Almaniya kəşfiyyatının keçmiş rəhbərinin Azərbaycanla əlaqəsi araşdırılır

Foto: Mo Photography Berlin\shutterstock

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq Azərbaycan kəşfiyyatı ilə mümkün əlaqələrə görə araşdırılır.

“Der Spiegel”in əldə etdiyi məlumata görə, casusluq şübhəsi ilə həbs edilən keçmiş BND rəhbəri ilə bağlı istintaqda onun Azərbaycan kəşfiyyat xidmətinin əməkdaşı ilə əlaqədə ola biləcəyinə dair dəlillər araşdırılır.

Nəşrin yazdığına görə, Federal Baş Prokurorluq 80 yaşlı Hanninqi keçmiş aparat rəhbəri Manfred D. vasitəsilə məxfi BND sənədləri əldə etməkdə şübhəli bilir.

Müstəntiqlərin versiyasına əsasən, Hanninq həmin sənədlərdən xarici kəşfiyyat xidmətinin əməkdaşı üçün nəzərdə tutulmuş təhlilin hazırlanmasında istifadə edib.

Məlumatların və ya həmin təhlilin həqiqətən xarici tərəfə ötürülüb-ötürülmədiyi isə istintaq çərçivəsində araşdırılır.

“Der Spiegel” həmçinin qeyd edir ki, Hanninqin Azərbaycanla əvvəlki əlaqələri də məlumdur. BND-nin keçmiş rəhbəri Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvü olub.

Hanninq çərşənbə axşamı həbs edilib. O, dövlətə xəyanət xarakterli casusluq, buna cəhd və casusluq şübhələri ilə istintaqa cəlb olunub.

Eyni zamanda, hüquq-mühafizə orqanları onun keçmiş aparat rəhbəri Manfred D.-ni də həbs edib.

İstintaqın hazırkı versiyasına görə, Manfred D. 2022-ci ilə qədər ödəniş müqabilində BND-dən Hanninq üçün minlərlə sənəd, o cümlədən məxfi materiallar əldə edib.

Prokurorlar bildirirlər ki, D. illər ərzində təxminən 2 min sənədi Hanninqə ötürməkdə şübhəli bilinir.

Bu sənədlər arasında yalnız BND daxilində istifadə üçün nəzərdə tutulmuş məxfi materialların, eləcə də Almaniya Kanslerliyinə təqdim edilən yüksək səviyyəli kəşfiyyat brifinqlərinin olduğu bildirilir.

“Süddeutsche Zeitung”un məlumatına görə, həmin materialların bir hissəsi İranın nüvə proqramı və Rusiya ordusu ilə bağlı olub.

Nəşr həmçinin yazır ki, sənədlər arasında Almaniyanın tərəfdaş olduğu xarici kəşfiyyat qurumlarından alınmış və yüksək həssaslıq dərəcəsinə malik məlumatlar da yer alıb.

“Süddeutsche Zeitung”un əldə etdiyi məlumata görə, istintaqın hazırkı mərhələsində işin Rusiya ilə əlaqəli olmadığı bildirilir.

“Bild” qəzetinin məlumatına görə, prokurorlar Hanninqin BND-nin keçmiş əməkdaşından məxfi məlumatlar aldığını və həmin məlumatlardan özünün konsaltinq fəaliyyəti çərçivəsində istifadə etməyi planlaşdırdığını iddia edirlər.

Nəşr yazır ki, istintaqçılar Hanninqin əldə etdiyi materialları sonradan üçüncü tərəflər üçün hazırlanan təhlillərdə istifadə etmiş ola biləcəyini də araşdırırlar.

Hanninqin keçmiş aparat rəhbəri Manfred D.-nin 2026-cı ilin martına qədər BND rəhbərliyinin aparatında çalışdığı bildirilir.

Bu vəzifə ona Almaniyanın ən aktual və həssas kəşfiyyat məlumatlarının bir hissəsinə çıxış imkanı verə bilərdi.

Prokurorluğun versiyasına görə, sənədlərin BND-dən gizli şəkildə çıxarıldığı iddia edilən dövrün əhəmiyyətli hissəsində D. həmin vəzifədə olub.

Hanninqin Federal Ədalət Məhkəməsində istintaq hakimi qarşısına çıxarılması nəzərdə tutulur.

Manfred D.-nin də eyni qaydada hakim qarşısına çıxarılacağı bildirilir.

Almaniya təhlükəsizlik çevrələrində işin mümkün nəticələri ilə bağlı narahatlıq da səsləndirilir.

Mühafizəkar təhlükəsizlik eksperti, deputat Roderix Kizevetter “Handelsblatt”a bildirib ki, BND-nin keçmiş rəhbərinin belə bir iş üzrə həbs edilməsi Almaniyanın tərəfdaş kəşfiyyat xidmətləri ilə münasibətlərinə zərər vura bilər. Onun sözlərinə görə, bu tip casusluq işləri xüsusilə qarşılıqlı etimad baxımından ağır nəticələr doğura bilər.

BND-nin hazırkı prezidenti Martin Yaeger isə bildirib ki, şübhələr üzə çıxan kimi qurum daxilində geniş araşdırma başlanıb.

“Daxili təhlükəsizlik məsələlərində heç bir güzəştə yol verilə bilməz”, – o deyib.

“Der Spiegel”in məlumatına görə, istintaq Hanninqin Azərbaycan kəşfiyyatının əməkdaşı ilə mümkün əlaqəsini və həmin şəxs üçün məxfi məlumatlar əsasında təhlillər hazırlayıb-hazırlamadığını ayrıca araşdırır.

Federal Prokurorluq mediada yayılan bu məlumatları şərh etməkdən imtina edib.

Məsələ ilə bağlı Azərbaycan tərəfi də açıqlama verib. Azərbaycanın Media və Yayım Şurası Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı istintaqda Azərbaycanın adının hallandırılmasını dezinformasiya adlandırıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Almaniya kəşfiyyatının keçmiş rəhbərinin Azərbaycanla əlaqəsi araşdırılır