Əkrəm Həsənov: SOCAR Prezidentin fərmanını pozur

“Bu qədər törəmə və asılı şirkət SOCAR-a niyə lazımdır?”

Source:


“Bu qədər törəmə və asılı şirkət SOCAR-a niyə lazımdır?”

“Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Prezident fərmanına zidd olaraq yaradılmış törəmə və asılı hüquqi şəxslər yaradıb”

Bu iddianı hüquqşünas Əkrəm Həsənov öz “Facebook” səhifəsində yazıb.

SOCAR-ın strukturu Prezidentin 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanı ilə təsdiq edilib. Struktur 11 bənddən ibarətdir: Rəhbərlik; Şura; Audit Komitəsi; Risklərin İdarə Edilməsi Komitəsi;Satınalmalar Komitəsi; Kadrların İdarə Edilməsi Komitəsi; İnformasiya Təhlükəsizliyi Komitəsi; Baş ofis; Filiallar, nümayəndəliklər və hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (İdarələr); Ortaq Neft Şirkətləri və Şirkət tərəfindən yaradılan təsisatlar (törəmə və asılı hüquqi şəxslər); Şirkətin strukturuna daxil olan müəssisələr.

Göründüyü kimi, ilk 9 bənd sırf SOCAR-ın daxili qurumlarını əhatə edir. Son iki bənd isə SOCAR-ın payçısı olduğu digər hüquqi şəxsləri əhatə edir: başqaları ilə birgə payçısı olduğu (10-cu bənd) və müstəsna olaraq yalnız özü payçısı olduğu (11-ci bənd).

Əkrəm Həsənov son iki bəndlə bağlı araşdırma apardığını deyir:

“I. SOCAR-ın başqaları ilə birgə payçısı olduğu hüquqi şəxslər. Fərmanda onlar sadalanmır. Sadəcə vurğulanır ki, söhbət törəmə və asılı hüquqi şəxslərdən gedir. Mülki Məcəllənin 67-68-ci maddələrinə əsasən: törəmə hüquqi şəxsdə SOCAR-a ən azı nizamnamə kapitalının yarıdan çoxu, asılı hüquqi şəxsdə isə 20 faizdən çox pay məxsusdur. Bu hüquqi şəxslərdə digər hüquqi şəxs və ya şəxslər SOCAR-la ortaqdır.

Fərmana görə, bu, hər hansı hüquqi şəxs deyil, yalnız neft şirkətləri ola bilər (yəni qeyri-neft şirkəti və ya fiziki şəxs SOCAR-la birgə hüquqi şəxsdə payçı ola bilməz). SOCAR-ın 2015-ci il üzrə maliyyə hesabatına və istiqrazları üzrə emissiya prospektinə əsasən, onun digər payçıların da payı olduğu aşağıdakı 34 törəmə, asılı və sair hüquqi şəxsləri var (mötərizədə təsis edildiyi ölkə və SOCAR-ın payı göstərilib):

1. SOCAR Turkey Enerji A.Ş. (Türkiyə, 86.99%);

2. Caspian Drilling Company (CDC) (Azərbaycan, 92.44%);

3. SOCAR Energy Georgia LLC (Gürcüstan, 51%);

4. Cooperative Menkent U.A. (Niderland Krallığı, 99.9%);

5. Bakı Gəmiqayırma Zavodu (Azərbaycan, 65%);

6. Socar Polymer LLC (Azərbaycan, 71%);

7. BOS Shelf LLC (Azərbaycan, 90%);

8. Oil and Gas Proservice (Azərbaycan, 30%);

9. Caspian Shipyard Company (Azərbaycan 20%);

10. SOCAR KPS (Azərbaycan, 50%);

11. SOCAR-Construction (Azərbaycan, 97%);

12. Sarmatia (Polşa, 27%);

13. SOCAR Baglan LLC (Azərbaycan, 51%);

14. SOCAR CAPE (Azərbaycan, 51%);

15. SOCAR Foster Wheeler Engineering (Azərbaycan, 65%);

16. SOCAR CNG (Azərbaycan, 51%);

17. SOCAR KBR (Azərbaycan, 51%);

18. AAS − Ekol (Azərbaycan, 50%);

19. SOCAR Fugro (Azərbaycan, 51%);

20. Atəşgah Sığorta Şirkəti (Azərbaycan, 10%);

21. Azərbaycan Qaz Təchizatı Şirkəti (Kayman adaları, 28%);

22. AzLab (Azərbaycan, 50%);

23. Caspian Geophysical (Azərbaycan, 45%);

24. Caspian Pipe Coatings LLC (Azərbaycan, 50%);

25. Cross Caspian Oil and Gas Logistics (Azərbaycan, 34%);

26. Cənubi Qafqaz boru kəməri Hold Co (“SCPC Hold Co.”) (Kayman adaları, 10%);

27. Interfax Azərbaycan (Azərbaycan, 49%);

28. Tankanlagen Mellingen AG (TAMAG) (İsveçrə, 33%);

29. Tanklager Taegerschen AG (TLT) (İsveçrə, 21%);

30. SOGEP AG (İsveçrə, 34%);

31. UBAG AG (İsveçrə, 24%);

32. SAPPRO SA (İsveçrə, 13%);

33. SARACO SA (İsveçrə, 20%);

34. Electrogas Malta (İsveçrə, 33%);

Təbii, bu hüquqi şəxslərin hamısında SOCAR-ın ortaqları yalnız neft şirkətləri deyil. Məsələn, “Atəşgah” Sığorta Şirkətinin, “Interfax Azərbaycan”ın və digərlərinin payçıları sırasında qeyr-neft şirkətləri də var. Bu isə o deməkdir ki, SOCAR Prezident fərmanını pozaraq qeyri-neft şirkətləri ilə ortaq hüquqi şirkətlər yaradıb.

II. SOCAR-ın yeganə payçısı olduğu hüquqi şəxslər. Fərmanda həmin hüquqi şəxslər sadalanır:

1. “Azneft” İstehsalat Birliyi;

2. “Azəriqaz” İstehsalat Birliyi;

3. “Azərikimya” İstehsalat Birliyi;

4. Geofizika və geologiya İdarəsi;

5. “Neft kəmərləri” İdarəsi;

6. “Marketinq və iqtisadi əməliyyatlar” İdarəsi;

7. “Sərmayələr” İdarəsi;

8. “Azərneftyağ” neft emalı zavodu;

9. “Heydər Əliyev adına Neft Emalı Zavodu;

10. Bakı dərin özüllər zavodu;

11. Qaz emalı zavodu;

12. Karbamid zavodu;

13. Sosial İnkişaf İdarəsi;

14. Təhlükəsizlik İdarəsi;

15. “Ekologiya” İdarəsi;

16. “Qaz ixrac” İdarəsi;

17. “İnformasiya Texnologiyaları və Rabitə” İdarəsi;

18. “Neftqaztikinti” tresti;

19. “Kompleks qazma işləri” tresti;

20. “Neftqazelmitədqiqatlayihə” institutu;

21. Bakı Ali Neft Məktəbi;

22. Neft-qaz emalı və neft-kimya kompleksi;

23. Nəqliyyat İdarəsi;

24. Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi.

Bütün bu müəssisələrin hüquqi şəxs statusuna malik olduğunu Vergilər Nazirliyinin saytında da bir-bir yoxlamışam. Göründüyü kimi, SOCAR-ın bəzi idarələri də hüquqi şəxs statusuna malikdir, halbuki Mülki Məcəllənin 54-cü maddəsinə əsasən, idarə hüquqi şəxs deyil. Əslində, Fərmandan onların hüquqi şəxs olduğu irəli gəlmir (sadəcə “müəssisə” adlandırılır), amma SOCAR onları qanuna zidd olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçirib. Əsas məsələ odur ki, hətta SOCAR-ın yanaşmasını belə qəbul etsək, belə çıxır, Fərmanda SOCAR-ın yeganə payçısı olduğu hüquqi şəxslərin qəti siyahısı mövcuddur. Lakin SOCAR-ın maliyyə hesabatında 100 faiz ona məxsus olan daha 9 hüquqi şəxsin adı çəkilir:

1. Azerbaijan (ACG) Ltd (Kayman adaları);

2. Azerbaijan (Shah Deniz) Ltd (Kayman adaları);

3. SOCAR Overseas LLC (BƏƏ);

4. SOCAR Trading Holding (Malta);

5. Azerbaijan (BTC) Ltd (Kayman adaları);

6. SOCAR Energy Holdings AG (İsveçrə);

7. SOCAR Energy Ukraine (Ukrayna);

8. Azerbaijan (SCP) Ltd (Kayman adaları);

9. SOCAR Petroleum QSC (Azərbaycan).

Bu isə o deməkdir ki, SOCAR Prezident fərmanını pozaraq özbaşına-təkbaşına bu hüquqi şəxsləri yaradıb.

Bütün bunlar bir tərəfə, Vergilər Nazirliyinin saytında “SOCAR” adının istifadə edildiyi daha 21 hüquqi şəxsin Azərbaycanda dövlət qeydiyyatına alındığı haqda məlumat var:

1. “SOCAR-NEFTEQAZSTROY” MMC (VÖEN 1700395471);

2. “SOCAR BAĞLAN” QSC (VÖEN 1501502431);

3. “SOCAR-ASM” MMC (VÖEN 1301300771);

4. “SOCAR POLYMER İNVESTMENTS” MMC (VÖEN 2903480131);

5. “SOCAR TRADİNG SA” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ (VÖEN 1700898781) – belə çıxır ki, hansısa ölkədə bu adlı hüquqi şəxs var;

6. “SOCAR-KPŞ” MMC (VÖEN 1700752321);

7. “SOCAR-RODAN” MMC (VÖEN 2001104291);

8. “SOCAR-ÜMİD” MMC (VÖEN 1700878881);

9. “SOCAR-AQŞ” MMC (VÖEN 1700490591);

10. “SOCAR-CSCR” MMC (VÖEN 1701091921);

11. “SOCAR-MEDİA” İCTİMAİ BİRLİYİ (VÖEN 1701395271);

12. “SOCAR GAS OPERATİNG COMPANY” MMC (VÖEN 1701561921);

13. “SOCAR İNVEST” MMC (VÖEN 1701667631);

14. “SOCAR UPSTREAM MANAGEMENT İNTERNATİONAL” MMC (VÖEN 1701656341);

15. “SOCAR MİDSTREAM OPERATİONS” MMC (VÖEN 1701656471);

16. “SOCAR-ABŞERON” MMC (VÖEN 1701807561);

17. “SOCAR-DALĞIC” MMC (VÖEN 1701838191);

18. “SOCAR CAPİTAL” MMC (VÖEN 1701999261);

19. “SOCAR UEYST MENECMENT KOMPLEKS” MMC (VÖEN 1702007291);

20. “SOCAR GPC” MMC (VÖEN 1101420391);

21. “SOCAR-UNİPER” MMC (VÖEN 2903911661).

Böyük ehtimalla bu hüquqi şəxslərdə də SOCAR-ın payı var. Əks halda niyə imkan verir ki, başqaların onun brendindən istifadə etsin? Bu halda ilk sual budur: maliyyə hesabatında və istiqrazların emissiya prospektində onların adı niyə çəkilmir, niyə bu məlumat gizlədilir? Daha sonra: əgər bu şirkətləri başqları ilə ortaq yaradıbsa, həmin başqaları neft şirkəti olmalı idi, bu belədirmi?”

Əkrəm Həsənov deyir ki, SOCAR Prezident tərəfindən müəyyən edilmiş sözügedən məhdudiyyətə riayət etmir: “SOCAR bu hüquqi şəxsləri təkbaşına yaradıbsa, yenə də fərmanı pozub, çünki 100 faiz törəmə hüquqi şəxslərinin siyahısı fərmanda qəti şəkildə müəyyən edilib.

Mən yalnız “SOCAR” sözünü axtarışa verdim. Kim bilir, bəlkə SOCAR-ın başqa adlarla da törəmə və asılı hüquqi şəxsləri var?! Mən axtarışı yalnız bizim Vergilər Nazirliyinin saytında verdim. Kim bilir, bəlkə SOCAR-ın xaricdə də bizə məlum olmayan və hesabatlarında gizlətdiyi törəmə və asılı hüquqi şəxsləri var?!

Ümumiyyətlə, bu qədər törəmə və asılı şirkət SOCAR-a niyə lazımdır? Özü də qanun pozuntusu ilə? Bunların idarə edilməsi və nəzarət axı xeyli vəsait tələb edir. Nəticədə SOCAR-ın külli məbləğdə borcları əmələ gəlir və indi də üzünü əhaliyə tutaraq borc istəyir.

Əslində, mən hələ heç dərinə getmədim, səthi baxışla SOCAR-ın strukturundakı qanun pozuntularını və qeyri-şəffaflığı üzər çıxardım. Hərtərəfli və dərin təhlil yəqin ki, daha ciddi məsələləri üzə çıxardacaq.

Bir neçə dəfə demişəm: hədəf SOCAR deyil. Sadəcə SOCAR-ın simasında problemlərimizi göstərirəm. Qanunçuluq və şəffaflıq olmayan yerdə iqtisadi inkişaf ola bilməz, çünki etimad yoxdur. Etimad qazanmayan şəxsə isə, bir qayda olaraq, heç kəs borc verməz, o cümlədən istiqrazını almaqla”.

SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsi Meydan TV hüquqşünasın iddaları ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.

Ana səhifəXəbərlərƏkrəm Həsənov: SOCAR Prezidentin fərmanını pozur