Ermənistanın Baş naziri Nikol Paşinyanın eksklavlar və Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı son açıqlamaları iki ölkə arasında həllini gözləyən ərazi məsələlərini yenidən gündəmə gətirib. Paşinyanın açıqlamalarını Meydan TV-yə şərh edən siyasi şərhçi Elxan Şahinoğlu bildirir ki, əsas məsələ işğal altında qalmış, hazırda məskunlaşmanın olmadığı və dağılmış vəziyyətdə olan Azərbaycan kəndlərinin geri qaytarılmasıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 9-da verdiyi açıqlamada bildirib ki, Ermənistan sərhədlərin delimitasiyası və anklav-eksklav məsələsinin həllində maraqlıdır. O, bunun səbəbi kimi Ermənistanın eksklavı sayılan Artsvaşen (Başkənd) kəndinin hazırda Azərbaycanın nəzarətində olmasını göstərib.
Paşinyan eksklav probleminin həlli üçün iki variant irəli sürüb. Birinci variant ondan ibarətdir ki, SSRİ dağılanda hansı ərazi hansı ölkənin tərkibində olubsa, həmin vəziyyət qorunsun. İkinci variant isə tərəflərin sərhədboyu ekvivalent sahələrin dəyişdirilməsi barədə razılığa gəlməsidir.
Ermənistan Baş naziri əlavə edib ki, hər iki ölkə oxşar infrastruktur problemləri ilə üzləşir. Onun sözlərinə görə, bəzi yaşayış məntəqələrinə gedən yollar sovet dövründə formalaşmış anklav zonalarından keçir və bu, Azərbaycanın bəzi kəndlərinin tam təcrid olunmasına səbəb ola bilər.

Paşinyan bildirib ki, Ermənistan “kim nə götürübsə, onundur” yanaşmasından imtina edib və sülh sazişi ilə yanaşı Alma-Ata Bəyannaməsinin prinsiplərini əsas götürür:
“Ermənistanın ərazisi Sovet Ermənistanının ərazisinə – 29 min 743 kvadratkilometrə, Azərbaycanın ərazisi isə Sovet Azərbaycanına bərabərdir”.
O əlavə edib ki, sərhədlərlə bağlı hər hansı qərar Konstitusiyaya uyğun olaraq xalqın iradəsinin öyrənilməsini tələb edərsə, bu məsələ ilə bağlı vətəndaşlara müraciət edilə bilər.
Paşinyan həmçinin bildirib ki, Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq. O, Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı tələblərini şərh edərkən deyib ki, Yerevan daxili məsələlərini xarici siyasət müstəvisində müzakirə etmək niyyətində deyil.
Ermənistan hökumət başçısının sözlərinə görə, Konstitusiya islahatları hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramının tərkib hissəsidir və seçkilərdə bu proqramı 726 min vətəndaş dəstəkləyib.
Paşinyan layihənin niyə gecikdiyini də izah edib. O bildirib ki, müzakirələr zamanı partiya daxilindən çoxsaylı təkliflər daxil olub və seçki ərəfəsində bunları tam şəkildə qiymətləndirmək mümkün olmadığı üçün layihənin dərcini sonraya saxlamaq qərarına gəliblər.
Baş nazir qeyd edib ki, təkliflərin təqdim olunması mərhələsi başa çatıb, müzakirələr aparılıb və yalnız son bənd üzrə qərar qəbul etmək qalır:
“Dəqiq vaxt deməyəcəyəm, amma ilin sonunadək mətni mütləq dərc edəcəyik”, – Paşinyan belə deyib.
Bakı nə gözləyir?
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bu gün jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkə arasında delimitasiya prosesi davam edir və sərhədin şimaldan cənuba doğru müəyyənləşdirilməsi ilə bağlı razılaşma mövcuddur.

Onun sözlərinə görə, sülh sazişinin yekunlaşdırılması istiqamətində Azərbaycan üzərinə düşən işləri tamamlayıb.
Bayramov delimitasiya prosesi çərçivəsində eksklav kəndlərlə bağlı məsələlərin də həll olunacağını deyib.
Rəsmi Bakının mövqeyinə görə, dörd Azərbaycan kəndi hələ də Ermənistanın nəzarətindədir. Ermənistan isə Gədəbəy rayonu ərazisində yerləşən Artsvaşen (Başkənd) eksklavına nəzarət etmədiyini bildirir.
Bayramov Azərbaycanın əsas gözləntisini də açıqlayıb. O bildirib ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır və sülh sazişi bundan sonra imzalana bilər.
Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, Ermənistan tərəfi bu kəndlərin Azərbaycana qaytarılacağı təqdirdə təhlükəsizliklə bağlı narahatlıq keçirir. Lakin iki ölkə arasında artıq faktiki olaraq sülh mühiti formalaşıb.
Şahinoğlu hesab edir ki, Ermənistanın xarici siyasət kursunda müsbət dəyişikliklər baş verərsə, ilin sonuna qədər həm ticarət, həm də sülh sazişinin imzalanması ehtimalı yüksəkdir. Onun fikrincə, sazişin imzalanması və əməkdaşlığın başlaması ilə müharibə riski böyük ölçüdə aradan qalxa bilər.
“Anklav məsələsi sülh sazişindən sonraya qala bilər”
Elxan Şahinoğlu hesab edir ki, anklav kəndlərin qaytarılması məsələsi sülh sazişindən sonrakı mərhələyə qala bilər.

“Hazırda iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə komissiyalar fəaliyyət göstərir və hər iki tərəfdən sədrlər təyin olunub. Bu danışıqlar çərçivəsində həm sərhədlərin müəyyənləşməsi, həm də uzun illər işğal altında qalan kəndlərin geri qaytarılması məsələsi mütəmadi olaraq gündəmə gəlir”, – deyə siyasi şərhçi bildirib.
Onun fikrincə, problemin həllində keçmiş SSRİ dövrünün xəritələrindən istifadə etmək mümkündür. Çünki həmin dövrdə sözügedən kəndlər rəsmi olaraq Azərbaycanın tərkibində olub.
Bununla yanaşı, Şahinoğlu alternativ variantların da müzakirə oluna biləcəyini deyib. Onun sözlərinə görə, kəndlərin qaytarılması müqabilində tərəflər arasında müəyyən ərazi mübadiləsinin aparılması da istisna deyil.
Elxan Şahinoğlu hesab edir ki, Nikol Paşinyan da belə bir kompromis variantın əleyhinə olmaya bilər.
Qarabağ münaqişəsindən sülh danışıqlarına qədər
Azərbaycan-Ermənistan qarşıdurmasının kökü ötən əsrin 80-ci illərinin sonlarına gedib çıxır. Qarabağ məsələsi ətrafında başlayan gərginlik sonradan iki ölkə arasında genişmiqyaslı müharibəyə çevrildi.
1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini və ətrafındakı yeddi rayonu işğal etdi.
2020-ci ildə baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. 2023-cü ildə keçirilən birgünlük hərbi əməliyyat nəticəsində isə Bakı bütün ərazisi üzərində suverenliyini tam bərpa etdiyini açıqladı. Bundan sonra Qarabağda yaşayan erməni əhalinin böyük hissəsi bölgəni tərk etdi.
2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və qarşılıqlı ərazi iddialarından imtina etməsinin vacibliyi qeyd olunub.
Hazırda sülh prosesində əsas müzakirə olunan məsələlər Ermənistan Konstitusiyasına dəyişikliklər, sərhədlərin delimitasiyası və eksklavlarla bağlı razılaşmanın əldə olunmasıdır.