DSX: “Atışmada yaralanan 2 əsgərin həyatını xilas etmək mümkün olmayıb”

“Sərhəd Qoşunlarının Komandanı hadisə yerinə ezam olundu”

Source: Telegram


“Sərhəd Qoşunlarının Komandanı hadisə yerinə ezam olundu”

Mayın 15-də 3 nəfər naməlum şəxs Yardımlının Gendərə kəndi yaxınlığında dövlət sərhədini pozmağa cəhd edib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən “report”a verilən məlumatda belə deyilir.

Bildirilir ki, hadisə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb: “Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıblar. Sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb”.

Məlumata görə, hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddə aşkarlanıb: “Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir”.

DSX-dən bildiriblər ki, İran İslam Respublikasının vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.

Məlumatda qeyd olunub ki, Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına əsasən, DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.

Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verildiyi qeyd olunub.

Ana səhifəSosialDSX: “Atışmada yaralanan 2 əsgərin həyatını xilas etmək mümkün olmayıb”