Təhsil naziri: Məktəblərdə zorakılığa qarşı yeni mexanizm hazırlanıb

“Bulinqlə mübarizəyə dair 2 min direktora, 4 min müəllimə təlim keçirilib”

Emin Əmrullayev, Foto: Azadlıq Radiosu


“Bulinqlə mübarizəyə dair 2 min direktora, 4 min müəllimə təlim keçirilib”

“Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı, onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir. Ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyətin düzgün qurulması mühüm məsələdir”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” sosial şəbəkəsində yazıb.

Nazir qeyd edib ki, qısnama (bullinq) və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, bu kimi halların araşdırılması və zəruri tədbirlərin görülməsinə dair profilaktika mexanizmləri hazırlanıb: “Məktəbdaxili qısnama halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Yeni mexanizm yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcək”.

Nazir bildirib ki, bullinqlə mübarizəyə dair dörd min müəllimə və iki min məktəb direktoruna təlimlər keçirilib.

O əlavə edib ki, ötən il “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400.000-ə qədər şagirdi əhatə edən “Məktəblinin Dostu” layihəsi keçirilib. Həmçinin müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlər təşkil olunub:

“Hazırda UNİCEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərə nümunədir. Məsələnin bir şəxsdən və ya qurumdan deyil, daha çox müxtəlif tərəflər arasında qurulan əməkdaşlıqdan asılı olduğuna inanır, məktəb, valideyn və geniş ictimaiyyətin bu məsələlərin həllində xüsusi rolu olduğunu qeyd etmək istəyirəm. Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir”.

Ana səhifəXəbərlərTəhsil naziri: Məktəblərdə zorakılığa qarşı yeni mexanizm hazırlanıb