10 yaşlı qızın qətli ilə bağlı yeni həbs qərarı

“Belə olan halda, onu niyə həbsdə saxlayırlar – bu da başqa bir geniş araşdırma mövzusudur”.

Source: Foto: Meydan TV


Vəkil: “İlkin Süleymanovun bu cinayətə aidiyyəti olmadığı açıq-aşkardır”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, daha sonra yandırılmış vəziyyətdə meyitinin tapılmasıyla bağlı istintaq hələ də davam edir. Baş prokuror bu iş üzrə məsuliyyətə cəlb edilən kənd sakini İlkin Süleymanov haqqında həbs-qətimkan tədbirinin yenidən uzadılması üçün məhkəməyə təqdimat verib. Fevralın 1-də Nəsimi Rayon Məhkəməsində təqdimata baxılıb və İ.Süleymanovun həbsdə saxlanma müddətinin daha dörd ay artırılması haqda qərar çıxarılıb.

İ.Süleymanovun vəkili Əlibaba Rzayev Meydan TV-yə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin həbsdə saxlanma müddətinin artırılması üçün heç bir əsas yox idi. Məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu deyən vəkil apelyasiya şikayəti verəcək.

Vəkil hesab edir ki, istintaq İ.Süleymanovun bu cinayəti törətməsinə dair sübut tapa bilmədiyinə görə proses uzadılır: “Bu iş məhkəməyə göndəriləndə sübutlar da ortaya qoyulmalıdır. İlkin Süleymanovun bu cinayəti törətməsinə dair heç bir mötəbər sübut yoxdur. İstintaqın uzanmasının səbəbi də budur. Bəlkə də fikirləşirlər ki, proses uzandıqca cəmiyyət, media bu işi yaddan çıxaracaq, diqqət azalacaq”.

Digər vəkil Murtuzəli Abbasov da Nəsimi Rayon Məhkəməsinin qərarından narazı qaldıqlarını bildirib: “Təqdimat əsaslı təqdimat deyildi. Təəssüf ki, məhkəmə də onu təmin elədi. Halbuki, məhkəmə prokurorun təqdimatının nə dərəcədə əsaslı olub-olmadığını araşdırmalıdır, həbs müddətini uzaqmaq üçün maddi və prosessual hüquqi əsasların olub-olmadığını müəyyənləşdirməlidir. Amma məhkəmə buna əhəmiyyət vermir, qərarlarını da əsaslandırmır. İndiyədək prokuror İlkin Süleymanovla bağlı nə təqdimat veribsə, hamısı təmin olunub”.

Vəkil əlavə edib ki, İ.Süleymanovun azyaşlının qətlinə aidiyyəti olmadığı açıq-aşkar görünür: “Belə olan halda, onu niyə həbsdə saxlayırlar – bu da başqa bir geniş araşdırma mövzusudur”.

10 yaşlı N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb. Onun yandırılmış halda meyiti yanvarın 6-da elə kənddə tapılıb.

Uşağın qətlində ittiham olunan 1973-cü il təvəllüdlü İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

İ.Süleymanov həbs qərarından apelyasiya şikayətinə baxılanda hakimə bildirib ki, bu cinayətdən xəbərsizdir. Tovuz Rayon Polis Şöbəsində dörd gün işgəncəyə məruz qalandan sonra dözməyərək, etiraf ifadəsinə imza atıb.

İ.Süleymanovun vəkilləri ona işgəncə verilməsi, yanvarın 6-da saxlandığı halda, iş materiallarında tutulma vaxtının 10 yanvar kimi göstərilməsi ilə əlaqədar yerli məhkəmələrə şikayət edib. Lakin bu şikayətlər təmin olunmadığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Baş Prokurorluq isə İ.Süleymanova işgəncə verilməsi barədə iddiaları təkzib edib.

Ana səhifəSosial10 yaşlı qızın qətli ilə bağlı yeni həbs qərarı