Dövlət büdcəsindən azad olunmuş ərazilərə ayrılan vəsaitdə ciddi azalma var

Foto: Smile Studio AP\shutterstock

Cari ilin yanvar-mart aylarında işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası işlərinə dövlət büdcəsindən 386,2 milyon manat xərclənib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox azalma deməkdir. Belə ki, 2025-ci ilin birinci rübündə azad olunmuş ərazilərə 812,3 milyon manat vəsait istifadə edilib.

Eyni zamanda, ötən ilin birinci rübündə bu məqsədlə illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi istifadə edildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 11 faiz təşkil edib. Bu, təkcə ayrılan vəsaitin məbləğinin deyil, həm də illik büdcə üzrə icra səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü göstərir.

Cari ilin yanvar-mart aylarında xərclənən vəsaitin əsas hissəsi infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldilib. Belə ki, ilin ilk rübündə bu istiqamətə 355,2 milyon manat ayrılıb. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 682,6 milyon manat təşkil edib.

2026-cı ilin I rübündə infrastruktur layihələrinə ayrılan vəsait aşağıdakı istiqamətlərdə istifadə edilib:

  • avtomobil yollarının layihələndirilməsi və tikintisinə 185 milyon manat,
  • yeni yaşayış binaları və evlərin tikintisinə 142,2 milyon manat,
  • turizm infrastrukturunun yaradılmasına 28 milyon manat.

Xərclərdə əsas ixtisarlardan biri də sosial təyinatlı layihələr üzrə baş verib. Belə ki, ötən ilin yanvar-mart aylarında səhiyyə və mədəniyyət yönümlü sosial tədbirlərə 110 milyon manat ayrıldığı halda, cari ilin ilk rübündə bu istiqamətə cəmi 10,7 milyon manat xərclənib.

Ərazilərin minalardan təmizlənməsi ilə bağlı xərclər isə dəyişməz olaraq qalır – 20,3 milyon manat.

Ümumilikdə, təkcə azad olunmuş ərazilər üzrə deyil, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də azalma müşahidə olunur. Belə ki, 2025-ci ilin I rübündə bu istiqamət üzrə 451,7 milyon manat vəsait xərcləndiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 365,4 milyon manat olub.

Ana səhifəXəbərlərDövlət büdcəsindən azad olunmuş ərazilərə ayrılan vəsaitdə ciddi azalma var