Dərdlərini deməyə qızıl balıq arzulayan təngivanlılar…

”İşsizlik, yollar xaraba, qaz yox, məktəb yox, tibbi xidmət yox…”

Source:


”İşsizlik, yollar xaraba, qaz yox, məktəb yox, tibbi xidmət yox…”

“Hərdən fikirləşirəm, işdi, birdən qarşıma qızıl balıq çıxsa, ondan üç şey istərdim: kəndimiz üçün qaz, yol, bir də iş… Adamlar hamar yolla işə gedib-gəlib, aldıqları maaşla qazpulu ödəyib canlarını isitsinlər. Qalan problemləri də, aidiyyəti hökumət qurumlarının insafina buraxardım. Sonra düşünəndə ki, axı xaraba qoyulmuş, gecə-gündüz toyuq fermasının tökdüyü zəhərli, kimyəvi maddələr, toyuq içalatı, lələk, qan və sairə ilə dolu olan çayda nəinki qızıl balıq, heç qurbağa da yaşaya bilməz, onda məyus oluram”.

Dərdini deməyə qızıl balıq arzulayan sadə təngivanlı Eyvaz Hüseynovdur.



Bu kənddən köçünü tutub gedənlər olub

Təngivan Lənkəranın kəndlərindən biridir. 7 il əvvələdək rayonun Rvo kənd inzibati ərazi dairəsinin tərkibində olub. 2011-ci ilin oktyabrında Milli Məclisin qərarı ilə mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılıb və Təngivan da əvvəlki ərazi dairəsinin tərkibindən ayrılaraq yeri ərazi dairəsinin tərkibinə keçib. Dağətəyi kəndi Lənkərançay iki hissəyə bölür – Yuxarı Təngivan çayın sol, Aşağı Təngivan isə sağ qolunda yerləşir.



Ətraf kəndlərə qaz çəkilir, Təngivana yox…

Yuxarı Təngivan sakinləri Meydan TV-yə bildirirlər ki, bu kəndin illərlə çözülməyən çoxlu sosial problemi var. Hansı ki, məhz bu problemlərdən cana doyan əhalinin bir hissəsi çoxdan köçünü tutaraq kənddən gedib. Yerdə qalan hissəsi isə hələ də ümidlə gözləməkdədir. Təngivan sakini sözünə davam edir:

“Yolların xarabalığı, qazın yoxluğu, işsizlik, məktəbin, tibbi xidmətin olmaması, yayda tozanağın, qışda palçığın dizə qalxması, çayların dibinin qazılması… Hansını deyək, hansını sayaq?..”

Kəndin əsas çətinliklərindən biri mavi yanacağa görədir. Kənd sakinlərinin qulağına səs dəyib ki, yaxın vaxtlarda bir neçə yaxın kənd qazlaşdırılacaq. O kəndlərin siyahısında Təngivan yoxdur:

“Bu yaxınlarda eşitdik ki, bizdən bir az aralı olan Şovu və Mollakəndə qaz verməyi planlaşdırıblar. Ancaq bizım Yuxarı Təngivan kəndi də daxil olmaqla azı beş kənd bu qazlaşdırmadan kənarda qalacaq. Halbuki, kəndimiz mərkəzi yolun kənarıboyu yerləşir və qaz borusu da kəndin içindən keçib Lerik istiqamətinə gedir. Yəni ki, bu kəndi asanlıqla qazla təmin etmək olar. Digər tərəfdən də, meşələrimiz çoxdan ac əhali tərəfindən qırılıb. Meşədən əsər-əlamət qalmayıb. Ocaq qalamağa odun tapmırıq”.



Məktəb və tibb məntəqəsi istəyirlər

Kənd sakini Həqiqət Babayeva deyir, hökumət qurumları əhalinin sayını əsas gətirərək kənddə tibb məntəqəsi və məktəb tikmir. Bunun əziyyətini də əhali çəkir:

“İcra başçısı deyir, əhalinin sayı az olduğuna görə, kənddə məktəb, tibb məntəqəsi açmaq mümkün deyil. Əvvəla, kənddə azı 250 sakin var. Hər ailədə də bir neçə uşaq var. İkincisi, başçıdan soruşmaq lazımdır – hanı əhali?.. Kim yaxşı güzəranını atıb qəribliyə gedər? Kənddə heyvandarlıqla məşğul olmağa sahə yoxdur, əkin əkməyə də torpaq münbit deyil. Kimin qapısında bir-iki heyvanı varsa, qatıqdan, süddən düzəldib satır. Uzaqbaşı həyətində kiçik quşçuluq təsərrüfatı yarada bilir. İş də yox, adamlar daşla, torpaqla qidalanmalı deyil ki… Adamlar bezir, üzünü çevirib gedir. Əvvəllər kənddə əhalinin sayı daha çox idi”.



Selin yıxmadığı qədim körpünü bir iş adamı dağıdıb

Kənddən keçən çayın üzərində 3 il əvvələdək qədimdən qalan kiçik körpü olub. O qədər möhkəm olub ki, ən güclü sel də yerindən oynada bilməyib. Əvəzindı körpünü yerindən bir “allah adamı” oynadıb:

“O körpünü bir necə il əvvəl Hacı Mazan adlı bir “allah adamı” yerlə yeksan elədi. Kəndin tən ortasında iki daş karxanası açdı, başladılar çayları viran qoymağa, qaz ki qazasan, qumlardan başqa bütün çayı süpürüb karxanada burnumuzun ucunda üyütdulər. Bu proses indi də davam edir. Körpü də o qazıntıların qurbani oldu. Əlbəttə, biz bunlarla bağlı etiraz da etdik, prezidentə və Mehriban Əliyevaya şikayət də yazdıq, səsimizə səs verən olmadı”.



Yay-qış çayı piyada keçib heyvan otarırlar

Körpü dağılandan sonra kəndlilər özləri köhnə körpünün yerində yenisini tikiblər. Ancaq növbəti sel həmin körpünü yuyub aparıb:

“Bütün Lənkəranboyu, dənizə qədər çay o qədər qazılıb, o qədər süpürülüb ki, qarşısında heç bir maneə qalmayıb. Əslində selin gücünü çayda olan iri daşlar, ağaclar, çayın kiçik qolları zəiflədirdi, indi isə bunları ləğv ediblər, Belə demək olarsa, təbiətin qanunu ciddi şəkildə pozulub, çay da Lerik dağlarından sürət götürüb, qabağına çıxan hər şeyi yuyub apardı. İndi heyvanları otlağa ötürmək üçün soyuqda, yağışda çaya giririk, o taya keçirik”.

Kənddə ATS xidməti də zəifdir. Telefon xətti olsa da, ATS-in kənddən məsafəcə uzaqda yerləşməsi sakinlərin internet xidmətlərindən istifadə etməsinə əngəl yaradır.

Xırda problemlər hər yerdə var

Lənkəran şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin sadaladıqları problemlərin aradan qaldırılması üçün işlər görülür:

“Orda qazlaşma aparılacaq. Əhalisinin sayı 200 nəfər civarındadır deyə məktəb və tibb məntəqəsinə ehtiyac yoxdur. Məktəbyaşlıların sayı çoxalarsa, məktəb də tikilər. Hazırda yaxınlıqdakı kəndə gedirlər. Köçünü tutub gedən yoxdur, sadəcə o kəndin adamları daha çox Rusiyaya üz tuturlar, bazarda alver edib qayıdırlar. Kənddəki problemləri aradan qaldırmaq üçün aidiyyəti qurumlar məlumatlandırılıb. Səfalı, gözəl havası olan kənddir. Xırda problemlər hər yerdə var”.

Ana səhifəReportajDərdlərini deməyə qızıl balıq arzulayan təngivanlılar…