“AbzasMedia işi” çərçivəsində həbs olunmuş Nərgiz Absalamova saxlandığı Lənkəran Penitensiar Kompleksindən yazı yazıb.
Abzas Medianın dərc etdiyi yazını olduğu kimi təqdim edirik:
“Mən 14-15 yaşımdan bəri haymoritdən əziyyət çəkirəm. Lənkəran Penitensiar Kompleksinə köçürüləndən bu yana xəstəliyim ağırlaşıb və yenidən nəfəs almaqda problemlər yaşayıram. Bir neçə il davamlı müalicə aldığım üçün rahat nəfəs ala, dərmansız qala bilirdim. Amma həbsdə sağlamlıq vəziyyətim dəyişdi.
Nəfəs ala bilim deyə “Naftizin” dərmanından istifadə etməyə başladım. Əgər əvvəl hər gecə 1 damcı kifayət edirdisə, indi hər iki saatdan bir oyanıb “Naftizin” istifadə etməli oluram.
Nəfəsim daraldıqca saxlanıldığım kompleksdəki tibbi hissəyə müraciətlərim də çoxalıb. Təxminən 6-7 ay əvvəl Lənkəran Penitensiar Kompleksinin baş həkimi İbrahim Bağırlıya müraciət edib MRT-yə (maqnit-rezonans tomoqrafiyası) ehtiyacım olduğunu, nəticələri həkimimə göstərib müalicə olunacağımı dedim. Uzun müraciət, sorğu və şikayətlərdən sonra baş həkim məni Lənkəran Mərkəzi Xəstəxanasına aparmaq üçün Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət etdiyini dedi.
Aylar keçir, nəfəs almağım get-gedə çətinləşirdi, amma idarədən cavab gəlmirdi ki, gəlmirdi. Dörd ay sonra – mayın 26-da tibbi hissəyə aparıldım. İçəri keçdikdə pasiyentlər üçün nəzərdə tutulan stulda sol tərəfi iflic olan həkim oturmuşdu. İçəridə həkimdən başqa baş həkim İbrahim Bağırlı, Gülşən adlı tibb bacısı və tanımadığım bir kişi də var idi.
İbrahim Bağırlı həkimin başına işığı taxdı, çantasından kəlbətinə bənzər aləti çıxarıb əlinə tutuşdurdu. Həkim xəstəliyimi soruşdu: “Səndə haymoritdir də, hə?” Yaxına oturmağımı istədi: “Bir az da yaxınlaş. Bir az da… Qaldır başını. Bir az da qaldır”.
Mən hündür həkim stulunda, həkim isə alçaq pasiyent stulunda oturub aşağıdan burnuma baxmağa çalışırdı. Nəhayət, kəlbətinə bənzər alətlə burnuma baxıb diaqnozunu qoydu: “Səndə haymoritdir”.
Resept yazmaq üçün qələm istədi. Etiraz etdim ki, belə müayinə ilə düzgün diaqnoz qoyulmur. Mən MRT müayinəsi tələb etdikdə həkim özündən çox əmin bir şəkildə qarşı çıxdı: “Neyləyirik MRT-ni? İndiki həkimlərdir MRT istəyir. O vaxt MRT-filan yox idi. Xoruz banlamırdı, səhər açılmırdı?” Həkimin cavabından duruxub qalıram və bir az sonra soruşuram ki, “Burnuma baxanda necə bilə bilərsiniz hansı dərəcədədir haymorit?” Həkim “dərəcə” sözünü ilk dəfə eşidirmiş kimi təəccüblə üzümə baxıb soruşdu: “Nə dərəcəsi? Əməlli-başlı haymoritsən də”. Daha əvvəl də müalicə aldığım üçün bildiklərimi detallı izah etməyə başladım: “Yüngül, orta, ağır dərəcələri olur. Müalicə də ona uyğun yazılır”. Həkim bir neçə saniyə düşünüb “orta dərəcə” dedi və əlavə etdi: “Ağır olsaydı, tirtap olardın”.
Dediklərimə əhəmiyyət vermədən resept yazmağa başladı. İllərdir “Naftizin” dərmanı istifadə etdiyimi və artıq effekti olmadığını desəm də, reseptə “Naftizin” yazacağını dedi. “O dərman məndə asılılıq yaradıb, mən daha da istifadəni dayandırmalıyam” deyə israr etsəm də, həkim daha çox israr etdi: “Yaxşı dərmandır, mən bütün xəstələrimə bunu yazıram”.
Otaqdakı tanımadığım şəxs məsələnin absurdluğunu anlayıb həkimə izah etməyə kömək etdi. Həkim təslim olub bezginliklə “Naftizin” yazmayacağını dedi: “O zaman əvəzləyicisini yazıram, sadəcə adları fərqlidir”.
Resepti yazdıqdan sonra baş həkimdən rentgen müayinəsinin olub-olmadığını soruşdu. İbrahim Bağırlı rentgendən keçdiyimi, şəklinin isə telefonunda olduğunu, kompleksdən çıxdıqdan sonra göstərə biləcəyini dedi: “Burada kompüterin yaddaşına yazmaq olmur, şəklini telefonla çəkib saxlayırıq”.
Bir xeyli çək-çevirdən sonra həkim MRT-yə göstəriş yazıb sağollaşdı. Tibbi hissədən çıxıb maşına doğru getdik. Baş həkim İbrahim lor həkimin sol qolunu boynuna dolayaraq maşına tərəf gətirməyə çalışırdı. Rəisin növbətçi köməkçisi maşınla əvvəlcə məhkumun aparılmalı olduğunu desə də, buna etiraz etdilər: “Həkimin vəziyyəti daha ağırdır”. Həkim maşınla getdi, mənsə piyada korpusa qayıtdım.
MRT müayinəsi üçün müraciət etdiyim vaxtdan bəri üç fəsil dəyişib. Aparılacağım Lənkəran Mərkəzi Xəstəxanasında bu vaxt ərzində baş həkim işdən çıxarılıb, həkim heyətinin yarıdan çoxu ixtisar olunub. Di gəl ki, hələ də mənim müayinə vaxtım yetişmir.
Baş həkim İbrahim Bağırlı hər dəfə korpusa baş çəkəndə MRT-yə nə zaman aparılacağımı soruşuram. Cavablar isə artıq səssiz formaya keçib. Sonuncu dəfə suallarıma çiyinlərini çəkərək cavab verdi”.