Ekspert: “Müəllimlər psixoloji testdən keçirilməlidir”

Foto: https://www.arti.edu.az/

Məktəblinin saçı ilə bağlı hər hansı təlimat yoxdur

Almaniyadan deportasiya olunan azərbaycanlı jurnalist Röya Rəfiyeva məktəbdə 11 yaşlı oğluna qarşı “bullinq” (alçaltma, ələsalma, psixoloji terror) edildiyini bildirib.

O, “Facebook” profilində qısnamanın Bakının 116 nömrəli tam orta məktəbinin V sinif rəhbəri Yeganə Qasımova tərəfindən edildiyini qeyd edib.

“Uşaqlarım üç aydan sonra nəhayət, məktəbə başladılar. Almaniyada yaşayanda, 11 yaşlı oğlum Amin saçlarını uzadırdı. Məktəbə sənədi təqdim edəndə, onu lağa qoyub, incitməməkləri üçün səlahiyyətlilərlə bu barədə danışmışam. Cavabında deyiblər ki, mentalitetimiz var, saç olmaz. Sakitcə dinləyib, sonra vəziyyəti izah etmişəm ki, onun hazırda kifayət qədər travması var. Özü ilə yenə danışacağam, istəyərsə, kəsərik, yoxsa məcbur edə bilmərəm”.

Valideyn yazır ki, V sinif rəhbəri Yeganə Qasımova ilə də danışıb. Müəllimdən uşağa adaptasiya olması üçün dəstək istəyib. Xahiş edib ki, digər şagirdlərin oğlunun uzun saçlarına gülməyinə imkan verməsin:

“Müəllim də dedi ki, qısa zamanda uşağın saçını kəsdirin. Mentalitetdən, buranın Avropa olmamağından və Azərbaycan kişisinin necə olmağından danışdı. Mən də soruşdum ki, uzun saçla bağlı məktəbin daxili qaydaları varsa verin oxuyum. Məktəb niyə uşağın savadına yox, saçına-başına baxmalıdır? Bu söhbətlərdən sonra dekabrın 13-də uşaqlar məktəbə gedib. Dəhlizdə həmin sinif rəhbəri oğlumu qardaşının yanından götürüb, sinfə aparıb. Onu sinifə “Tanış olun, uşaqlar, sinfimizə yeni qız gəlib”, formasında təqdim edib. Oğlum da deyib ki, mən qız deyiləm, oğlanam. Bundan sonra sinifdəki reaksiyanı təsəvvür edirsiniz? Müəllim də gülüb və uşağı qucaqlayıb”.

“Uşağı incitmədən cinsini soruşmağı bilməyən pedaqoqun məktəbdə nə iş var?”

Röya Rəfiyeva oğlunun psixoloji vəziyyətinin yaxşı olmadığını qeyd edib. Məsələ ilə bağlı rəsmi şikayət edəcəyini bildirib:

“Uşaq evə gələndən sonra nə qədər ağladı. Ondan dəfələrlə soruşdum ki, dəqiq sinif rəhbərin sənə belə deyib? Çünki o, sənin birinci gün sinifə gələcəyini bilirdi. Müəllim səhv sala bilməz. Çünki övladımın geyimi oğlan üçün olanlardır, “yubka” yox, şalvar (idman forması tipli) geyinib. Uşağı incitmədən cinsini soruşmağı bilməyən pedaqoqun məktəbdə nə iş var?”

Röya Rəfiyeva
Foto: Röya Rəfiyevanın şəxsi arxivi

“Bullinq” hər şeydən əvvəl, bütün dünya ölkələrində müşahidə olunan və müxtəlif səviyyəli tədqiqatlar nəticəsində ortaya çıxan təlim-tərbiyə problemidir. Bullinq güc bərabərsizliyi şəraitində güclü tərəfin zəif tərəfə bilərək və istəyərək, məqsədli və sistemli formada, müəyyən zaman aralıqlarında davamlı olaraq tətbiq etdiyi, qurbanda qorxu, narahatlıq yaradan və ya onu daha ağır davranışlara sövq edən fiziki, sözlü və psixoloji hücumdur.

Qanuna ehtiyac var…

Hüquq müdafiəçisi Sahib Məmmədov Meydan TV-yə deyib ki, Azərbaycanda uşaqlara qarşı qısnama halları qanunla tənzimlənmir. O hesab edir ki, ölkədə belə bir qanuna ehtiyac var.

Bir çox Avropa ölkəsində qısnama halları ilə bağlı sərt qaydalar tətbiq olunur. Bugünlərdə Fransada qəbul olunan qərara əsasən məktəblərdə “bullinq” cinayət sayılacaq.

Qısnama hallarında 3 ilə qədər həbs cəzası və 45.000 avroya qədər cərimə nəzərdə tutur.

Qısnama qurbanı özünü öldürdüyü təqdirdə, cəza 10 ilə qədər, cərimə isə 150.000 avroya qədər artırıla bilər.

Təhsil eksperti Kamran Əsədov Azərbaycan məktəblərində qısnama hallarına çox rast gəlindiyini deyir.

Onun sözlərinə görə, 4472 orta məktəbdə çalışan 151 min müəllimin əksəriyyətində şagirdlərə yanaşmada bu fərq hiss olunur:

“Bu hallar əsasən dərsdən sonra hazırlığa qalan və qalmayan şagirdlərlə qarşı davranışda özünü göstərir. Belə olanda da şagirdin özgüvəni aşağı düşür, özünü yoldaşlarından aşağı hiss edir. Bu da onun davranışının dəyişməsi, özünə qapanması, ünsiyyət probleminə gətirib çıxarır”.

“Xarici ölkələrin üslubu ilə getsək də, davranışımızı ona uyğunlaşdıra bilməmişik”

Ekspertin sözlərinə görə, qısnama hallarının digər səbəbi də işə götürülən müəllimlərin məktəbşunaslığı bilməməkləri ilə əlaqədardır:

“Bu, daha çox işə müsabiqə və müsahibə yolu ilə qəbul olan müəllimlərlə yaşanır. Onlar işə qəbul prosesində ancaq ixtisasları üzrə hazırlışdığından şagird psixologiyasından az məlumatlı olurlar. İşə götürən zaman müsahibədə psixoloqun iştirakı vacibdir”.

Kamran Əsədov
Foto: Kamran Əsədovun şəxi arxivindən

Kamran Əsədovun fikrincə, digər ən əsas yanlış isə müəllimlərin bütün şagirdlərin təhsilə eyni reaksiya verməsi ilə əlaqədardır:

“Hər uşaq eyni potensiala sahib deyil. Müəllim əksinə, oxumaqda çətinlik çəkən şagirdlərə daha artıq tələblər qoyur. Bu, birbaşa aşağı potensiallı şagirdlərin özgüvəninə təsir edir. Həmçinin bir çox halda müəllimlərin bilik və bacarıqlarının yetərli qədər olmaması da onların dərs prosesində kobud, aqressiv olmasına səbəb olur”.

“Hazırda dərs proqramının ağır olduğunu nəzərə alsaq, avtoritar sistemin yararsız olduğunu görərik. Xarici ölkələrin üslubu ilə getsək də, davranışımızı ona uyğunlaşdıra bilməmişik”, – ekspert deyir:

“Məsələn, dərs prosesində Avropanı təkrarlasaq da, davranışda bunu edə bilmirik. Tədrisdə demokratik üslub olmalı, şagirdin fikri nəzərə alınmalıdır. Qışqıraraq uşağın psixologiyasına təsir etmək olmaz. Hər şagirdə yanaşma fərqli olmalıdır. Mütəmadi olaraq, müəllimlərin bilik və bacarıqlarının, onların psixoloji vəziyyətinin yoxlanılması üçün imtahanlar keçirilsə, xoşagəlməz hallar aradan qalxar”.

Müəllimlər psixoloji testdən keçirilirmi?

Psixoloq Taryel Faziloğlu söyləyir ki, Azərbaycan məktəblərinin əksəriyyətində qısnamalar nəticəsində uşaqların özünə qapanması, psixoloji gərginlik və pozuntular yaşaması hallarına çox rast gəlinir. Bu da uşaqlarda gələcəkdə çox ciddi psixoloji fəsadlar yarada bilər:

“Müəyyən yaş dövründə uşaqlarda baş verən fizioloji-hormonal dəyişiklik fonunda onlarda özünütəsdiq, müəyyən mənada özünü göstərmək mərhələsi, belə demək mümkünsə, böhran dövrü yaşanır. Həmin mərhələdə uşaqlar çox ciddi psixoloji travmalar ala bilir. Bu travmalar da ömür boyu şəxsiyyətləri, insan olaraq cəmiyyətdə formalaşmaqlarında ciddi psixoloji pozğunluqlar yaradır”.

Taryel Faziloğlu, Foto: Modern.az

Psixoloq tövsiyə edir ki, qısnama yaşayan uşaqların valideynləri vaxt itirmədən peşəkar psixoloji dəstək alsınlar. Çünki post-travmatik stress pozuntusu qalıcı olduğu zaman daha da dərinləşir.

“Azərbaycanda müəllimlər MİQ (Müəllimlərin işə qəbulu üzrə müsabiqə) vasitəsilə işə qəbul olunanda heç bir psixoloji testdən keçirilmir. Normalda müəllimin psixioloji vəziyyəti mütləq dəyərləndirilməlidir. Çünki o, şagird qarşısına çıxacaq. Bu gün Azərbaycanda müəllimlər arasında şagirdə qarşı psixoloji şiddət, təzyiq yayılmış haldadır”.

“Ola bilsin ki, söz düzgün anlaşılmayıb”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Meydan TV-yə bildirib ki, nizamnamədə şagirdin məktəbə qısa saçla gəlməsi ilə bağlı heç tələb yoxdur:

“Bu məsələdə səliqə-səhmandan söhbət gedə bilər. Uşağın saçı bir az uzundursa, tövsiyə oluna bilər. Məsələ ilə bağlı məktəblə əlaqə saxlamışıq. Bildiriblər ki, uşağa qarşı alçaltmaq məqsədilə yanaşma olmayıb.
Son illər qısnama xüsusilə nəzərdə olan bir məsələdir. Bakı şəhər üzrə Təhsil İdarəsi, həmçinin məktəb psixoloqları buna xüsusi həssaslıqla yanaşır.

Heç bir halda, uşağa elə bir yanaşma olmayıb. Ola bilsin ki, söz düzgün anlaşılmayıb, düzgün qəbul olunmayıb. Məktəbin fəaliyyəti tək təhsil verməklə məhdudlaşmır”.

Bəşarət Məmmədov, Foto: https://mektebgushesi.az/

116 saylı tam orta məktəb rəhbərliyindən münasibət bildirilməyib.
Məktəbin direktoru Gülnaz Kərimova daha öncə bildirib ki, müəllim Yeganə Qasımova 11 yaşlı Amini doğrudan da qıza bənzədib.

Təhsil naziri Emin Əmrullayev 2021-ci ilin martında məktəblərdə zorakılığa qarşı yeni mexanizm hazırlandığını, yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcəyini bildirib.

2019-cu il aprelin 4-də 162 saylı orta məktəbin rus bölməsinin 8-ci sinif şagirdi Elina Hacıyeva “bulling”ə məruz qaldığı üçün özünü məktəbin üçüncü mərtəbəsindən ataraq intihar etmişdi. Onun ölümü ilə bağlı cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda aparılıb.

Cinayət məsuliyyətinə cəlb olunan məktəbin keçmiş direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinib. Səbail rayon Məhkəməsinin hökmüylə ona 2 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

Ana səhifəSosialEkspert: “Müəllimlər psixoloji testdən keçirilməlidir”