Deputat: Sülhməramlılarsız sülhü bərpa etmək mümkün deyildi

Müraciətdə qeyd edilib ki, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Azərbaycan torpaqlarının işğalına son qoyulub

Source: google.az


Milli Məclis İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib

“Sosial şəbəkələdə bəzi maraqlı qüvvələr sülhməramlıların bölgəyə gəlməsinə don geyindirməyə çalışırlar. Sülhməramlıların bölgəyə gəlişi gözlənilən idi. Çünki onlarsız sülhü bərpa etmək mümkün deyildi”.

Milli Məclisin noyabrın 13-də keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov belə deyib.

Deputat əlavə edib ki, Azərbaycan bu müharibədən ərazi itkisi ilə deyil, ərazi bütövlüyünü bərpa edərək çıxıb:

"İşğalçı Ermənistan torpaqlarımızdan qovularaq sülhə məcbur edilib. Xalqımız bu möhtəşəm qələbədə yanımızda olduğu üçün qardaş Türkiyəyə, onun Prezidentinə təşəkkürünü bildirir. Çox təəssüflər olsun ki, bu gün sosial mediada sülhməramlıların bölgəyə gəlməsinə məkrli məna qatmaqla çıxışlar edirlər. Amma bu, əbəsdir. Azərbaycan Ordusu Azərbaycan xalqını tarxin yaddaşına qalib xalq kimi həkk edib. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Qarabağ Azərbaycandır”.

Əhliman Əmiraslanov
Əhliman Əmiraslanov

Spiker Sahibə Qafarova bildirib ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub :

“Azərbaycanın ərazi bütövlüyü bununla da təmin ediləcək və məcburi köçkünlər işğaldan azad olunan ərazilərə geri dönəcək. Müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da, geri çəkilməyib. Demək olar ki, hər gün müharibənin dayandırmağı istəyirdilər. Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq”.


“Bu proseslər gələcək nəsillərə saxlanılmadı”

Deputat Siyavuş Novruzov bildirib ki, qələbənin əsasını Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik, siyasi sahədə olan uğurları təşkil edir və Azərbaycanın xalq-iqtidar birliyi də buna dəstək oldu:

Siyavuş Novruzov
Siyavuş Novruzov

“Azərbaycan Ordusunun peşəkarlığı bu proseslərdə aktiv rol oynadı. Dağlıq Qarabağın statusu ilə əlaqədar təqdim edilən bütün sənədlər ortadan qalxdı”.

Deputat əlavə edib ki, əldə olunan uğur – Azərbaycanın Naxçıvanla quru əlaqəsinin bərpasıdır ki, bununla da türk dünyasını birləşdirən yol açılır:

“Bu proseslər gələcək nəsillərə saxlanılmadı. Hüseyn Cavidin “kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” misralarını xatırlayaq. Bunu Ali Baş Komandan etdi”.


Vahid Əhmədov: “Azərbaycanın səfiri elə bil Rusiyanın Xarici işlər nazirini əvəz edir”

Deputat Vahid Əhmədov bildirib ki, noyabrın 10-da qəbul edilən bəyanatda Ermənistanın faktiki olaraq, ərazilərdən çəkilməsi barədə faktlar əksini tapıb:

“Azərbaycanın Rusiyadakı səfiri hansısa statusdan danışır. Elə bil Rusiyanın Xarici işlər nazirini əvəz edir. Bu insanlar özü istefa etməlidir. Bütün dövlət məmurları Prezidentin statusla bağlı çıxışını nəzərə almalıdır. Bu bəyanatda müsbət məqamlar çoxdur. 44 gündə bizimlə birlikdə olduğu üçün Türkiyəyə, Türkiyə Prezidentinə, Pakistana və yanımızda olan bütün ölkələrə, ölkə başçılarına təşəkkürümü bildirirəm”.

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat Musa Qasımlı isə bildirib ki, ağzının danışığını bilməyən səfir, məmur yerində oturdulmalıdır: “Bu qələbənin qazanmasında dövlətimizin başçısının fikirlərinə hörmət etməlidir. Çünki dövlətimizin başçısının sərəncamı və fərmanı ilə o vəzifəyə təyin olunub”.

Fazil Mustafa da səfirin fikirlərini tənqid edib.


Fazil Mustafa: İlham Əliyev “Qarabağın fatehi” adını haqq etdi

Deputat Fazil Mustafa bildirib ki, Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərdi:

fazil mustafa 2504.jpg
Fazil Mustafa

“Bu qələbəni başında böyük komandan durduğu üçün qazana bildi. Prezident İlham Əliyev “Qarabağın fatehi” adını haqq etdi”.

Deputat Sabir Rüstəmxanlı da deyib ki, bu döyüşlərin bir qalibi var, o da Ali Baş Komandan İlham Əliyevdir.

Deputat Etibar Əliyev Prezident İlham Əliyevin çıxışlarının çap olunub yayılması ilə bağlı təklif səsləndirib.

Spiker Sahibə Qafarova təklifi dəstəkləyib və bildirib ki, Prezident İlham Əliyevin müharibə müddətində etdiyi çıxışlar Milli Məclisin kitabxanasının təşəbbüsü ilə hazırlanacaq və çap olunacaq.

Milli Məclisin müraciəti: Bəyanatla Azərbaycan torpaqlarının işğalına son qoyulub

İclasda Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.

Müraciəti deputat Nigar Arpadarai təqdim edib.

Nigar Arpadarai
Nigar Arpadari

Müraciətdə qeyd edilib ki, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Azərbaycan torpaqlarının işğalına son qoyulub:

“Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Tarixi ədalət öz yerini tutub. Bu möhtəşəm qələbəyə görə cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Əziz xalqımız sizi böyük qələbə münasibətilə təbrik edirik. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, yaşasın Azərbaycan xalqı, Qarabağ Azərbaycandır!”

Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.

Müraciətin lehinə 87, əleyhinə isə 1 nəfər səs verib.

Ana səhifəSiyasətDeputat: Sülhməramlılarsız sülhü bərpa etmək mümkün deyildi