Əli Kərimlinin mühafizəçisi olmuş Bəhruz Həsənli Ukraynada saxlanılıb

Bəhruz Həsənli. Foto: şəxsi Facebook səhifəsi

Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Psrtiyasının sədri Əli Kərimlinin mühafizəçisi olmuş Bəhruz Həsənli Ukraynanın Xarkov şəhərində saxlanılıb. Onun Azərbaycanın sorğusu ilə saxlanıldığı və ölkəyə ekstradisiya edilə biləcəyi deyilir.

Bəhruz Həsənli sosial şəbəkə hesabında saxlanılması barədə məlumat verib:

“Dostlar, Azərbaycan hökumətinin sorğusu əsasında məni Ukraynanın Xarkov şəhərində saxlayıblar, hal-hazırda polis idarəsinə gedirik”.

Hadisə ilə bağlı “Qəzetçi”yə açıqlama verən Bəhruz Həsənli  barəsində hələ rəsmi ittihamın elan olunmadığını bildirib:

“Mənə qarşı hələlik rəsmi ittiham irəli sürülməyib. Lakin şifahi şəkildə bildirilib ki, Əli Kərimlinin cinayət işi ilə əlaqədar Azərbaycan Baş Prokurorluğu mənim barəmdə Ukraynaya sorğu göndərib. Baş Prokurorluq mənim Azərbaycana ekstradisiyamı istəyir”.

Hadisə ilə bağlı Meydan TV-yə məlumat verən AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Həsənlinin yaxın saatlarda məhkəmə qarşısına çıxarılacağını deyir. Ədilovun bildirdiyinə görə, ona qarşı Azərbaycanda 2021-ci ildə baş vermiş iddia olunan dələduzluq maddəsi ilə axtarış elan olunub:

“2021-ci ildə güman ki, Azərbaycanda hansısa şikayət və dələduzluq iddiası əsasında ona axtarış verilib. Şifahi şəkildə bildirilir ki, güya o, kimdənsə yüz minlərlə vəsait alaraq Əli Kərimliyə çatdırıb. Hələ ki, axtarışla orada saxlayıblar və bir azdan məhkəmə qarşısına çıxaracaqlar”.

Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox partiya üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Ana səhifəSiyasətƏli Kərimlinin mühafizəçisi olmuş Bəhruz Həsənli Ukraynada saxlanılıb