Dövlət Xidməti bir nəfərin ölümü ilə nəticələnən yol çökməsinə görə sahibkarları günahlandırır

Cümşüd Cümşüdlü – Foto: Facebook

Çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib”

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti iyunun 26-da bir nəfərin ölümü ilə nəticələnən yol çökməsi hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, 1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib.

Xidmətin bildirdiyinə görə, qəzaya yolun hər iki tərəfində salınan tikinti materialları bazarı səbəb olub:

“Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, nəinki ərazi boşaldılıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib”.

Xidmət qeyd edir ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar:

“Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üzərinin sahibkarlar tərəfindən taxta parçaları ilə örtülməsi həmin ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib”, – açıqlamada deyilir.

İyunun 26-da Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb. Nəticədə vətəndaş həyatını itirib.

Məlumata görə, həmin ərazidə yol 6 ay əvvəl də çöküb və heç bir iş görülməyib.

Ana səhifəSosialDövlət Xidməti bir nəfərin ölümü ilə nəticələnən yol çökməsinə görə sahibkarları günahlandırır