Meydan TV-nin həbsdə olan jurnalisti Ramin Deko (Cəbrayılzadə) saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından yazısını olduğu kimi təqdim edirik.
Kasıb bir ailədə böyümüşəm. Babamdan qalma beş otaqlı, çiy kərpicli, hər tərəfi yamaq-yamaq olan bir mərtəbəli evimiz məktəbin yanında yerləşdiyi üçün xüsusi idi. Qışı isti, yayı sərin olurdu. Həyətimiz çox böyük, meyvə ağaclarıyla boluydu. Bundan başqa bir özəlliyi yox idi. Ailədə iki qardaş olmuşuq. Bizi bir yerdə görənlər “Antonimlər gəlir” deyirdi. Bir-birimizin əksiydik. Mən qarayanız, o sarışın, mən sakit o dəcəl, mən dərsləri yaxşı oxuyan, o məktəbi sevməyən uşaq. Qardaşım ağlağan idi. İstədiyi bir şeyi anındaca gözlərindən bıldır-bıldır yaş tökməklə əldə edirdi. O, söyüşcül olsa da, yalan danışmazdı, oğurluq etməzdi. Mənimssə dilimdə söyüş olmasa da, oğurluq edər, yalan danışar, özümü təmiz çıxarmaq üçün and içərdim. Şirin və turş nemətləri sevərdim. Hər nə qədər məktəbdə yaxşı oxusam da, dərslərimlə, davranışlarımla nümunəvi olsam da, evdə, bacada yaxşı uşaq deyildim.
Evdə mənim əlimdən pul gizlətmək mümkün deyildi. Harada, necə, nə cür gizlətmələrinin mənası yox idi. Pul lazımdırsa bir-iki dəqiqənin içində tapır, öz haqqımı götürürdüm. Haqqım o dövr üçün 1000 manat, loru dillə desək, “bir məmməd”, indiki məzənnəylə 20 qəpik idi. Günə “bir məmməd”dən artıq oğurlamazdım. Bu mənim saqqız pulum idi. Saqqızı alır, içini uşaqlara verir, ya da tullayır, şəkillərini toplayırdım. İki şəkil üçün hər gün oğurluq edirdim. Heç zaman cinayət başında yaxalanmadım. Nə də valideynlərim bu işi mənim törətdiyimi sübut edə bildilər.
Sadəcə qardaşım kiçik, oğurluq etmək üçün yetkin olmadığına görə gözlər mənə dikilir, günahkar mən olurdum. Döyülsəm də, and içsəm də, yalvarışlar etsəm də, bir daha belə bir işin tutmayacağıma söz versəm də, bütün bunlar mənim üçün sabaha qədər keçərliydi. Səhəri gün yenə iş başında idim. Bəs nədən oğurluq edirdim? Biz kasıb ailəydik: anam məktəbdə kitabxanaçı, atam işsiz bir adam. Ailəmizi anamın cüzi maaşı və onun kiçik ticarətiylə dolanırdı. O üzdən mənə istəklərimi qarşılamaq üçün vəsaət yetmirdi. Pul kitab-dəftərə, pal-paltara, ərzağa gedirdi. Amma bunların mənə aidiyyəti yox idi. Haqqım olanı oğurluqla da olsa əldə edirdim. Əgər məni dünyaya gətiriblərsə, böyüdürlərsə, haqqımı verməliydilər. Verməyəndə də oğurluq baş tuturdu. Mən haqqımı ata-anama belə keçmirdim. Amma mənə lazım olandan artığına tamah salmazdım. Bir dəfə anamın bazarlıq üçün qəpik-qəpik yığdığı pulu (mən tapmayım deyə un kisəsinin içərisində gizlətmişdi) bir neçə saatlıq axtarışdan sonra tapdım. “Növbəti dəfə daha çətin yerdə gizlədərlər” düşüncəsiylə bu dəfə 3 min manat (3 məmməd, yəni 60 qəpik) oğurladım. Ona görə də iki gün oğurluq etmədim. Çünki haqqımı, nəsibim olan məbləğin üç qatını götürmüşdüm. Oğurluğum gündəlik özüm üçün müəyyənləşdirdiyim həddən o yana keçmirdi. Bu mənə Allahdan verilən pay idi. Amma heç zaman nə qonşulardan, nə də qohumlardan evindən nəsə oğurlamadım. Çünki onların mənə borcu yoxuydu. Borcu olan, məni dünyaya gətirən, böyüdən ata-anamıydı ki, haqqımı onlardan bu formada ya tələb edir, ya da oğurluqla əldə edirdim. Gündəlik “bir məmməd” üçün çox döyülmüşəm. Hətta sağ əlimin adsız barmağına anam dağ bassa da (bıçağın tiyəsini qaz sobasında qızdırıb barmağıma basdı) xeyri olmadı. Hər dəfə əlimi pula atanda o dağı görsəm də geri çəkilmirdim.
Dərsləri yaxşı oxuyan, əlaçı şagird, nümunəvi adam, həm də pis işlər görən, oğurluq edən və yalançı bir uşaq idi. Anam evin sirrini kiməsə deməsə də, atam güya öz aləmində məni utandırmaq üçün pis vərdişlərimi qonum-qonşuya söyləyərdi. Amma bütün bunlar mənə kar etməzdi. Əvvəllər oğurluğa görə, yalan danışdığım üçün döyüləndə ağlasam da, yalvarışlar etsəm də, yaş ötdükcə bunları tərgitdim – ağlamaq olmaz. Özü yıxılan ağlamaz”. Həm də ağlamaq, yalvarmaq yaxşı iş deyil.
Mənim bu fəaliyyətim müəyyən yaşa qədər, təxminən 7-ci sinfədək davam etdi. Sonra…
Sonra böyüdüm, bu pis vərdişləri tərgitdim. Anladım ki, valideynlərim biz iki qardaş üçün çalışır, daha yaxşı olmağımız naminə həyatla vuruşurlar.
Artıq uzun illərdir oğurluğa, yalana nifrət edir, şirin və turş ərzaqları sevmirəm. Bu bir peşmançılıq deyil. Qətiyyən! Uşaq ağlımla etdiklərim yaxşı bir əməl olmasa da, bunun üçün zərrə qədər vicdan əzabı çəkmirəm. Zamanı geriyə qaytarsaq, həyatımdan çox şeyləri silərəm, bir çox şeyləri etmərəm, amma atamın cibindən, anamın dolabından, un kisəsinin içindən, sandıqdan, gül dibçəyindən o pulları götürərəm, öz haqqımı oğurluqla əldə edərəm.
Məmin yalana, oğurluğa nifrət etməyimin kökündə həm də bir doymaq durur. O qədər oğurluq etmişəm ki, o qədər yalan danışmışam ki, indi doymuşam.
Doymaq! İnsan zamanında doymağı, şükür etməyi bilməlidir. Bəşər övladı yaranandan oğurlayır, oğurlatdırır, çapır-talayır, yalan danışır, iftira atır, amma dayanmır.
Bir insan özünün olmayanı, yaxud da ona əmanət edilən şeyi oğurlamamalıdır. Bu dini nöqtəyi nəzərdən haram, insani cəhətdən vicdansızlıqdır.
Mən 6 il (6 yaşımdan 12 yaşına dək) oğurluq etdim və bunun üzə çıxmaması üçün yalan danışdum, and içdim. Sonra bundan doydum. Həm də bütün bunları ata-anamdan etdim. Bu nə günah, nə də suçdur. Amma insan özünə aidiyyatı olmayını oğurlayırsa, başqasının malını talayırsa, yalan danışırsa, iftira atırsa və bütün bunlardan doymursa bu günah və böyük suçdur. Doymaq, həm də vaxtında doymaq yaxşı şeydi. Bir gün hər kəsə doymaq nəsib olsun.
Ramin Deko