Demokratik ünsürlər

Xəyalında olduğumuz ölkələrin əksəriyyəti monarxiyadır…

Source:

Hər zaman insanların dediyi bəzi sözlər var ki, onlar “mütləq qayda” kimdi dəyərləndirilir. Hətta elə hərəkətlər var ki, cəmiyyət tərəfindən öz adını artıq alıb. Məsələn, biri əgər ticarət mərkəzlərini yandırmaqdan zövq alırsa, qızı qaçırıb zorlayırsa, əlinə silah alıb günahsız tələbələri universitetdə öldürürsə, bu “insanlıqdan kənar” vəhşilik adlandırılır. Amma ki bu günə qədər insandan kənar hər hansı bir canlının belə şeylər etdiyinə heç rast gəlinməyib. O zaman belə çıxır ki, bunlar hamısı “gül kimi” “insanlığa aid” vəhşilikdir.

Ümumiyyətlə, belə olduqda bir tanıma problemi yaranır. Hal-hazırki anlayışlar milyonlarla insanlar tərəfindən ortaya atılan “sözlərin” bir düzən verilərək ictimai nəzəriyyəyə çevrilməsi nəticəsində yaranıb. Buna görə də cəmiyyət üçün bu anlayışlar ideal olmaq məcburiyyətindədir: “Atalarımız belə deyib”, “Biz belə görmüşük” deməklə də, bunu təsdiqləyirlər. Məhz elə bu səbəbdən də, insanlıq anlayışı “bu xüsusiyyətlərə gürə insanı tanımaq” anlayışlarının təsnifatı ilə formalaşır. Nəticədə, əsl insana aid olanlar “insanlıqdan kənar” adlandırılaraq maraqlı bir paradoks yaradır.

İstənilən nümunə götürsək, anlayışların əksəriyyəti qəribə bir paradoks yaradır. Və çox təəssüf ki demokratiya anlayışı ilə seçki arasındakı əlaqə də belədir, qəribə bir paradoksdur.

Demokratiya tətbiq olunacaq ən çətin anlayışlardan biridir. Anlayış olaraq min illər boyu var olmasına baxmayaraq, bir qurum, institut kimi təxminən 400 ildir ki, genişlənməkdə, inkişaf etməkdədir. Amma hələ də hər kəsin eyni şeyi anlaya biləcəyi bir dəqiqliyə çatmayıb. Düşünmürəm ki, gələcəkdə də çata bilsin.

Durum belə olduqda isə demokratiya haqqında danışanlar, ehkam kəsənlər, demokratiyadan mənfəət əldə etmək fikrində olanların böyük bir əksəriyyəti və onların saldığı mərmər daşlar üzərində gəzənlər demokratiyanı seçkiyə bağlayırlar. Sadə dildə desək: Xalq hər şeyi bilir, təmsilçisini seçir, beləliklə də, milli iradə təcəlli edir, iqtidarı təşkil edənlər milli iradəni də təmsil etdikləri üçün öz fikirlərini, hərəkətlərini xalqın, toplumun hərəkəti, fikri olaraq qələmə vermə haqqına malik olurlar.

Qurulan mexanizmə nümunələrdə baxaq: Fransa prezident və parlament seçkilərində Le Pen və onun partiyası iqtidara gəlsəydi, etnik olaraq Fransa əsilli olmayanlar, Fransa vətəndaşı olmalarına baxmayaraq çox ciddi şəkildə haqlarını itirəcəkdilər, hətta Fransadan çıxarılacaqdılar. Bu baxımdan vəziyyəti dəyərləndirsək, seçki ilə demokratiyanı eyniləşdirməyi atın bir kənara, ziddiyyətli bir duruma gətirən paradoks yaranır. Çünki demokratiya bir ölkənin siyasi toplumunu yaradan bütün vətəndaşların bərabərliyinə söykənir. Əgər bərabərlik mübahisə mövzusu deyilsə, seçkilər də mənasızlaşar. Ancaq səs çoxluğu bu qanunu hər zaman hər yerdə pozub. O halda seçkinin anti-demokratik xüsusiyyətlər daşıdığını demək və sübut etmək mümkündür. Tək bir sübut yetərli olar, zənnimcəI ABŞ prezidenti Amerikan xalqının seçkidə onu dəstəkləməsi, səs çoxluğu iləiqtidara gəlir, amma ona heç səs verməyən iraqlıların əleyhinə və ya lehinə qərar qəbul edə bilir.

Başqa bir mühüm məsələ isə budur: Deyilənin əksinə, seçki milli iradəni təcəlli etdirməz. Əksinə bir partiyanın, bu partiya içindəki dominant siyasətçinin və bir liderin iradəsini həyata keçirməsini səbəb olur. Bunun milli iradə ilə heç bir əlaqəsi yoxdur.

Seçkidə səs verənlər cəmiyyət etibarı ilə milli iradənin yaranması yönündə deyil, fərdi, regional, iqtisadi mənfəətlərin, digər bir etnik icmanın əleyhinə həyata keçirərək hərəkət edir. Bu durumda vətəndaşların hüquq bərabərliyi qanunu kökündən sarsılır.

İndi bizim ölkəyə gəlsək, cəmiyyətin əksər hissəsi, bütün əhalini əhatə edən Azərbaycanın problemlərinin həlli üçün deyil, fərdi olaraq dolanışıqları üçün səs verir. “Birdən başqasına səs verdiyimi görüb, işdən atarlar”. “Pensiyamı kəsərlər başqasına səs versəm”. “Mənə lazımdı problem yaransın sonra?” “Gül kimi ölkədə yaşayıram da”. “Gələn guya daha yaxşı olacaq?!” “Bu yenə yeyib-doyub”. Ümumiyyətlə, seçki və demokratiyanın adətən zidd gəlməsinin ən böyük səbəbkarları Azərbaycandakı partiyalardır. Hazırki hakimiyyətin təqsiri isə daha çoxdur. Müxtəlif imtiyazlar, fərqli yanaşmalar, insan haqlarının tapdalanması, oliqarxiya, ailə mənfəəti, qohum və yaxınların yaxşı vəzifədə çalışması, korrupsiya və s. kimi səbəblər vətəndaşlar arasında ayrı-seçkilik yaradır. Bu qədər sözdən sonra belə bir sual yarana bilər: Seçkilər ləğv olunsun? Əlbəttə ki, yox. təklifim seçkilərin demokratikləşdirilməsidir.

Seçkilərin demokratik ola bilməsi üçün hər şeydən əvvəl vətəndaşlar bərabər şərtlərdə olmalıdır. Seçkini anti-demokratik hala gətirən imtiyazlar ləğv olunmalıdır, aradan qaldırılmalıdır. Fərdi, etnik, dini, iqtisadi maraqlar heç bir şəkildə cəmiyyətin quruluşunu zədələyəcək şəkildə olmamalıdır, bütün imtiyazlar ləğv edilməlidir.

Vətəndaşları bərabər olmayan bir cəmiyyətdə seçkilər də anti-demokratik olacaq. Bunu təmin etmək üçün bütün fərqlilikləri əhatə edən bir konstitusiya və bunlara zəmanət verən qanunlar sistemi tərtib olunmalıdır.

Bütün bu “demokratik ünsürlər” təkcə Azərbaycanda deyil, dünyanın çox yerində var. Bu səbəbdən də seçkilər demokratiyanın qarşısındakı əngəllərdən biri kimi qiymətləndirilir. Seçkidən əvvəl müxtəlif videoçarxlar hazırlanır, insanları seçkiyə getməyə səsləyirik, bunun onların hüququ olduğunu deməyə məcbur qalırıq. Heç Qərb ölkələrində belə bir şeylə üzləşmərik. Çünki orda seçkiyə gedən rahat gedib istədiyi namizədi seçir, getməyən isə əmindir ki, başqası gəlib onun yerinə səs verməyəcək. Bu dəyərləri qurmaq üçün çalışmalıyıq, insanları demokratik seçkiyə deyil, demokratik davranışa çağırmalıyıq. Ötən il prezident seçkiləri oldu, hər cür şeyin şahidi olduq. Təqsirkar isə cəmiyyətdir, yəni bizik. Xüsusilə də, aktivistlər. İnsanları seçkiyə səsləmək, hüquqdan falan danışmaq Azərbaycan kimi ölkələrdə çox uğursuz alınır. İnsanları vicdanlı, şərəfli olmağa çağırmaq lazımdır. Başqasının yerinə səs verməyin tərbiyəsizlik olduğunu öyrətmək lazımdır.

Öz davranışlarımızı demokratikləşdirsək əgər, sistem demokratik olmasa belə, daha rahat yaşamaq olar. Guya hansı inkişaf etmiş dövlətin idarəetmə sistemi tam demokratikdir ki?! Hətta bəzilərində seçki ancaq parlamentə aiddir. Xəyalında olduğumuz ölkələrin əksəriyyəti monarxiyadır hətta. Odur ki, davranışlarımızı demokratikləşdirək.

Ana səhifəMənim FikrimcəDemokratik ünsürlər