Dondar Quşçu kəndinin 182 sakini İlkin Süleymanovla bağlı Prezidentə müraciət etdi

İlkin Süleymanov, Foto: Fərid İmran

Hakimlər məktubun cinayət işinə əlavə olunmasına qərar verib

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, daha sonra yandırılmış meyitinin tapılmasıyla bağlı araşdırmalar Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir.

Noyabrın 17-də hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında məlum olub ki, Dondar Quşçu kəndinin sakinləri 182 nəfərin imzasıyla Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Onlar bu cinayət işi üzrə iki ilə yaxındır həbsdə olan İlkin Süleymanovun təqsirsiz olduğunu vurğulayaraq, bu işin diqqətdə saxlanmasını, əsl cinayətkarların tapılması üçün kömək istəyiblər.

“İlkin Süleymanovun 2020-ci il yanvarın 10-da tutulması doğru deyil. Biz sakinlər şahidik ki, onu yanvarın 6-da polis şöbəsinə aparıb, bir daha buraxmayıblar”, – kənd sakinləri müraciətdə yazıblar. Onlar vurğulayıb ki, bu, İlkin Süleymanovla bağlı cinayət işindəki yalanlardan sadəcə, biridir.

Məhkəmə qərar verib ki, bu məktub cinayət işinə əlavə olunsun.

Hakim Dadaş İmanov İlkin Süleymanovun atası İbrahim Süleymanovun prezident, vitse-prezident, Baş prokuror, ədliyyə, daxili işlər nazirləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Ombudsman və s. qurumlara ünvanladığı məktubun mətnini də məhkəmədə elan edib.

“Hamıya məlumdur ki, evimizin yaxınlığında yanan meyiti oğlum İlkin Süleymanov görüb. Dərhal qonşulara xəbər verib və ətrafdakıların da köməyilə meyit söndürülüb. Həmin gün oğlumu baş verənləri ilk görən şəxs kimi polis şöbəsinə aparıb, bir daha buraxmayıblar. Onun saxlanmasıyla bağlı heç bir sənədləşmə aparmadan dörd gün ona amansız, ölümcül işgəncələr veriblər. Onun başına vedrə keçirib, küt alətlərlə vurublar, toka veriblər, diz və əllərinin üstündən dubinka ilə döyüblər… Oğlum dözə bilməyib, onların istədiyi ifadəni imzalamağa razılıq verəndə – yanvarın 10-da onun tutulmasını rəsmiləşdiriblər. Ailəmizin müqavilə bağladığı vəkilin onunla görüşməsinə imkan verilməyib. Vəkil yalnız yanvarın 30-da onunla görüşə bilib. Onun müdafiə hüququ kobud şəkildə pozulub”, – İbrahim Süleymanov yazıb.

Atasının sözlərinə görə, İlkin Süleymanovun işi üzrə məhkəmədə indiyə qədər olanlar da onun günahsız olduğunu göstərir:

“Bu cinayətin üstünün açılmasında ən çox maraqlı Nərminin valideynləri olmalıdır. Amma onlar cinayətin açılmasında yox, ört-basdır edilməsində maraqlı görünürlər. Məhkəmədə yalan və ziddiyyətli ifadələr verirlər, suallara dəqiq, düzgün cavab verməkdən yayınırlar. Üç müxtəlif mənbədən əldə olunan sübutlarla (şəxsiyyət vəsiqəsi, tibb məntəqəsindəki qeydiyyat kitabçası) təsdiqlənir ki, Nərmin Quliyevanın qan qrupu IV olub. Meyitin ekspertizasının rəyinə əsasən, onun qanı isə II qrupdur. Meyitin boyu ilə Nərminin boyu uyğun gəlmir. Meyit 142 santimetrdən də uzun adama məxsusdur. Valideynlər tapılmış meyitə baxmaqda maraqlı olmayıb. Bunu özlərinin məhkəmədə verdikləri ifadələr də təsdiqləyir. Bütün bunlar o meyitin Nərmin Quliyevaya aid olmasına ciddi şübhələr yaradır. Meyitin cinsiyyət orqanı yerləşən hissəsi xüsusi olaraq yandırılıb ki, bunun da nəticəsində ekspertiza onun təcavüzə məruz qalıb-qalmadığını müəyyənləşdirə bilməyib. Təhlillər göstərir ki, meyit orada yandırılmamışdan əvvəl də bir dəfə yandırılıb, sonra ora atılıb və orada ikinci dəfə yandırılıb. Əks halda, meyit həm ön, həm də arxa hissədən eyni dərəcədə yana bilməzdi. Çünki bir tərəf üstündə atılmışdı. Üstəlik, təxminən 5 dəqiqə davam edən yanğın nəticəsində meyitin o vəziyyətə düşməsi də mümkün deyildi. Paltarlarla bağlı da ciddi ziddiyyətlər var. Valideynlərin hər biri uşağın əynində olan paltarlarla bağlı fərqli ifadə verir. O həddə yanmış meyitin üstündəki paltarların bir hissəsinin yanmaması da inandırıcı deyil”.
İbrahim Süleymanov məktubun sonunda əlavə edib ki, bütün bunlara baxmayaraq, oğluna bəraət veriləcəyinə, ədalətli qərar çıxarılacağına inamı çox azdır. Bu səbəbdən prezidentdən kömək istəyir ki, bu işi nəzarətdə saxlasın: “Əsl cinayətkarların tapılması, qanunsuzluğa yol vermiş səlahiyyətli şəxslərin cəzalandırılması üçün bu işi diqqətdə saxlamağınızı xahiş edirəm”.

Hakimlər bu məktubun da cinayət işinə əlavə olunmasına qərar verib.

Daha sonra məhkəmədə Nərmin Quliyevanın böyük bacısı Şəbnəm Quliyeva və kiçik bacısı Şəhanə Quliyeva dindirilib.

“Biz bacım Şəbnəmlə məktəbdən gələndə Nərmin artıq evdə idi. O, bizdən təxminən yarım saat, 1 saat əvvəl gəlmişdi. Mən məktəbdən gələndən sonra yatdım, bir də axşam oyananda gördüm ki, evimizdə polislər var”, – hazırda 6-cı sinif şagirdi olan 11 yaşlı Şəhanə Quliyeva bildirib.

Valideynləri məhkəmədə bildirmişdi ki, Nərminin gödəkçə arxasınca əmisigilə gedib, geri qayıtmadığını görəndə onun nənəsi Minayəgildə olduğunu güman ediblər. Bu səbəbdən axşama qədər axtarmayıblar.
Lakin Şəhanə Quliyeva bildirib ki, Minayə nənəsigil xeyli uzaqda yaşayır. Onlar nənəsigilə anasından icazəsiz getməzdi. Həm də hava qaralana qədər qayıdırdılar.

Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Ana səhifəBölgəDondar Quşçu kəndinin 182 sakini İlkin Süleymanovla bağlı Prezidentə müraciət etdi