“Salam, mən Sadıqova Şərqiyyə Habil qızı 1994-cü ildə Bərdə rayonunda anadan olmuşam. Anadangəlmə əliləm (bud-çanaq oynağının displazı), ailəliyəm, 2 övladım var. Övladımın birində autizm spektr pozuntusu var. Mən inanclı bir xanımam”.
Hazırda Bakı İstintaq Təcridxanasında olan Şərqiyyə Sadıqova Meydan TV-yə göndərdiyi məktubuna bu sözlərlə başlayır. O, avqustun 15-də Binə qəsəbəsində saxlanılan 6 inanclı qadından biridir. Həmin gün qadınlar İmam Hüseynin qırx mərasimi ilə bağlı həmin qəsəbədə ehsan paylayıblar və Fələstinlə bağlı şüarlar səsləndiriblər. Onlar qollarına Fələstin bayrağı bağlayıblar və “Fələstinə azadlıq!”, Azərbaycanda baş verən haqsızlıqlara etiraz şüarları səsləndiriblər. Bu zaman polis hücumuna məruz qalıblar.
Bu hadisə zamanı saxlanılan digər qadınlar haqqında Meydan TV-nin “İnanclı qadınlar: “Polislər bizi çılpaq soyundurmaqla hədələdi” materialından oxuya bilərsiz
Şərqiyyə Sadıqovanın bildirdiyinə görə, ehsan paylamaq üçün avqustun 14-də axşam qoğal bişirib göndərib. Avqustun 15-də isə polis onun evinə basqın edib. Həmin günü qadın belə xatırlayır:
“Mən evdə idim. 13:00-dan 16:00-a qədər hazırlıqlarım var idi [ingilis dili üzrə dərslər]. Onlayn hazırlığımı keçəndə “Youtube”dan Şəhla xanım Fərəcovanın tutulduğuna aid video bildirişi gəldi. Həmin gün təxminən 18:00-da polislər evə gəldilər, wi-fi çıxardılar, telefonları yığdılar və evdə axtarışa başladılar. Polisin işinə mane olmadıq, ona görə də sakitlik oldu. Polislər evimə fləş-kartlar, kitablar, disklər atdılar. Sanki sehrbaz idilər. Bir polis başımızı qarışdırırdı, o biriləri öz üzərilərində gətirdiklərini evimizə atırdılar və sanki mənim əşyalarımmış kimi götürürdülər. Mən etiraz etdim, amma əlimdən bir şey gəlmirdi. Düşünürdüm ki, “evdar, əlil və əlilliyi fəaliyyətinə mane olan bir inanclı xanım nə etmiş ola bilər ki, polislər bu cür həngamə ilə gəlib məni aparırlar”.
“Dedilər ki, Fələstin erməniyə kömək edib”
Həmin gün Sadıqova özünün bildirdiyinə görə, Xəzər Rayon Polis İdarəsinə aparılıb və dindirilib.
“Suallardan ilki bu idi ki, əqidəm nədir? Hakimiyyətdən nə istəyirəm? Şəhla xanım Fərəcova ilə əlaqəm nədir? Kart niyə açmışam? – Sadıqova Meydan TV-yə məktubunda yazır. – Mən dövlətimi, bayrağımı, xalqımı sevirəm – dedim. Xalqıma olan dəstəyimdən danışdım. Etirazlarımı dilə gətirdim ki, mən hicablı şəxsiyyət vəsiqəsi istəyirəm və bu, bir çox xarici ölkədə mümkündür. Sosial yardımların şərtlərinin ağır olmasından danışdım. Küçədə butulka yığan uşaqlara, qocalara, qadınlara kömək edilmədiyindən danışdım. Sosial şəbəkələrdə 1 AZN üçün dizini yerə atıb yalvaran analar var ki, uşaqlarının xəstəliklərinə əlac tapmağa çalışır. Onlara yardım edilməsini istədim. Onlar da vətənimin gələcək əsgəri deyilmi? Xalq onlara pul yığıb versə, bu uşaqlar sağalsa, 18 yaşına çatanda necə deyəcəksiniz ki, gəl ,vətənə borcun var. Polislər bildirdilər ki, o uşaqlar xəstə deyil, dələduzdurlar. Fələstin xalqına olan dəstəyimizdən danışdılar. Dedilər ki, Fələstin erməniyə kömək edib. Onlar soruşdular ki, aksiyalara çıxmışammı, yaxud hakimiyyət əleyhinə şüar qaldırmışammı. Bununla bağlı heç nə tapmadılar. Şəhla xanımın İmamın (ə.s) bayrağını qaldırmasını dövlətin əleyhinə olduğunu bildirdilər”.
Sadıqova daha sonra bildirir ki, polis onun əleyhinə bir sübut tapa bilməsə də, Kürdəxanı Təcridxanasına göndərildi:
“Mən idarədə saat 21:00-dan səhər saat 05:00-a qədər dindirildim. Buna görə də mənə protokol verəndə özümdə olmadığıma görə imzaladım. Həm ac idim, həm də uşaqlarımı ağlar qoyub çıxdığım, ilk dəfə polis məntəqəsində ollduğum və bu proseslərin necə getdiyini bilmədiyim üçün imzaladım.
Mən 12 ildir hicab geyinirəm, heç bir qohumumda hicabsız şəklim yoxdur. Mən həbsxanada olanda polislərdə olan telefonumdan şəxsi şəkillərim sosial şəbəkələrdə paylaşıldı. Aytən xanım və mənim barəmdə yalan məlumatlar paylaşıldı. Ən ağırı bizə “İran agenti” adı verdilər. Niyə bu ölkədə haqq sözü deyən, haqqı müdafiə edənlər haqqında yalanlar yayılır və xalq da buna inanır. Bizim xarici pasportumuz olmadığı halda necə agent ola bilərik? Hicablı xanımların hicabsız şəxsi şəkillərini paylaşmaqla nə demək istəyirlər? Buna möminlər niyə susur?
Müstəntiqə etiraz etdim ki, hansı cürətlə hicabsız şəkillərimizi paylaşırsınız? O mənə dedi ki, biz paylaşmamışıq. Əgər sizin şəkillərinizi paylaşsaq camaat sizi öldürər. Çünki siz xainsiniz.
Əgər bir gün Sadıqova Şərqiyyə Habil qızı ölsə bilin ki, onu polislər öldürüb.
Çünki bir düşmənim yoxdur, ölümcül xəstəliyim yoxdur və o polislər bir neçə dəfə digər xanımlara sui-qəsd ediblər. Belə ki, Aytən xanımı və ailəsini maşın vurub, ağır yaralamışdı. Nigar xanımı da maşın vurmuşdu. Mən də iki dəfə ani yayınmaqla qəzadan qaça bilmişəm və tanıdığım bir neçə nəfər sırf maşın qəzalarından yayına bilib. Ən şübhəlisi də budur ki, qəza şəraiti yaradan maşınlar qəfildən sürətlə üstümüzə şığıyıblar. Ancaq yayına bilmişik. Əgər biz, dindar xanımlara hökm oxunsa azadlıqda olan möminlər “Ya Hüseyn” deməsinlər, İmam Hüseynə (ə.s) ağlamasınlar, Zeynəb ə.s-dan utansınlar. Ey iman gətirənlər, iman gətirin”.