatorun işi ilə bağlı daha bir məhkəmə

Alek Bolduin. Foto: DW

Filmin silah üzrə mütəxəssisi 18 ay azadlıqdan məhrum edilib

Çəkiliş meydançasında güllə yarasından ölən operator Qalina Hatçinsin işi ilə bağlı məhkəmə prosesi keçirilib.

Amerikalı aktyor Alek Bolduin 2021-ci ilin oktyabrında “Rust” filminin atışma səhnəsi lentə alınarkən rejissor Joel Souzanı və 42 yaşlı operator Qalina Hatçinsi yaralamışdı.

Qalina Hatçins ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı.

İlkin istintaq zamanı filmin çəkilişlərində saxta odlu silahdan istifadəyə icazə verildiyi bildirilmişdi.

Tapançanın hansı şəraitdə real güllələrlə doldurulduğu və aktyorun rejissorla operatoru vurmasının səbəbləri isə açıqlanmamışdı.

Nyu-Meksiko ştatı məhkəməsinin qərarına əsasən, filmin silah üzrə mütəxəssisi Hanna Qutierrez Rid 18 ay azadlıqdan məhrum edilib.

Bu, ştat qanunlarına görə məhkumun ala biləcəyi maksimum cəzadır.

Ona həmçinin 5 min dollar dəyərində cərimə təyin olunub.

Hanna Gutierrez Rid 2024-cü ilin martında adam öldürməkdə təqsirli bilinib.

İttiham tərəfinin dediyinə görə, o, çəkiliş başlamazdan əvvəl silahı yoxlamayıb.

Buna görə də silahda həqiqi patronların olmasını nəzərdən qaçırıb.

Prokuror belə nəticəyə gəlib ki, Hanna çəkiliş meydançasında təhlükəsizlik qaydalarını dəfələrlə pozub, diqqətsiz və düşünmədən hərəkət edib.

Onun hərəkətləri Qalina Hatçinsin ölümünə səbəb olub.

2022-ci il aprelin 22-də Nyu Meksiko ştatının Əməyin Mühafizəsi və Təhlükəsizliyi Tədbirləri Bürosu filmi ərsəyə gətirən “Rust Movie Productions” şirkətinə 136 min 793 dollar cərimə tətbiq edib.

Alek Bolduin hadisədən sonra müsahibələrindən birində operatorun ölümündə özünü günahkar hesab etmədiyini deyib.

Ana səhifəMədəniyyətFilmin çəkilişində güllələnən operatorun işi ilə bağlı daha bir məhkəmə